Belarusda müxalifətin koordinatorları saxlanıb

Bir gün öncə – avqustun 23-də 100 mindən çox nümayişçi Belarus paytaxtının küçələrinə çıxıb. 9 avqust prezident seçkisində Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb

Belarus hakimiyyəti müxalifət lideri Svyatlana Tsikhanouskaya-nın Koordinasiya Şurasının iki üzvünü Minskdə traktor zavodu yaxınlığında saxlayıb.

BelSAT dövlət xəbər agentliyi şuranın daha bir üzvü, vəkil Liliya Vlasova-nın avqustun 24-də Belarus İstintaq Komitəsinin Minskdəki qərargahına dindirilməyə çağrıldığını xəbər verir.

Cərimələnə bilərlər

Koordinasiya Şurası bildirir ki, Tsikhanouskaya-nın əsas köməkçisi Bolha Kovalkova və tətil təşkilatçısı Syarhey Dyleuski avqustun 24-də səhər saxlanıblar, Minsk Traktor Zavodunda (MTZ) icazəsiz etiraz aksiyasının təşkilində ittiham olunublar.

30 yaşlı Dyleuski zavodda fəhlə işləyir, Prezident Alyaksandr Lukashenka-nı açıq şəkildə tənqid etməsi beynəlxalq medianın diqqətini çəkib, eyni zamanda Belarus polisinin təzyiqinə məruz qalıb.

Kovalkova-nin həmkarı Dzyanis Sadovski deyib ki, polis Koordinasiya Şurasına həmin iki şəxsin onlara qarşı “administrativ iş”lə əlaqədar saxlandığını bildirib, çox güman cərimələnəcəklərini deyib

Bir gün öncə – avqustun 23-də 100 mindən çox nümayişçi Belarus paytaxtının küçələrinə çıxıb. 9 avqust prezident seçkisində Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb.

Tsikhanouskaya-nın təzyiq altında ölkəni tərk edərək Litvaya getdiyi açıqlanıb.

“Zavod işləmirsə…”

Dyleuski deyib ki, o, MTZ-nin sexlərini gəzərək fəhlələri tətilə çağırıb, polisdə saxlanarkən işgəncə gördüklərini deyən nümayişçilərin xəsarətlərinə şahid olandan sonra bu qərara gəlib. Yüzlərlə fəhlə Dyleuski-yə qoşularaq yeni seçki keçirilməsini, siyasi məhbusların buraxılmasını tələb ediblər. Beləliklə, Dyleuski tətil hərəkatının liderinə çevrilib. Tətillər Lukashenka hakimiyyətinə böyük təhlükə yaradıb.

Lukashenka-nın ordunu döyüş vəziyyətinə gətirməsi ölkədə görünməmiş etiraz dalğasının zorakılıqla yatırdılacağı sarıdan qorxuları artırıb. Prezident həftəsonu deyib ki, avqustun 24-dən fəhlələri etiraz edən, əvvəllər onun siyasi dəstək bazasını təşkil etmiş zavodları bağlamağa başlayacaq.

“Zavod işləmirsə, gəlin bazar ertəsindən qapısını qıfıllayaq. Adamlar sakitləşəcək və biz işə kimi dəvət edəcəyimizə qərar verəcəyik”, – o, avqustun 22-də Rusiyanın RIA-Novosti xəbər agentliyinə deyib.

Lukashenka həmçinin ümidvar olduğunu bildirib ki, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Belarusda etirazçıların təşkilatçıları ilə hər hansı qarşıdurmada onu dəstəkləyəcək.

Qonşu Litvada isə avqustun 24-də Tsikhanouskaya ABŞ Dövlət katibinin köməkçisi Stephen Biegun ilə mübahisəli prezident seçkisinin dinc həll yollarını müzakirə edəcək.

Azadlıq radiosu