Bunun bircə adı var: abırsızlıq!

Milli Şura sədri, professor Cəmil Həsənli

Milli Şuranın yüksək idarəetmə orqanının üzvü Tofiq Yaqublu aclığın 12-ci gününü də başa vurdu. Xəstəxanaya köçürülməsinə baxmayaraq, vəziyyət son dərəcə qorxuludur və indi artıq onun sağlamlığı günbəgün deyil, saatbasaat ağırlaşır. Ümidverici bir şey var ki, cəzaçəkmə yerindən fərqli olaraq o, indi xəstəxanada, həkim nəzarətində aclığı davam etdirir. Amma Tofiq Yaqublu City Hospitala köçürülmək üçün aclıq etməyib, ona qarşı törədilmiş açıq həyasızlığa, abırsızlığa və əxlaqsızlığa etiraz olaraq aclıq edib. Tofiq bəy məhz Milli Şuranın üzvü olduğuna və Əliyevlərin kleptokratik, korrupsioner, kriminal ailə-klan hakimiyyətini ardıcıl olaraq sərt tənqid etdiyinə görə padşahın qəzəbinə gəlib, onun “çistka” əməliyyatının ilk hədəfinə çevrilib.

Tofiq bəylə bağlı baş verənlər İlham Əliyevin Milli Şuraya qarşı başladığı son “döyüşün” növbəti bir əməliyyatıdır. Bu son döyüşün birinci mərhələsində Oqtay Gülalıyev sıradan çıxarıldı. O, artıq 11 aya yaxındır ki, koma vəziyyətindədir. Qarabağ döyüşçüsü Tofiq bəyin isə saatbasaat həyatı təhlükəyə doğru gedir.

Biz iki mübarizə yoldaşımızın ölümlə üz-üzə dayandığı bir vaxtda natəmiz hakimiyyətin müxtəlif oyunlarına və bu oyunlarda ələkçinin qıl verəni funksiyasını yerinə yetirən cib müxalifətinin murdar əməlləərinə baş qoşmaq, mövzunu dəyişmək istəmirik. Qısaca olaraq deyim ki, bunlar Amerikada vur-tut 52 min oxucusu olan “Washington Times” adlı məhəlli bir qəzetdə korrupsiya pulları hesabına müxalifətin guya Ramiz Mehdiyevlə birləşib Əliyevlərə qarşı mübarizə aparmasından yazı yazdırırlar. Daha doğrusu yazını Bakıda hazırlayıb ora göndərirlər. Yeri gəlmişkən bunların son illər xaricdə əsas təbliğat ruporu “Jerusalem post” və “Washington Times”-dır. Hər ikisi ilə eyni üsulla işləyirlər. Bu məsələyə sonra qayıdacağıq.

Deməli, necə olur Ramiz Mehdiyevlə 17 il birgə bu ölkəni sökən İlham Əliyev, bir doqquz il də atası Mehdiyevlə birlikdə bu antimilli rejimin dayaqların qurub, Ramiz Mehdiyevə “Şərəf”indən, “Şöhrət”indən, “Heydər Əliyev” ordenindən, akademikliyindən tutmuş qeyri-məhdud səlayhiyyələrə qədər verən İlham Əliyev, amma “W.Times”a yazdırırlar ki, bəs sən demə Ramiz Mehdiyev radikal müxalifətlə İlham Əliyevə qarşı birləşibmiş. Bunun bircə adı var: ABIRSIZLIQ!

Təəssif ki, bu abırsızlığı Əliyev rejimi edir, pul verib “konspirasiya” uydurur, onun parlamentdə bir yer əta etdiyi cib müxalifəti də buna züy tutur, bu züyün səsi də twitterdən çıxır. Bu arada da Milli Şuranın bir üzvü 11 aydır komadadır, digər bir üzvü də ölüm aclığı keçirir. Adamdan soruşarlar, necə olur ki, Ramiz Mehdiyev vaxtı ilə yeganə olaraq sənin sədr müavini olduğun partiyanın təntənəli mərasiminə gəlir, amma Əliyevlərə qarşı bütün qohumlarını, yaxınlarını həbs etdirmiş Əli Kərimli ilə birləşir? Adama deyərlər, Ramiz Mehdiyevin ölkəni idarə etdiyi dövrdə sən həbsdən çıxıb hələ üstəlik kompensasiya da alırsan, amma ölüm aclığı elan etmiş Tofiq Yaqublunun 5 il bundan öncə vəfat edən qızının Avropa Məhkəməsi tərəfindən kəsilmiş kompensasiyası hələ bu günə kimi ödənilmir. Belə şeylər ingilis dilində ərizə verməklə deyil e, bunun üçün İlham Əliyevin Ədalətinə “biət” etmək lazımdır. Biət edəndə nəinki adamın kopensasiyasın ödəyir, hələ partiyasın da qeyri-qanuni şəkildə qeydiyyatdan keçirib bir “generalın” kəramətindən dövlət büdcəsinə oturdurlar.

Ramiz Mehdiyevin qılıncının bütün tərəfləri kəsəndə bizim onun haqqında yadıqlarımızla dediklərimizi yazıya çevirib bir yerə yığsan, İlqar Məmmədovun həbsdən çıxdığı günkü çəkisindən ağır gələr. İndi necə olur ki, İlham Əliyev hakimiyyətinin Ramiz Mehdiyev tərəfindən uzun illər yemlənmiş ağsaq qatırının tərkində oturmaqla sən olursan “islahatçı”, ömrünü İlham Əliyevin Ramiz Mehdiyevlə birlikdə qurduğu kriminal rejimə qarşı mübarizəyə həsr etmiş, hələ də koma da olan Oqtay Gülalıyev, ölüm aclığının 13-cü gününə səksəkəli taleyi ilə qədəm qoyan Tofiq Yaqublu olur “radikal”, “dağıdıcı”. Bax, bu da real abırsızlıqdır!