
Qənimət Zahid
Paşinyan üçün «savaş» və «barış» alternativləri varmı ? Onun «savaş»ının da, «barış»ının da alternativləri yoxdur kimi görünür.
Paşinyanın «sülh danışıqları üçün imkanlar tükənib, münaqişənin diplomatik yolla həlli yoxdur » kimi açıqlamaları doğrudan da, anlaşılmazdır. Sanki, baş nazir dünyanın bütün dillərində, amma yerli erməni auditoriyası üçün bəyanatlar verir. Paşinyanın özü və hökumətinin üzvləri, həm də bütün xarici təmaslarında danışıqlar, atəşkəs kimi məsələlərdən bəhs edir.
Fransada səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan (yeri gəlmişkən, mənə elə gəlir ki, onun adı «Armen» olduğu üçün Ermənistan prezidenti seçiblər) dünən Emmanuel Makronla görüşündə deyib : «münaqişənin dinc yolla həllinin alternativi yoxdur, atəşin kəsilməsi üçün mütləq diplomatik danışıqlar bərpa olunmalıdır».
Ermənistanın «diplomatik danışıqlar imkanı tükənib » deyən baş naziri Nikol Paşinyan ayın 21-də İranın İRNA agentliyinə müsahibəsində deyib : « ATƏT Minsk qrupunun həmsdərləri hərbi əməliyyatların dayandırılması üçün imkanlarını səfərbər etməli, regionda sülh və sabitlik bərpa edilməlidir ». ATƏT Minsk qrupunun həmsədrləri də, bildiyimiz kimi, danışıqları Kalaşnikovla yox, diplomatik dillə aparmalıdırlar və Paşinyanın « diplomatiya tükənib» sözləri ilə İRNA-dakı sözləri daban-dabana ziddiyətlidir.
Belə çıxır ki, Ermənistanın baş naziri daxili auditoriya üçün «savaş»ın, xarici auditoriya üçün «barış»ın alternativinin olmadığını düşünür. Baş nazirin özünün alternativinin olub- olmadığı barədə isə Ermənistan cəmiyyətinin alternativləri yoxdur deyəsən :).