Ermənilər hansı faciəyə uğradıqlarını anlamalıdırlar

Şahvələd Çobanoğlu

/Bircə erməni tapılmadımı buna qarşı çıxsın?/
27 il əvvəl itkin düşmüş iki azərbaycanlı əsgərin azad olunan Füzulidə ayaqları zəncirli halda zirzəmidə tapılması dünəndən hamımızı sarsıtmaqdadır. Yəqin ki, onları qul kimi işlədib, min bir əziyyət verərək, ən pis şəkildə saxladıqlarını təsəvvür etmək belə istəmirik. Təsəvvür etmək belə çətindir.
Amma ən dəhşətlisi odur ki, bu haqda məlumatı olan bütün Ermənistanda bir nəfər – qəzetçi, QHT-çi, siyasətçi, ziyalı, zabit, sülhçü, sadəcə, insan bu 27 ildə buna etiraz etmədi, səsini çıxarmadı. Görün nə dəhşətli toplum yaranıb qarşı tərəfdə. Ağlı başında olan, insan olaraq qaldığını deyən neçə erməni bu fakta görə, özlərindən utanıb dəhşətə gələrdi?!
Özgə vaxt deyirdilər ki, “biz vəhşi azərbaycanlılarla bir yerdə yaşaya bilmərik”. Adam bu faktı qabaqlarına qoyub soruşmaq istəyir ki, məgər siz nəyə yaşamaq deyirsiniz? Bəlkə siz ümumiyyətlə yaşamağın nə olduğunu unutduğunuzdan xəbərsizsiniz?
Deyə bilərsiniz ki, xəbərləri olmayıb çoxunun. 10 adam yox, 1000 adam yox, elə bütün Ermənistan bilib ki, belə əsirlər var, hətta təkcə döyüş bölgəsində deyil, Ermənistan ərazisində belə əsirlərin olduğunu biz tərəfdə bilən, güman edənlər olub.
Üstəlik, deyirlər, müstəqil dövlət qurublar. Budurmu dövlətiniz? Bu dövlət hara baxırdı? Bu dövlətin dəyəri budurmu?
İş elə gətirib ki, vaxtilə Ermənistanda əsirlikdə olub, sonradan Qırmızı Xaçın əli ilə dəyişdirilib ölkəmizə gətirilən əsirlərin xeylisini tanımışam. Çoxunun acılı xatirələrini qəzetdə çap etmişəm, çoxu ilə dost olmuşam. Yəqin o yazıları unutmayanlar var.
Onlar müsahibə və söhbətlərində bunu danışırdılar. Deyirdilər ki, çoxlu əsirlər var orada və amansız rəftarla ən ağır işlərdə çalışdırılır, beynəlxalq qurumlardan gizlədirlər. Onlar bunu deyirdi. Hətta redaksiyaya “mənim qohumum sağdır, Ermənistanda işlədildiyini öyrənmişik” deyən bir nəfər də gəlmişdi.
Bunu Ermənistanda bilməyən olubsa, az adam bilməyib. Amma bir nəfərin səsi çıxmayıb. Hamısı da “müstəqil dövlət qurmuşuq” deyib bağırırlar.
Ağlı başında olan ermənilər, əslində, hansı faciəyə yuvarlandıqlarını anlamalı, öz gələcəklərini düşünməlidirlər…
Və bütün azərbaycanlılar bilməlidir ki, bütün hallarda insan olaraq qalmaq, dəyərlərdən qopmamaq, nifrətə əsir olmamaq nə qədər vacibdir. Bir də hər kəs anlamalıdır ki, fərqli fikri söyləyənlərə düşmən kəsilməmək, fərqli fikrin təqibinə etiraz etmək bir ölkə üçün nə qədər vacibdir.