
AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev
Banklar Assosiasiyasının qəbul etdiyi qərar müsbət olsa da, natamamdır. Mərkəzi Bankın tövsiyyəsi ilə qəbul olunmuş yeni qərara görə yalnız şəhid olmuş hərbçilərimizin və düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək. Həmçinin, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması da 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılır… Deməli ki, yaralanmış hərbçilər müharibədən sonra istehlak kreditlərini ödəməli olacaqlar. Yarlanmamış hərbçilərimizin istehlak kreditlərinə isə heç bir güzəşt olmayacaq. Natamamlıq da buradadır. Ön cəbhədə düşmənin başına od ələyən döyüşçülərimizin qərarın təsir dairəsindən kənarda saxlanılmasını sağlam məntiqlə izah etmək mümkün deyil. Axı nəyə görə sağalan kimi dərhal cəbhəyə yollanacaq yaralı əsgər və zabitlərimizin, yaxud da həyatları hər an təhlükədə olan digər döyüşçülərimizin gələcəkdə istehlak krediti, bank faizi ödəmək kimi dərdləri olmalıdır? Düşmənlə üz-üzə gələn, düşmənə ağır itkilər yaşadan, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazan, torpaqlarımızı düşmən əsarətindən azad edən, bununla da millətimizin sevincinə sevinc qatan igidlərimizin heç bir qayğısı olmamalıdır. Vətən uğrunda döyüşçülərimiz öz həyatlarını riskə ata bilirlərsə, banklar da öz pullarını riskə atmaqdan çəkinməməlidirlər. Unutmamalıyıq ki, bu Vətən hamımızındır. Odur ki, Mərkəzi Bankın Banklar Assosiasiyası qarşısında növbəti tövsiyyə ilə çıxış etməsi çox yerinə düşərdi. İstehlak krediti olan bütün əsgər və zabitlərimizin istehlak kreditləri, kredit faizləri və digər ödəmələri tam həcmdə silinməlidir. Belə bir qərarın hal-hazırda döyüşən hərbçilərimizin döyüş ovqatına çox müsbət təsir edəcəyi heç bir şübhə doğurmur.