
Sentyabrın 29-da Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, A.Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.
Prezident İ.Əliyev də qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələri, şəhər və kəndləri atəşə tutub. Onun vurğulamasına görə, bunun nəticəsində iki gün ərzində hərbçilər, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb: “Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb…”.
Məlumata görə, İ.Əliyev bildirib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Azərbaycandan “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir: “Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir…”.
Məlumata görə, söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.
Azadlıq radiosu