Lev Tolstoy – “Anlamsız xəyallar”

Bu il, 17 yanvar 1895-ci ildə, rus aristokratiyasının və Rusiyanın70-dən artıq quberniya və oblastının yerli idarəetmə orqanlarının nümayəndələri, ölmüş atasının yerinə keçən yeni, gənc rus imperatorunu təbrik eləmək üçün Peterburqda yığışmışdı.
Rusiyanın bütün quberniyalarından olan bu nümayəndələrin gəlişinə bir neçə ay qalmış, çarın təntənəli təbrik mərasiminin hazırlanması üçün, aylarla gərgin işlər görülmüşdü: təcili yığıncaqlar çağırılmış, burada təkliflər verilmiş, seçkilər keçirilmiş, çəkişmələr olmuşdu; təbəə sadiqliyinin göstəricisi olan formalar düşünmüşdülər, bunun üstündə söz güləşdirmişdilər, hansı hədiyyələrin gətirilməli olduğunu götür-qoy edib bunun üçün də söz güləşdirmişdilər, pul toplamışdılar, şəxsən mərasimə gəlib öz yaşadıqları yerlərin adını səsləndirmək və hədiyyələr vermək xoşbəxtliyinə çatacaq adamların adlarını irəli sürmüş, onları seçmişdilər; bütün bu işlərin sonunda isə, adamlar Rusiyanın bütün bucaqlarından, bir çoxları min kilometrlərlə yol keçib gələrək, əllərində hədiyyələr, əyinlərində yeni tikilmiş mundirlər, düşüncələrində öncədən hazırlanmış təbrik nitqləri olmaqla, çarı, onun xanımını görəcəkləri, onlarla danışa bilmək sevincinə qovuşacaqları anı gözləməyə başlamışdılar.
Beləliklə də, hamı gəlib çıxdı, toplaşdılar, gəldiklərini xəbər verdilər, hərəsi bir nazirin qəbuluna getdilər, yüksək çinli məmurların onlara qarşı yaratdığı bütün sıxıntıları adladılar, sonda, təntənəli gün yetişəndə, öz hədiyyələrini də götürüb saraya gəldilər. Çoxsaylı kuryerlər, qofmeysterlər, furyerlər, çeremonimeysterlər, kamer-lakeylər, adyutantlar, habelə bu kimi başqaları, onları çağırdılar, ötürdülər, dayanacaqları yerləri göstərdilər və bütün bunlardan sonra gözlənilən təntənəli an gəlib çıxdı, çoxu artıq yaşlı, evli, ağsaçlı, yaşadığı yerlərdə sayılıb-seçilən bu, yüzlərlə adamlar yerlərində donub qalaraq təntənəli mərasimin açılışını gözləməyə başladılar.

Budur, qapı açılır, gödəkboylu, çəlimsiz, mundir geyinmiş gənc bir adam içəri girir və əli ilə qarşısında tutduğu papağına baxaraq danışmağa başlayır, papağın içində onun danışmalı olduğu sözlər yazılmış kağız qoyulmuşdur. Onun danışığının özəti belə idi: “Buraya, təbəəlik sadiqliyini bildirmək üçün gəlmiş bütün təbəqələrin nümayəndələrini görməyimə çox sevinirəm. Keçmişlərdən bu yana, hər bir rus adamına xas olan bu duyğuların səmimiliyinə inanıram. Ancaq, bildiyimə görə, son çağlarda bir neçə yerli idarəetmə orqanlarında, bir sıra adamlar ölkənin idarə olunmasında iştirak eləməklə bağlı anlamsız bir xəyala qapılmış və bunu səsləndirməkdən çəkinməmişlər. Qoy bunu hamı bilsin, mən bütün gücümü və bacarığımı xalqın rifahı üçün çalışmağa qoyaraq, mütləqiyyət hakimiyyətini, mənim unudulmaz atamın qoruduğu kimi, qətiyyətlə qoruyub saxlayacağam”. Gənc çar çıxışının bu yerinə çatanda bir anlıq duruxaraq dilə gətirmək istədiyi: onun hər şeyi öz istədiyi kimi edcəyi, ona kimsənin böyüklük etməyi bir yana qalsın, heç məsləhət də verə bilməyəcəyi kimi düşüncələrinin çox yersiz və anlamsız alındığını və onların deyiliş formasının da ədəbsiz göründüyünü ürəyinin dərinliklərində anlamağa başladığından özünü itirdi və bu şaşqınlığını gizlətmək yerinə, acıqlı və cır səslə qışqırmağa başladı…

Nə baş vermişdi? Buraya xoş niyyətlə gəlmiş adamları belə alçaltmaq nə üçün idi?
Bunun niyəsi belə idi: bir neçə quberniyada, o sıradan Tver (ən başlıcası burada), Tula, Ufa, bir də hansısa başqa quberniyaların birində, yerli idarəetmədə çalışan bir neçə nümayəndə, bir sözlə, idarəçilik adı altında anlamsız yalanları və yaltaqlığı özünə peşə etmiş bu adamlardan bir azı, olduqca qaranlıq və qeyri-müəyyən bir şəkildə, belə bir istəklərinin olduğuna eyham vurmuşdular: yerli idarəetmə orqanlarının öz yaradıldığı məqsədə qulluq etməsi üçün, özlərinin ehtiyacları ilə bağlı çara birbaşa müraciət edə bilsəydilər, bu daha düzgün və daha yaxşı olardı. Bu, yaşlı, ağıllı, təcrübəli adamlar öz eyhamları ilə, çara dövləti hansısa bir ağıllı üsulla idarə etmək imkanı yaratmaq istəklərini dilə gətirmək istəmişdilər, axı insanların yerlərdə necə yaşadığını, onlara nələrin gərək olduğunu bilmədən, onları idarə etməyin mümkün olmadığını kim bilmir, – ancaq idarəetmənin və həyatın nə olduğunu bilməyən gənc çar, onların bu istəklərini anlamsız xəyal adlandırmışdı.

Çar öz çıxışını qurtarandan sonra ortaya bir susqunluq çökdü. Ancaq saray adamları durumu dəyişmək üçün “ura” qışqırışmağa başladılar və zalda olanların da, demək olar hamısı, onlara qoşulub “ura” qışqırdılar.
Bundan sonra nümayəndələr hamılıqla kilsəyə getdilər və orada şükranlıq duası oxudular. Oradakı nümayəndələrdən bir neçəsi mərasimdə “ura” qışqırmadıqlarını və kilsəyə getmədiklərini deyirlər; doğrudan da, belələri olmuşsa da, onların sayı çox azdır və onlar “ura” qışqırmadıqlarını və kilsəyə dua eləməyə getmədiklərini ictimailəşdirməmişlər; ona görə də, nümayəndələrin hamılıqla, ya da böyük çoxluqla, çarın bu söyüş dolu nitqini alqışladığını və bunun ardınca kilsəyə gedib çarın təbrik və hədiyyələri qəbul edəndən sonra, lütf eləyib onları qanmaz uşaqlar adlandırdığına görə, şükranlıq duası oxuduqlarını demək daha düzgün olardı.

Üstündən dörd ay keçsə də, nə çar dediyi bu kobud sözü geri götürməyə gərək duydu, nə də ictimaiyyət onun bu davranışını qınamağa qalxdı (çarı bu danışığına görə qınayan bir anonim məktubdan başqa). Deyəsən, artıq hamılıqla, bunun elə belə də olmalı olduğunu qəbul etmişlər. Yenə də nümayəndələr özlərini alçaltmaq üçün çarın qəbuluna gedirlər, çar isə onların öz qarşısında alçalmalarını olduqca təbii və gərəkli bir iş kimi qəbul edir. Bu azmış kimi, bütün işlər yenə də köhnə məcrası ilə getməkdədir, getdikcə hər şey öncə olduğundan da pis durumlara düşməyə başlamışdır. Gənc çarın düşüncəsizlik və qabalıqla etdiyi uşaqcasına davranışı artıq baş vermiş fakta çevrilmişdir; ictimaiyyət, bütün rus toplumu onun bu təhqirini uddu və indi təhqir edən belə düşünməkdə haqlıdır (o belə düşünməsə də, ən azından bunu duyur): bu ictimaiyyətə nə etsən, yeri vardır, onlarla elə belə də davranmaq gərəkdir və bunun ardınca o, bu ictimaiyyətə qarşı daha böyük qabalıq, təhqir və alçaldıcı davranışlar etməyin mümkün olduğunu düşünməkdə də haqlıdır.

17 yanvardakı epizod iki toqquşan tərəfin biri-birinin güclərini sınayıb bunu dəyərləndirərək, münasibətlərini yenidən qurması anlarından biri sayıla bilər. Burada, bu duruma uyğun gələn, belə bir bənzətməyə baxmaq olar: yaşlı və güclü bir işçi qapının ağzında gücsüz və cılız bir oğlan uşağı ilə, tutalım, usta şagirdi ilə qarşılaşır. Onlar qapıya eyni vaxtda çatdıqlarından, hər birinin içəri birinci olaraq keçməyə haqqı çatır, ancaq sırtıq uşaq işçini köksündən geri itələyir və kobudluqla onun üstünə qışqırır: “Yoldan çıx, zibilin biri!”

Bu, həlledici bir andır: yaşlı işçi oğlan uşağının əlini toxdaqlıqla qırağa itələyib, qapıdan birinci keçmək üçün irəliləyə və ona deyə bilər: “Əzizim, belə hərəkət yaxşı deyildir, mən səndən yaşca böyüyəm, sən gələcəkdə, bir də belə iş tutma”. Yaxud da, bu yaşlı işçi oğlan uşağına yol verib, onun qarşısında papağını çıxara, üzr istəyə də bilər.
Bu adamların sonrakı münasibətləri və mənəvi-əxlaqi durumları bu andan asılıdır. Birinci halda oğlan uşağı ayılacaqdır, ağıllı və xeyirxah olmağa yönələcəkdir, işçi isə, azad və qorxmaz olduğunu göztərəcək, onunla qaba davranışın yolverilməzliyini anladacaqdır; ikinci halda isə, sırtıq oğlan bir az da artıq həyasızlaşacaq, işçi isə daha çox itəatkar və qorxaq olacaqdır.

Rus toplumu ilə çar arasında buna bənzər bir toqquşma baş vermişdi və düşüncəsiz olduğuna görə gənc çar özünün xeyrinə, rus toplumunun ziyanına olan bir hərəkət etmişdi. Rus toplumu bu təhqiri uddu və toqquşma çarın xeyrinə həll olundu. İndi çar daha da artıq qaba olmaqda və bundan sonra rus toplumuna yuxarıdan aşağı baxmaqda büsbütün haqlıdır; rus toplumu bu alçalmağa dözürsə, deməli, qaçılmaz olaraq, özünü alçaldacaq yeni addımlar da ata bilər və atacaqdır, özünü daha da müti və alçaq günlərə salacaqdır. Belə də oldu. Dörd ay keçdi, ancaq çarın bu təhqirinə qarşı heç bir qımıltı belə olmadı, əksinə, indi hamılıqla, ürəkdən, çarın Moskvada keçirələcək tacqoyma mərasiminə hazırlaşırlar, bu gün üçün yeni ikona hədiyyələr və müxtəlif bu kimi axmaq şeylər düzəltməyə başlamışlar, qəzetlərdə isə çarın, igidlik edərək, rus xalqının müqəddəs dəyəri olan mütləqiyyəti qorumasından gen-bol yazılar verilir. Bu azmış kimi, bugünlərdə, bir nəfər sözuyduran da tapılıb ortaya çıxmış, gənc çarı qızışdırmağa çalışaraq, ona məsləhət verməyə ürək etmiş, çarın, dövləti yaxşı idarə etmək üçün xalqın durumunu öyrənməli olduğunu demiş yaramazlarla yumşaq davrandığını anlatmağa başlamışdır; onun deməsindən belə çıxır: çarın, onu öyrətməyə ürək edən və rus xalqının müqəddəs dəyəri olan mütləq monarxiyanı sarsıtmağa çalışan bu adamların dediklərini “anlamsız xəyal” adlandırmasına lüzum yox idi, gərək çar, göy kimi guruldayıb, ildırım kimi çaxıb, bu adamları yandırıb yaxaymış.

Xaricdə nəşr olunan qəzetlərdə (“Times”, “Daily News” və başqalarında) bununla bağlı çıxan məqalələrdə yazırdılar: rus xalqından başqa, hansısa bir Avropa xalqı, öz hökmdarının belə bir danışığını özü üçün təhqir sayardı, ancaq biz ingilislərə bu məsələni öz baxışlarımıza görə araşdırmaq yaramaz: ruslar belə şeyləri sevir və görünür, onlar özlərinə nə gərək olduğunu bizdən yaxşı bilir.
Dörd ay keçdi və rus toplumunun bəlli olan yüksək çevrələrində gənc çarın çox gözəl bir iş gördüyü, necə gərəksə eləcə də etdiyi ilə bağlı rəy formalaşdı. Çarın sayıbilinməz əmisi uşaqları isə onu öyərək deyirlər: “Afərin Niki, afərin sənə, onlara elə belə də lazım idi”.
Beləliklə də, həyat və idarəetmə nəinki köhnə qaydada davam etməyə başladı, üstəlik, bunadək olandan da pis bir duruma düşdü; yenə də, məhkəmə qərarı olmadan baş verən sürgünlər; yenə də uşaqları valideyinlərindən ayırıb hərbi qulluğa göndərmək; həmən dar ağacları, katorqalar, edamlar; həmən gülünc olmağa qədər gedib çıxan senzura, senzorun və ya onun rəisinin doğru saymadığı bütün düşüncələrin yasaqlanması; yenə də xalqın uyuşdurucularla keyləşdirilməsi və başqa vasitələrlə pozğunlaşdırılması.
Rusiyada ndiki durum belədir: 100 milyondan artıq əhalisi olan böyük bir dövlət vardır və bu dövlət bir adam tərəfindən idarə olunur. Bu adam isə təsadüflərdən asılı olaraq təyin olunur, onu, ən yaxşı, təcrübəli və idarəetmə bacarığı olan adamların arasından seçmirlər, dövləti bunadək idarə eləmiş adamın birinci doğulan övladı olduğuna görə bu vəzifəyə təyin edirlər. Bunadək dövləti idarə edən də, birinci doğulmaq təsadüfiliyinə görə, ondan öncəki də, elə bunun kimi təyin olunmuşdu – ancaq onların ulu babası, hakimiyyətə öz gücü ilə gəlmişdi, o, ya seçilərək hakimiyyətə gəlmişdi, ya da özünün çox böyük istedadı ilə bu vəzifəni tutmağa layiq görülmüşdü, yaxud da, çox vaxt olduğu kimi, yamanlıq eləməyi və yalan danışmağı daha yaxşı bacardığı üçün bu mərtəbəyə dırmaşa bilmişdi – belə çıxır, 100 milyonluq bir xalqı idarə etməli olan adam özünün böyük bacarığı və ya yamanlıq etməkdə zirəkliyi, yaxud da bunların iksindən də yararlanaraq hakimiyyətə gəlməyi bacarmış bir adamın nəvəsi, yaxud törəməsi olduğu üçün hakimiyyətə gəlmişdir, – baxmayaraq, o keçmiş hakimin törəməsi olan bu adamın idarəetmədən başı çıxmır, özü də çox anlamaz və pis bir adamdır. Belə bir duruma yol vermək, bu yolla hakimiyyətə gəlmiş adamın xalqın rifahı üçün nəsə yaxşı bir iş görəcəyinə inanmaq, bütün bunlara gözüaçıqlıqla baxanda, doğrudan da anlamsız bir xəyalpərəstlik adlana bilər.
Heç bir ağıllı adam sürücünün fayton sürməyi bacardığını biməyincə onun faytonuna minməz, eləcə də, maşinistin öz işini bacardığını bilməyincə onun sürdüyü qatarla yola çıxmaz, kimlərinsə sürücünün və ya maşıinistin bu işi bacara biləcəyi ilə bağlı rəyi onu faytona və ya qatara minməyə yönəldə bilməz; yaxud da, hansısa paraxodun kapitanı yalnız haçansa bu paraxodun kapitanı olmuş və onu idarə etməyi bacarmış adamın nəvəsidirsə, onun paraxodla bundan başqa heç bir bağlılığı yoxdursa, heçbir ağıllı adam bu paraxodla yola çıxmaq istəməzdi. Heçbir ağıllı adam özünün və ailəsinin taleyini belə bir fayton sürücüsünün, qatar maşınistinin, gəmi kapitanın ümidinə buraxmazdı, ancaq bizlər haçansa hakimiyyət sürməyi bacarmış adamların oğlanlarının, nəvələrinin, qardaşı oğlanlarının heçbir məhdudiyyət tanımayan səlahiyyətlərlə idarə etdiyi dövlətdə yaşayırıq, ən acınacaqlısı isə bu adamlar nəinki pis hakimlərdir, əslində addımbaşı özlərinin adamları idarə etmək üçün heç bir bacarığı olmadığını göstərən kəslərdir. Bax, bu durum, doğrudan da, büsbütün anlamsızlıqdır və belə bir durum yalnız uzaq keçmişlərdə: hakimiyyətə gələnlərin xüsusi, fövqəladə qabiliyyəti olan adamlar olduğu, onları Tanrının hakimiyyət üçün seçdiyi və ilahi seçimə qarşı çıxmağın, bu hakimlərin buyuruğuna boyun əyməməyin bağışlanmaz suç sayıldığı çağlarda formalaşmış geriçi düşüncələrlə doğruldula bilərdi. Ancaq bizim yaşadığımız indiki çağda artıq heç kim bu, hakimiyyətdə olan adamların fövqəladə özəllik daşıyıcıları olduğuna inanmır, indi heç kim hakimiyyətin kimlərəsə ilahi iradənin buyuruğu ilə verilməsinə və bunun irsən keçməli olmasına da inanmır, artıq tarix insanlara ilahi vergi ilə hakimiyyətə gəldiyi deyilən adamların devrilmələrinin, hakimiyyətdən qovulmalarının, edam olunmalırının çoxsaylı örnəklərini göstərəndən sonra, bu kimi uydurmalra inanmaq onsuz da mümkün deyildir – ona görə də, indi hakimiyyətin irsən verilməsini yalnız və yalnız bir arqumentlə doğrulda bilirlər: hakimiyyət başında dayanacaq adamın seçilməsi ölkədə qarışıqlıq və çəkişmələr yarada bildiyi durumlarda, hakimiyyətin irsi yolla verilməsi xalqı bu acınacaqlı durumdan qurtara bilər, habelə, bu sayaq seçilmiş dövlət başçısının səriştəsizliyinə, pozğunluğuna, amansızlığına, xalqın başqa bir durumda düşə biləcəyi ağrı-acıların indiki halda sovuşdurula bilməsi ilə haqq qazandırılır, həm də, bu yolla hakimiyyətə gəlmiş adamların bacarıqsızlığının xalq nümayəndələrinin hakimiyyətdə iştirakı ilə aradan qaldırıla biləcəyi, eyni zamanda xalqın hakimiyyətə bu cür təsirinin, hakimiyyət başında dayanan adamın pozğunluğuna və amansızlığına da məhdudiyyət qoyacağı düşünülür.
Bu gün, hakimiyyətin idaretmə işlərində iştirak etməsi və bununla da onu xalqın xeyrinə məhdudlaşdırmaq istəyinin dilə gətirilməsi, nə qədər qalın bir yaltaqlıq tozu ilə örtülsə də, belə bir fikri ortaya atanlar tapılanda, irsi olaraq aldığı hakimiyyəti kiminləsə bölüşmək istəməyən çar özünün bu düşüncəsini qətiyyət və qabalıqla dilə gətirmişdi: “İstəmirəm, qoymaram. Özüm edəcəyəm.”
17 yanvardakı bu epizod uşaqlarla tez-tez baş verən bir hadisəni xatırladır. Görürsən, uşaq gücü çatmayan bir işdən yapışır. Böyüklər ona kömək etməyə qalxışır, bacarmayacağı bu işi onun yerinə görmək istəyirlər, ancaq uşaq şıltaqlıq edir, cır səslə qışqırır: “Mən özüm, özüm” və bacarmayacağı işi görməyə davam edir; kimsə ona kömək etməyəndə, çox keçmədən uşaq ya əlini yandırır, ya suya yıxılır, ya da burnunu əzir, ağlamağa başlayır və bundan sonra ağlı başına gəlir. Ona görə də, uşağın özbaşına görmək istədiyi iş onun həyatı üçün qorxulu deyilsə, onda onu bu işi görməkdən çəkindirməmək uşağı anladır, ona gələcəkdə ağılsızlıq etməməsi üçün görk olur. Ancaq nə yazıq! görürsən, çox vaxt, belə bir uşağın yanında ona yarınan bir qulluqçu tapılır, uşağın etmək istdiklərinin hamısını onun yerinə edir və uşaq da buna baxıb sevinməyə başlayır, ona elə gəlir, bütün bunları o özü eləmişdir, bununla da o iş görməyi öyrənmir, nəsə etmək istəyəndə də, başqalarına ziyan vurmağa başlayır.
Bu, hökmdarlarla da eyni ilə bunun kimi olur. Birdən, doğrudan da, onlar özləri hər şeyi idarə etsəydilər, bu idarəetmə çox çəkməzdi, onlar elə işin başlanğıcında olduqca böyük nadanlıqlar edər, bununla özlərini gözdən salıb məhv edər, hakimiyyətlərini də itirərdilər və bu da xalq üçün çox yaxşı olardı. Ancaq yazıqlar olsun! Şıltaq uşaqların onların yerinə hər şeyi edən dayələri olduğu kimi, çarların da həmişə belə dayələri olur, – nazirlər, rəislər, öz tutduqları vəzifəni itirməkdən qorxan və buna görə də hakimiyyəti qorumağa çalışan məmurlar bu sıradandır, onlar yalnız çar hakimiyyətinin qeyri-məhdud olduğu durumda işə yaradıqlarını bildiklərindən, özlərinin bu dayəlik qulluqlarını canla-başla yerinə yetirirlər.
Çoxları dövlət işlərini çarın idarə etdiyini sanır və düşünürlər; ancaq bu, yalnız elə düşüncə və təsəvvürlərdə belədir: dövlət işləri yetərincə mürəkkəb olduğundan, çar onları təkbaşına idarə edə bilməz, o yalnzı əlinə gəlib çatan işlərə öz düşüncəsi üzrə yanaşıb onları yoluna qoymaq üçün göstərişlər verə bilər, habelə o, yenə düşüncəsinə arxalanaraq özü üçün köməkçilər təyin edə bilər; bütün bu işləri bir adamın görməsi mümkünsüz olduğu üçün də o, bu işləri təkbaşına görə bilməz. Özlüyündə isə dövlət işlərini idarə edənlər: nazirlər, müxtəlif şuraların üzvləri, bəlli işləri yönətən direktorlar və rəislərdir. Bütün bu nazirlər və başçılar daşıdıqları vəzifələri öz bacarıqlarına görə deyil, müxtəlif dolayı və əyri yollarla, çəkişmələrlə, çox vaxt qadınların köməyi ilə, bir sıra durumlarda isə, qohumçuluq, yarınmaq və təsadüfilik vasitəsi ilə tuturlar. Yaltaqlar və yalançılar, bütün xalqların keçmişində olub-keçmiş mütləqiyyət rejimini rus xalqının özünəməxsus müqəddəs dəyəri kimi tanıdan, çarın təkbaşına və heç bir məhdudiyyət tanımadan hakimiyyət sürməli olduğu ilə bağlı məqalələr yazan bu boşboğazların heç birisi mütləqiyyət idarəçiliyinin necə qurulmalı və çarın təkbaşına bütöv bir xalqı necə idarə etməli olduğu ilə bağlı heçbir aydın söz danışmırlar. Keçmişlərdə, slavyanofillər mütləqiyyətçiliyi təbliğ edəndə, onlar belə bir hakimiyyəti yerli idarəçilikdən ayrı təsəvvür etmirdilər və çoxlu yamanlıqlar törətmiş bu slavyanofillərin xəyalları necə sadəlövh olsa da, ancaq onlar üçün, heç olmasa, çarın mütləq hakimiyyətinin necə olacağı aydın idi və onların düşüncəsinə görə, çar yerli idarəetmə məclislərinin təkliflərini və xalqın iradəsini öyrənməklə öz idarəçiliyini yürütməli idi. Yaxşı, indi hər şeyi özü təkbaşına edəcəyini deyən çar, bu xalq məclisləri olmadan dövləti necə idarə edəcəkdir? Yoxsa o, dövləti Kokand xanı kimi idarə etmək istəyir? Axı bu mümkün olan bir iş deyildir, Kokand xanlığının dövlət işlərini səhər başlayıb günorta olmadan yoluna qoymaq olar, Rusiyada isə, indiki çağımızda dövləti idarə etmək üçün bir gün ərzində onminlərlə qərarlar qəbul edilməlidir. Qərar veriləsi məsələləri kimlər hazırlayır? Məmurlar. Kimdir, bu məmurlar? Onlar öz şəxsi mənfəətlərini təmin etmək üçün hakimyyət idarələrinə soxulmuş adamlardır və onların özləri üçün daha çox pul qazana bilməkdən başqa bir məqsədləri yoxdur. Son çağlar idarəçiliyə soxulmuş bu adamların mənəvi və əqli baxımdan olduqca aşağı səviyyədə olması bütün çılpaqlığı ilə göz önündədir: düzdür, onlar özlərindən öncə olan, iç üzləri açılaraq idarəçilikdən qovulmuş məmurlar kimi dövlətdən gözgörəti oğurluq etmirlər, ancaq, onlar hətta boğazdan yuxarı da olsa belə, dövlət maraqları üçün işlədiklərini göstərməyə çalışmadan, yalnız öz maaşlarının, mənzil və dövlət qulluğu ilə bağlı getdikləri yerlərin yol xərclərini artırmaqdan ötrü çalışır, dövlətdən daha çox pul qoparmaq üçün hər cür cildə girirlər. Ona görə də, dövləti, mütləqiyyətə arxalanan hakimiyyət, onun başında dayanan: xüsusi keyfiyyətləri ilə seçilən, müdrik, satınalınmaz, xalqın sayğısını qazanan birisi idarə etmir, əslində belə bir dövləti, acgöz, hiyləgər, əxlaqsız məmurlar sürüsü idarə edir və onlar heç nə anlamayan və anlamaq gücündə də olmayan, gənc bir uşağı qabağa verib, onun arxasında öz çirkin işlərini görməkdədirlər, habelə bu iyrənc adamlar öz işlərini rahatlıqla görə bilmək üçün, bu anlamaz uşağın da beynini guya onun dövləti yaxşı idarə etdiyi ilə bağlı cəfəng düşüncələrlə doldura da bilmişlər. O da bunların sözlərinə uyaraq, dövləti idarə etməkdə xalq nümayəndələrinin iştirakının heç bir formasına yol verməyəcətini ürəklə dilə gətirərək deyir: “Mən hər şeyi yalnız özüm edəcəyəm”.
Deməli, belə çıxır, biz nə xalqın iradəsi ilə, nə də slavyanofillərin bizə sırımaq istədikləri kimi, bütün çəkişmələrdən və şəxsi maraqlardan yüksəkdə dayanan mütləq hakimiyətli çarın əli ilə idarə olunuruq, biz əslində ən əxlaqsız, hiyləgər, öz şəxsi qazancını güdən, hətta indiyəcən olan idarəçilərdəki kimi, heç bir yüksək soya bağlılığı, habelə ortalıqda olan Durnovların, Krivoşeinlərin, Delyanovların və bu kimi başqalarının örnəyində göründüyü kimi, nə təhsili, nə də ağlı ilə seçilən, onlarla yaramazların idarəsi altında yaşamaqdayıq, bacarıqsızlıq və alçaqlıqları ilə seçilən bu adamlar Bomarşenin çox yerində dediyi bir üsulla hakimiyyətin yuxarı başında özlərinə yer eləmişlər: Mediocre et rampant, et on parvient a tout (Adi və bacarıqsız birisi ol, ancaq kölə təbiətin olsun, istədiyinə çatacaqsan). Ola bilsin, özünün xüsusi bir ailədə doğuluşuna görə yüksək mövqeyə ucaldılmış birisinə boyun əyə bilərsən, ancaq səninlə yaşıd olan, gözünün önündə hər cür alçaqlıq və yaramazlıqlarla yuxarı başa dırmaşıb hakimiyyəti ələ keçirən adamlara boyun əymək, sözsüz, istənilən insan üçün alçaldıcı və aşağılayıcıdır. Ola bilsin, ürəyinə daş bağlayıb İoann Qroznıya, III Pyotra tabeçilik göstərərsən, ancaq Malyuta Skuratova, III Pyotrun sevimliləri olan alman kaprallarına tabe olmaq adamı çox incidir.
Tanrının iradəsini pozmaq istəyən işlərdə, bu iradəyə qarşı olan davranışlarda, mən heç kimsəyə nə qulaq asa, nə də tabe ola bilərəm; ancaq Tanrının iradəsini pozmağa yönəlməyən işlər görən çarın kimliyindən asılı olmyaraq ona tabe olmağa və sözünə qulaq asmağa hazıram. O özü bu hakimiyyət mərtəbəsinə qalxmayıb. Onu bu mərtəbəyə qaldıran bizim ulu babalarımızın yaratdığı və ya boyun əydiyi qanunlar olmuşdur. Ancaq 30 illik, alçaqlıq və yaramazlıqla dolu bir yol keçib hakimiyyətə soxulan, yaltaq və axmaq adamlara nə üçün tabe olmalıyam, onların mənə: hansı qanunlar və həyat tərzi üzrə yaşamağı öyrətməsinə niyə dözməliyəm? Mənə deyirlər: ali şəxsin buyuruğuna görə, hansısa əsərlərimi çap etdirməyim, dua etmək üçün kilsəyə getməyim, öz uşaqlarımı yaxşı saydığım biliklər və kitablar üzrə oxudub öyrətməyim, onları yalnız cənab Pobedonosovun seçib ayırdığı kitablar üzrə oxuyub öyrənməyə göndərim; mənə deyirlər: ali şəxsin buyuruğuna görə, mən gərək zirehli gəmi tikilməsi üçün vergi ödəyəm, öz uşaqlarımı və ya mülkümü kimlərinsə sərəncamına verəm, və ya öz istədiyim yerdə yox, mənə deyilən yerdə yaşayam. Bütün bunlar çarın buyuruğu olsaydı, yenə də canını dişinə tutub bunların hamısına dözmək olardı; ancaq burada ali şəxsin buyuruğunun yalnız quru bir söz olduğunu bilirəmsə, bütün bu buyuruqları, bizi sözdə idarə etdiyi deyilən çarın deyil, Pobedonosovun, Rixterin, Muravyovun və bu kimi başqalarının verdiyi bəllidirsə, mən bu adamları çoxdan tanıyır və onları yaxşı tanıdığıma görə bu adamlar mənim gözümdən düşmüşlərsə, onda bu duruma necə dözməli? Mən axı nə üçün belə adamlara tabe olmalı və mənim üçün dəyərli olan şeyləri öz əlimlə götürüb onlara verməliyəm?
Bütün bu işlər, ancaq insan kimliyini aşağılamaqla bağlı olsaydı, yenə də bir təhər dözmək olardı. Ancaq, yazıqlar olsun, bu işlər yalnız eə bununla bitib qurtarmır. Xalqı pozğunluğa və onun beynini kütləşdirən düşkünlüklərə sürükləmədən çar olmaq və onu idarə etmək mümkün deyildir, habelə, bu idarə üsulu nə qədər çox yarıtmazdırsa, idarə edənlər xalqın iradəsini ifadə eləməkdən nə qədər çox uzaqlaşmışlarsa, elə xalqı o qədər də çox pozğunlaşdırmağa və düşkünləşdirməyə çalışırlar. Bizdəki idarəetmə çox anlamsız və xalqın iradəsini ifadə eləməkdən çox uzaq olduğundan, belə bir idarəetməni həyata keçirmək üçün, xalqı pozğunlaşdırmaq və düşkünləşdirmək üçün daha da çox və gərginliklə çalışmağa ehtiyac duyluur. Elə buna görə də, xalqın müxtəlif yollarla düşkünləşdirilməsi və pozulması Rusiyada belə bir geniş miqyas almışdır və bu pozğunlaşdırma və düşkünləşdirmənin hansı vasitələrlə həyata keçirildiyini və onların nələrə gətirib çıxardığını görən insanlar gərək bütün bunlara dözməsinlər.

1895-сi il.

Tərcümə edəni : Araz Gündüz

Muellif.az