
Milli Şuranın sədri Cəmil Həsənli
Nə qədər ki, cəbhədə nisbi sakitlikdir Dağlıq Qarabağda ermənilərin özlərini necə azğın aparmasından daha bir sənəd paylaşım. Ötən əsrin 60-cı illərində Dağlıq Qarabağda, xüsusilə, Xankəndində ermənilər arasında millətçi əhval-ruhiyyənin qızışması barədə Azərbaycan rəhbərliyi müxtəlif mənbələrdən məlumatlar alırdı.
Həmin dövrdə Xankəndi (Stepanakert) şəhər sovetinin deputatı, “Qafqaz Santexnika Quraşdırma” trestinin müdiri Xudiyev Kamal Cəmil oğlu 1962-ci il mayın 23-də Azərbaycan Kommunist Partiyasının birinci katibi Vəli Axundova yazırdı:
“Mən 1933-cü ildə Stepanakert şəhərində doğulmuşam. Biz – uşaqlar və gənclər, azərbaycanlılar və ermənilər hər vaxt heç bir söz-söhbət olmadan dostluq edir, oynayır və oxuyurduq. Yalnız son illər DQMV-də milli məsələ çox gərgin həddə gəlib çatıb. Mən qısaca olaraq bu məsələ ilə bağlı bizim partiyanın Mərkəzi Komitəsini məlumatlandırmağı öz borcum hesab edirəm.
Son vaxtlar burada DQMV-nin Ermənistana məxsus olduğu tez-tez eşidilir (Əlcəzair xalqının düşmənlərinin dediyi kimi “Əlcəzair Fransaya məxsusdur”). May ayının 18-də Stepanakert şəhərində mühazirəçi Əddin Şakirzadə və professor Petros Mosesov (Tarix elmləri namizədi Paşa Əliyev və professor Qurgen Antonyan da daxil olmaqla onlar Bakıdan göndərmişdilər DQMV-nin müxtəlif idarə və müəssisələrində xalqlar dostluğu mövzüsunda mühazirə oxumağa. Bakıya döndükdən sonra DQMV-də baş verənlər barədə Azərbaycan KP MK-ya geniş hesabat yazmışdılar) xalqlar dostluğu haqqında mühazirə oxuyarkən “dostluq” sözü xatırlananda arxa sıralarda səs-küy düşür, ayaqlarını döşəməyə döyüb bu sözlərlə yoldaş Şakirzadəni dayandırır “qısa və konkret danışın” deyirdilər.
Bundan sonra yoldaş Şakirzadə öz çıxışını gərgin şəraitdə yekunlaşdıran kimi ona və masa arxasında oturmuş vilayət partiya komitəsinin birinci katibi yoldaş Nikolay Şahnəzərova, ikinci katib yoldaş Qurgen Melkumyana, katib yoldaş Seymur Vəzirova və digərlərinə çoxsaylı suallar verdilər. Bu suallarda qəhrəman Azərbaycan xalqının bütün uğurlarının üstündən xətt çəkilir, ayrı-seçkilik ideyası yayılır və Azərbaycan xalqına qarşı açıq milli nifrət irəli sürülürdü. Bir yoldaş isə yerindən durub dedi: “Bütün söhbətin mənası ondan ibarətdir ki, bizi Ermənistana versinlər”.
Zalda erməni, azərbaycanlı və rus yoldaşlar olduğu üçün yoldaş Şahnəzərov hamı üçün ümumi, anlaşıqlı olan rus dilində danışmaq istədi, lakin “sən çox danışırsan deyib” ona imkan vermədilər. Ona görə o, erməni dilinə keçməli oldu. O, deyəndə ki, bizim xalqlar dostcasına yaşayır, sovet xalqları arasında artıq çoxdan fərqlilik silinib – yenidən səs-küy qopdu, ona mane oldular. Hətta, yoldaş Şahnəzərov ona mane olan adamın zaldan çıxmasını tələb etdi. Yoldaş Şahnəzərov deyəndə ki, tarixi baxımdan Dağlıq Qarabağ həmişə Azərbaycana məxsus olub, onun sözünə etiraz olaraq 300 nəfər “fəhlə” zalı tərk etdi.
Mən geniş alındığına görə hər şeyi yazmaq istəmirəm. Əgər əvvəllər ermənilər arasında millətçilik qapalı xarakter daşıyırdısa, indi artıq açıq, həm də kəskin xarakter daşıyır. Əminəm ki, Siz mənim yazdığımdan daha çox şey bilirsiniz və bunlara qarşı tədbir görəcəksiniz. Xahiş edirəm məktubu almağınız barədə məni xəbərdar edin.” ( Kamil Xudiyevin Vəli Axundova məktubu. 23 May 1962-ci il, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 49, iş 49, vərəq 319-320)