
1905-ci ilin avqustunda Bakıda ikinci erməni-azərbaycanlı münaqişəsi baş vermişdi. Avqustun 19-dan 25-dək daşnaklar Bakıda terror təşkil etmiş və nəticədə öldürülənlərin əksəriyyəti yenə də azərbaycanlılar olmuşdu.
1905-ci ilin fevral qırğınlarından fərqli olaraq, avqustda toqquşmalar şəhərin neft-mədən rayonunu da əhatə etmişdir. 1903-1904-cü illərin fəhlə tətilləri və 1905-ci il fevral qırğını zamanı neft mədənlərində törədilən yanğınlar Bakının bu hissəsində münaqişə tərəflərinin əsas zorakılıq metodlarına çevrilmişdi.

Mənbələrdəki məlumata əsasən, Bakının həm mərkəzində, həm də mədən rayonunda toqquşmaların günahkarı ermənilər idi. Daha pis silahlanan və erməni terroruna hazır olmayan azərbaycanlılar cavab addımı kimi neft mədənlərini yandırmağa başladılar. Onlar yaxşı hazırlaşmış düşmən qarşısında müdafiəsiz qalaraq, ermənilərə cavab verməyin yeganə yolunu bu üsulda görürdülər. 1906-cı ilin martında Tiflisdəki barışıq qurultayında Əhməd bəy Ağaoğlunun dediyi kimi, “mütəşəkkil ordu qeyri-mütəşəkkil insanlara hücum etmişdir. Onlar özlərini qorumaq üçün nə etməli idilər? Həmin o Xatisovu [Ə.Ağaoğlu Bakı mühəndisi və sahibkarı K.İ.Xatisovun timsalında bütün erməni sahibkarlarını ümumiləşdirirdi – F.C.] cibindən vurmaq qalırdı. Mauzer tapançalarına alovla cavab vermək lazım idi.” Erməni firmalarının mədənlərində başlanan yanğınların qonşu mədənlərə keçməsi qaçılmaz idi. Lakin indiyədək mövcud olan fikrin əksinə olaraq, yanğınlar təkcə azərbaycanlılar tərəfindən deyil, ermənilər tərəfindən də törədilirdi. Bakı Quberniya Jandarm İdarəsinin rəisi P.P.Qloba göstərirdi ki, “azərbaycanlılar ermənilərin, ermənilər isə azərbaycanlıların mədənlərini yandırırdı”. Yanğınların birtərəfli aksiya olmadığını Nobel qardaşları şirkətinin Bakı şöbəsinin başçısı Q.Eklundun teleqramı da təsdiq edirdi. O, göstərirdi ki, mədənləri əvvəlcə azərbaycanlılar, sonra isə ermənilər yandırmışdılar.
1905-ci il avqustun 25-də Bakıdakı qırğınlara son qoyulmuşdur: sakitləşdirmə komitəsi ruhanilərin başçılığı altında şəhərdə sülh yürüşü təşkil etmişdir. Barışıq əldə olunandan sonra canişin qraf İ.İ.Vorontsov-Daşkov başda olmaqla Qafqaz administrasiyası gələcəkdə yeni toqquşmaların qarşısını alacaq mexanizmlərin yaradılmasına dair tədbirlər görməyə başlamışdır. Bununla belə, canişin neft mədənlərindəki yanğınların Bakı kəndlərinin azərbaycanlı əhalisi tərəfindən törədildiyini hesab edərək, onları cəzalandırmaq üçün mənfur plan da hazırlamışdı. Canişinin planı azərbaycanlıların mədən rayonundan deportasiyasını nəzərdə tuturdu.

Bakı kəndlərinin müsəlman əhalisinin deportasiyası haqqında fikrini canişin ilk dəfə imperator II Nikolaya göndərdiyi 26 avqust 1905-ci il tarixli teleqramda bildirmişdir. O, yazırdı ki, bütün mədənlər yaxınlıqdakı dörd müsəlman kəndinin sakinlərinin qarət və talanlarından xilas olmaq üçün onlara pul verib canlarını qurtarır. İ.İ.Vorontsov-Daşkovun sözlərinə görə, həmin kəndlərdə yaşayan azərbaycanlılar qarət və yanğınların əsas günahkarları olduğu üçün onlar buradan köçürülməlidir. Canişinin hadisələri məhz bu cür qiymətləndirməsinin əsas səbəbi nə idi? Heç şübhəsiz, burada erməni təbliğatı əsas rol oynamışdır. Bakı kəndlərinin müsəlman əhalisindən canlarını qurtarmaq istəyən ermənilər avqust qırğınlarına görə bütün günahı azərbaycanlıların üzərinə yıxmağa çalışırdılar. Ola bilsin ki, canişinin mövqeyinə avqustun 26-da Bakıdan Tiflisə gələn neft sənayeçilərinin şəhər idarəsində toplaşması və mədənlərdə baş verən yanğınlar haqqında camaata danışması da təsir edə bilərdi. Neft sənayeçiləri arasından seçilən nümayəndələr canişinin köməkçisi general Y.N.Şirinkin ilə görüşməli və mədənləri qorumaq üçün təcili tədbir görülməsini ondan xahiş etməli idilər. Mənbələrdə Tiflisə gələn neft sənayeçilərinin adları göstərilməsə də, şübhəsiz ki, onların arasında yanğınlardan xeyli ziyan çəkən ermənilər də var idi. Çox güman ki, ilk dəfə Bakı kəndlərinin köçürülməsi ideyasını məhz onlar irəli sürmüşlər.
1905-ci il sentyabrın əvvəlində erməni nümayəndələri K.İ.Xatisov və M.O.Unanov Kislovodskda canişinlə görüşmüşlər. Kislovodskdan Bakıya göndərdikləri qısa teleqramda onlar bildirirdilər ki, görüş zamanı “mühəndis və texniklərin öz işlərini bərpa etməyə imkan verməyən səbəblər araşdırılmış, həm mühəndis və texniklərin, həm də sənətkar və fəhlələrin təhlükəsizliyinə tam təminat verən tədbirlər müzakirə edilmişdir.” K.İ.Xatisov və M.O.Unanovun “təhlükəzisliyə tam təminat verən” hansı tədbirlərdən bəhs etdiyini canişin özü ermənilərlə görüşdən bir gün sonra Bakı general-qubernatoru S.A.Fadeyevə göndərdiyi 4 sentyabr tarixli məktubunda göstərmişdir. İ.İ.Vorontsov-Daşkov K.İ.Xatisov və M.O.Unanovla müzakirə etdiyi məsələlər barədə yazırdı: “İndi mən Bakı Neft Sənayeçiləri Qurultayı və İmperator Rus Texniki Cəmiyyəti Bakı şöbəsinin nümayəndələri ilə söhbət əsnasında qəti əmin oldum ki, aşağıdakı zəruri tədbirlərin həyata keçirilməsi vacibdir:1) Bakıda şəhər rəisliyinin və gücləndirilmiş polis ştatının təsis olunması; 2) mədənlərin yaxınlığında yerləşən Azərbaycan kəndlərinin əhalisinin köçürülməsi.” Tam əminliklə söyləmək olar ki, erməni nümayəndələri nəinki azərbaycanlıların köçürülməsi ideyasını dəstəkləmiş, hətta canişini bu tədbirin doğru olduğuna inandırmışlar. Onlarla görüşdükdən sonra İ.İ.Vorontsov-Daşkov S.A.Fadeyevə aşağıdakı tapşırıqları vermişdir: “Azərbaycan kəndlərinin köçürülməsi məsələsinə gəldikdə, ilk növbədə köçürülənlərin sayı, onların ailə tərkibi, ləğv olunan əmlakın dəyəri və s. haqqında dəqiq məlumatlar toplamaq lazımdır. Əlbəttə, ləğvi nəzərdə tutulan kəndlərin adları dəqiq göstərilməli və bu tədbirin nə üçün keçirildiyi onların hər birinə izah olunmalıdır”.

Canişin sonralar Sankt-Peterburqla rəsmi yazışmalarında bu layihəyə bir neçə dəfə qayıdırdı. O, sentyabrın 11-də II Nikolaya teleqram göndərərək, Bakıda şəhər rəisliyini yaratmaq və “həmişə quldurluq edən kəndlərin” müsəlman əhalisini mədən rayonundan köçürmək niyyətini bir daha bildirmişdir. Abşeron kəndlilərinin deportasiyası planını daha da inkişaf etdirən İ.İ.Vorontsov-Daşkov canişinin Nazirlər Şurasında nümayəndəsi baron E.Y.Noldeyə yazdığı məktubda həmin kəndləri adbaad göstərirdi: Keşlə, Əhmədli, Zıx, Sabunçu, Balaxanı, Ramana, Zabrat və s. Beləliklə, Abşeron yarımadasının köklü etnik elementi misli görünməmiş irimiqyaslı cəza aksiyasına məruz qalmalı idi. Nəzərdə tutulan tədbir nə qədər ədalətsiz və antihumanist idisə, bir o qədər də iqtisadi cəhətdən düşünülməmişdi, çünki canişinin yanlış qənaətinə görə, həmin kəndlərin sakinləri “bölgənin ümumi sənaye xarakterinə yad idi və təcrübədən göründüyü kimi, onlar mədənlər üçün həddindən artıq zərər və təhlükə törədirdilər”. Canişinin bu məlumatları haradan əldə etdiyini söyləmək bu gün çətin olsa da, bir şey dəqiqdir ki, söylənilənlər qərəzli idi, çünki mədənlərdə işləyən fəhlələrin əsas hissəsi, daha dəqiq desək, 50%-ə qədəri məhz adıçəkilən Abşeron kəndlərindən toplanırdı.
1905-ci il sentyabrın birinci yarısında ermənilərin başçılıq etdiyi üç aparıcı ticarət-sənaye təşkilatı (Bakı Neft Sənayeçiləri Qurultayı – P.O.Qukasov, İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi – K.İ.Xatisov, Bakı Birja Komitəsi – S.S.Tagianosov) Bakı kəndlərinin köçürülməsi ideyasını dəstəklədiklərini bəyan etmişlər.

Azərbaycanlıların Abşeron kəndlərindən çıxarılması məsələsi neft sənayesinin bərpasına həsr edilmiş Sankt-Peterburq müşavirəsində də müzakirə predmeti olmuşdur. Müşavirəyə seçilmiş nümayəndələr arasında Ə.Ağaoğlu da var idi. O, 1905-ci il sentyabrın 16-da Sankt-Peterburqa yola düşmüşdür. Sentyabrın 22-də paytaxtın “Novoye vremya” qəzetində Ə.Ağaoğlunun “Ədalətsiz ittiham” məqaləsi dərc olunmuşdur. 5 ay əvvəl “Sankt-Peterburqskiye vedomosti” qəzetində erməni-azərbaycanlı münasibətlərinə və fevral qırğınına dair məqalələr çap etdirən Əhməd bəy yenə də müsəlmanların haqq səsinin Rusiya ictimaiyyətinə çatdırılması missiyasını öz üzərinə götürmüşdür. Bu dəfə Ə.Ağaoğlu Abşeron kəndlilərinin deportasiyası məsələsinə toxunmuşdur. Onun sözlərinə görə, bu planı irəli sürməklə erməni burjuaziyası öz şəxsi mənfəətini güdür. Ermənilərin əsl məqsədini o, belə izah edirdi:

“1) Neft mədənləri ətrafında yerləşən bütün müsəlman kəndləri, yəni on minlərlə əhalisi olan onlarla kənd köçürülsün. Erməni milyonçuları o torpaqlardan milyonlar qazanmış, indi isə həmin milyonlar məharətlə bu kəndlilərə qarşı çevrilir.
2) Müsəlman xanlarından, bəy və ağalarından torpaqlar alınsın, rus köçkünlərinin (nə böyük qayğı) və Türkiyədən qaçıb gələn ermənilərinistifadəsinə verilsin (rus köçkülərinə qayğı bundan irəli gəlmirmi).
3) Erməni kəndlərinə müsəlmanlara qarşı erməni drujinasını və ya milisini yaratmaq hüququ verilsin.
4) Və nəhayət, gələcək nəsillərə dərs olsun deyə, yüz-iki yüz müsəlman cəzalandırılsın”.
Ə.Ağaoğlu “Novoye vremya” qəzetinin səhifələrində ermənilərin Qafqazda hegemonluğu təhlükəsindən bəhs edərək yazırdı ki, onlar buna nail olmaq üçün müsəlmanlara qarşı terror törədəcək, müsəlmanları panislamizmdə, fanatizmdə, xristianlar və dövlət əleyhinə fəaliyyət göstərməkdə ittiham edəcəklər.
Bakı kəndlərinin müsəlman əhalisinin maraqlarının müdafiə olunması və erməni burjuaziyasının niyyətlərinin qarşısının alınması istiqamətində fəaliyyətini Əhməd bəy neft sənayesinin problemlərinə dair müşavirədə davam etdirmişdir. İmperator II Nikolayın buyruğu ilə çağırılan müşavirə 22 sentyabr-7 oktyabr 1905-ci il tarixində maliyyə naziri V.N.Kokovtsovun sədrliyi altında keçmişdir. Müşavirədə neft firmalarının, Bakı fəhlələrinin, imperiyanın digər bölgələrinin maliyyə-sənaye dairələrinin, hökumətin nümayəndələri iştirak edirdi. Ə.Ağaoğludan başqa Bakının müsəlman əhalisini müşavirədə Ə.Topçubaşov, Kərbəlayı İsrafil Hacıyev, Fətulla bəy Rüstəmbəyov, Şəmsi Əsədullayev, Ağalar bəy Xanlarov, Əliisgəndər Aşurov, Fərrux bəy Vəzirov təmsil edirdilər. Sayca ən böyük nümayəndə heyəti Bakı neft sənayeçilərinin idi – burada demək olar ki, bütün iri firmalar təmsil olunurdu. Müşavirədən qabaq bir qrup neft sənayeçisi V.N.Kokovtsova məruzə məktubunu təqdim etmiş və orada Bakı neft sənayesinin bərpasına yönəlmiş başqa tədbirlərlə yanaşı, Azərbaycan kəndlilərinin torpaqları hesabına fəhlə qəsəbələrinin yaradılması, həmçinin Bakı, Sabunçu, Ramana, Zabrat və s. kəndlərin sakinlərinin köçürülməsi nəzərdə tutulurdu. Həmin kəndlərin əhalisini “sonuncu fəlakətdə bu qədər faciəli rol oynamış etibarsız və təhlükəli element” adlandıran məktub müəllifləri bildirirdilər ki, azərbaycanlı əhali kənd təsərrüfatı ilə məşğul olmur, əvəzində neft firmalarında çalışan qulluqçuları mənzillə təmin edir. Kəndlilərin əsas məşğuliyyəti isə mədənlərin mühafizəsi idi. Məktubda vurğulanırdı ki, həmin mühafizəni firmalar guya məcburi tuturdular, çünki bununla həmin kəndlərin sakinlərinin törətdiyi müntəzəm oğurluqdan və qarətlərdən canlarını qurtarmaq istəyirdilər. Köçürülmə planının başlıca lobbiçiləri isə, sözsüz ki, erməni neft sənayeçiləri idi. Lakin bununla belə, təşəbbüsü xarici firmalar da dəstəkləyirdi. Sonralar müşavirənin işini xatırlayarkən Ə.Ağaoğlu Rotşildlərin, Nobellərin “erməni sərmayədarlarının intriqasına” qapıldığını qeyd edir və bununla həm ermənilərin, həm də Qərbi Avropa maqnatlarının Abşeron yarımadasının yerli əhalisinin köçürülməsində maraqlı olduğunu vurğulayırdı. Ə.Ağaoğlu məqalələrinin birində Sankt-Peterburq müşavirəsi zamanı xarici firma nümayəndələrinin bu mənfur rolunu belə təsvir etmişdir: “…Təəccüb bu ingilis kompaniyasının, bu rotşildlərin, bu nobellərin vəkillərinin oyunu və bazısı [hiyləsi – F.C.] idi. Gündüz bunlar biz müsəlman vəkillərinin yanına gəlib bizə söz öyrədib bizi ittihada, birliyə dəvət edirdilər. Lakin gecə gəldikdə rəsmi şurada vəziri maliyənin [maliyyə naziri – F.C.] və qeyri sahibi-mənsəblərin və Rusiyadan gələn beş yüz vəkillərin hüzurunda ya sakit xamuş otururdular və yainkə müsəlmanların əksinə danışırdılar! Məclisdə mənim qabağımda oturan ingilis kompaniyasının vəkili məni təhrik edirdi ki, dur filan sözü, filan işi de! Öylə ki, mən ona deyirdim ki, niyə özün demiyorsun, deyirdi: “Mən qorxuram.” Bu epizoddan Ə.Ağaoğlu belənəticəyə gəlirdi ki, hamı, o cümlədən əcnəbi firmalar erməni terrorundan, hədələrindən qorxur. Çox nadir hallarda müşavirə iştirakçılarından kimsə müsəlmanların xeyrinə danışırdı. Ə.Ağaoğlu onların arasında rus neft sənayeçilərinin, o cümlədən, A.M.Benkendorfun, F.F.Skrepinskinin adlarını çəkir, lakin qeyd edirdi ki, ermənilər öz çıxışları ilə onları susdururdular.
1905-ci il sentyabrın 28-də müşavirədə neft sənayeçilərinin yuxarıda adı çəkilən məruzəsinin beşinci və altıncı bəndləri – yerli əhalidən 300 desyatin torpağın müsadirəsi hesabına Bakının mədən rayonunda fəhlə qəsəbələrinin salınması və müsəlmanların Abşeron kəndlərindən köçürülməsi məsələləri müzakirə olunmuşdur. Bununla əlaqədar geniş nitqlə çıxış edən Bakı neft sənayeçisi B.L.Oquleviç bildirmişdir ki, kəndlilər ya ümumiyyətlə əkinçiliklə məşğul olmur, ya da çox az məşğul olur, onlar mədənlərdə qazanc axtarır və bununla neft işinə təhlükə yaradırlar. Azərbaycanlı nümayəndələrin cavab reaksiyasını qabaqlayan B.L.Oquleviç demişdir ki, bəzilərinin fikrincə, “həmin kəndlilərin bu cür yerdəyişməsi haqqında sərəncam mahiyyətinə görə cəza xarakterlidir… Lakin mənə belə gəlir ki, burada heç bir cəzadan söhbət gedə bilməz. Ev təhlükəli olanda, həmin evdən günahkarları yox, bütün sakinləri köçürdürlər, çünki bu evi sakinlərin öz maraqları naminə təmizləmək lazımdır.” Kəndlilərin zorla köçürülməsinə bəraət qazandıran B.L.Oquleviçin bu cür həyasız bəyanatı, şübhəsiz ki, fəhlələr üçün qəsəbələrin təşkili və mədənlərdə təhlükəsizliyin təmin olunması qayğılarından irəli gəlmirdi. Yeganə məqsəd erməni və onlarla həmfikir olan sahibkarların tamahkar maraqları naminə mədən rayonunu yerli Azərbaycan əhalisindən təmizləmək idi.
Müsəlmanların köçürülməsi məsələsinin müzakirəsi vaxtı müşavirə iştirakçılarının fikirləri parçalandı. B.L.Oquleviçin təklifini K.İ.Xatisov və S.S.Tagianosov dəstəklədilər, A.M.Benkendorf isə torpaqların müsadirəsinə tərəfdar çıxsa da, kəndlilərə kompensasiyanın ödənilməsini vacib saymışdır. 28 sentyabr tarixli iclasda geniş nitq söyləyən Ə.Ağaoğlu nəinki kəndlilərin mümkün deportasiyasının nəticələrini açıqladı, həmçinin yerli əhalinin təsərrüfatla məşğul olmaması, qarət və quldurluq hesabına yaşaması haqqında sözləri təkzib etdi. O, kəndlilərdən alınan torpağın yararsız olduğunu, yerli sakinlərin isə əkinçi olmayıb ətrafdakı mədənlər hesabına dolandığını iddia edən natiqlərə cavab verərək demişdir: “Mən torpaq müsadirəsinin kəndlilərin mənəvi və iqtisadi vəziyyətinə necə təsir göstərəcəyi məsələsinə toxunmaq istərdim… Əgər torpaq müsadirə edilirsə, o [Azərbaycan kəndlisi – F.C.] da belə vəziyyətdə hər bir sahibkarın keçirdiyi hissləri keçirəcək. Digər, daha əhəmiyyətli məsələyə – 300 desyatin torpağın müsadirəsinin əhalinin rifahına necə təsir göstərməsi məsələsinə gəldikdə isə deməliyəm ki, bu onu var-yoxdan çıxaracaq. İndi deyildiyi kimi, həmin kəndlilərin torpağı çox azdır. Bundan başqa, bu torpaqların xarakterini və həmin rayonda əkinçiliyin hansı çətinliklərlə üzləşdiyini bilmək lazımdır. İş ondadır ki, bu ərazi tamamilə boş çöllükdür, burada yalnız bəzi yerlərdə yaşamaq olar və yerli sakinlər həmin yerləri ağır zəhmətlə becərirlər. Mən cəsarətlə deyə bilərəm ki, bütün yer üzündə ikinci elə bir məkan yoxdur ki, orada su və torpaq olmasın və insan bir parça çörək tapmaq üçün bu qədər işləsin. Və bu cür böyük çətinliklərlə işləyən əkinçinin əlindən torpağın alınması onun iqtisadi rifahına təsir etməyə bilməz və mənə elə gəlir ki, bu ədalətsiz olardı. Əlbəttə, fəhlə qəsəbələrinin vacibliyini və onlara ehtiyac olduğu üçün torpağın bu və ya başqa hissəsinin kəndlilərdən almağın zəruriliyini inkar etmək olmaz. Lakin bununla yanaşı, biz həmişə dərk etməliyik ki, torpağın müsadirəsi yerli əhalinin iqtisadi rifahına mütləq mənfi təsir göstərəcək. Bizə burada deyirlər ki, yerli əhali əkinçiliklə məşğul deyil. Lakin bu çöllərdən gəlib keçən hər bir kəs görə bilərdi ki, yerli əhali heç vaxt əkinçilikdən ayrılmır, həm kişilər, həm qadınlar, həm uşaqlar həmişə torpaqda çalışır, onu sevir, onu gecə-gündüz becərir. Buna görə əgər həmin torpaqların müsadirəsi həqiqətən lazımdırsa, əgər onları fəhlə qəsəbələrinin tikintisi üçün kəndlilərdən almaq gərəkdirsə, şübhəsizdir ki, əvəzində əkinçilər mükafatlandırılmalıdır və əgər mümkündürsə, onlara dövlət torpaqlarından elə sahələr ayrılmalıdır ki, həmin sahələr müsadirə edilən torpağı əvəz edə bilsin”.

Ə.Ağaoğlunun mövqeyini Polis Departamentinin vitse-direktoru N.P.Zuyev və Daxili İşlər Nazirliyinin zemstvo şöbəsinin rəis köməkçisi K.K.Stefanoviç dəstəklədilər. Məmurların fikrincə, kəndlilərin əsrlər boyu yaşadığı yerlərdən çıxarılması məqsədəuyğun deyil və onların torpaqsızlaşmasına gətirəcək. İclasda çıxış edən Ə.Topçubaşov da Ə.Ağaoğlunun səsinə səs verdi. O, bunları söylədi: “…Mən yerli şəraitlə yəqin ki, az tanış olan, torpaqların müsadirəsinin kəndlilərin rifahına heç bir təsir göstərməyəcəyini və bu kəndlilərin buğda əkini və əkinçiliyin başqa sahələri ilə az məşğul olduğunu deyən natiqlərlə razılaşa bilmirəm. Əksinə, burada deyildiyi kimi, onlar təkcə arpa əkmirlər, buğda da əkirlər. Onların orada bağları, cürbəcür torpaqları var, yəni onlar kəndlilərin ümumiyyətlə məşğul olduğu şeylərlə məşğuldurlar. Bu nöqteyi-nəzərdən o həcmdə torpağın müsadirəsi kəndlilərin rifahına təsir etməyə bilməz. Məsələnin hüquqi tərəfinə keçərək qeyd edim ki, burada artıq deyildiyi kimi, 1900-cü il qanununa görə, Zaqafqaziyanın, o cümlədən Bakının kəndliləri eynilə daxili quberniyaların kəndliləri kimi torpaq sahibləridir. Bu səbəbdən sahibkarlarla müvafiq qaydada rəftar etmək lazımdır, yəni müsadirə sahibkarın razılığı əsasında və onun razılaşdığı mükafat əvəzində keçirilməlidir”.
Müzakirələrin yekununda nazir V.N.Kokovtsov Sabunçu, Balaxanı, Ramana, Zabrat kəndlərinə məxsus torpaqların müsadirəsinin yerində aydınlaşdırılmalı məsələ olduğunu bildirmiş və onu baxılmaq üçün Qafqaz canişininin ixtiyarına verilməsini təklif etmişdir.
Lakin neft sənayeçiləri bu cür qeyri-müəyyənlikdən və Bakı kəndləri haqqında məsələnin həll olunmamasından narazı qaldılar. 30 sentyabr tarixli iclasda Bakı fəhlələrinin vəziyyəti haqqında məsələ müzakirə olunanda onlar ikinci cəhdə əl atdılar. Bu iclasda ilk dəfə olaraq neft sənayesində çalışan fəhlələrin seçdiyi nümayəndələr iştirak edirdi. İclası açan V.N.Kokovtsov diqqətə çatdırdı ki, müşavirəyə Bakının müsəlman fəhlələri adından ikinci müraciət daxil olmuş və həmin müraciətdə bildirilir ki, fəhlə nümayəndələrinin seçkiləri müsəlmanların iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən onlar xahiş edirlər ki, müşavirədə müsəlman fəhlələrinin maraqlarını vəkil Ə.Topçubaşov müdafiə etsin. Adıçəkilən iclasda fəhlələrin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş hüquqi və iqtisadi xarakterli məsələlər müzakirə edilməli olsa da, söz alan Texniki cəmiyyətin Bakı şöbəsinin nümayəndəsi, P.O.Qukasovun firmasında qulluq edən S.S.Yakovlev mədənlərdə fəhlə qəsəbələrinin salınması məsələsinə yenidən qayıtmağa icazə istədi. O, B.L.Oquleviçin 28 sentyabr tarixli iclasda tutduğu xətti davam etdirərək, fəhlə qəsəbələrinin salınacağı torpaqlarda yaşayan azərbaycanlı kəndliləri təsvir etməyə başladı. S.S.Yakovlev bildirdi ki, müsəlmanlar neft sənayeçilərini və fəhlələri işləməyə qoymur, torpağın onlara məxsus olduğunu bildirir, sahibkarların normal işləməsi üçün haqq alır, qarətçiliklə məşğul olurlar. Kəndliləri gözdən salmağa çalışan və Ə.Ağaoğlunun 28 sentyabr tarixli iclasda çıxışına eyham vuran S.S.Yakovlev bunları söyləmişdir: “…Natiqlərdən birinin əsl əkinçilərin qan-tər içində “gecə və gündüz” tarlada çalışması haqqında bəyanatı mənim ürəyimin dərinlikərinə toxundu… Onlar həqiqətən gündüzlər qan-tər içində işləyib neft sənayeçilərindən təzminat alırlar, həmin təzminatın alınması üçün vasitələr və üsullaraxtarırlar, gecələr isə özgələrin neft xəttlərində işləyib özgələrin torpaqlarını qəsb edirlər, elektrik naqillər üzərində çalışırlar – bir sözlə, məhsulun yox, özgə əmlakın yığımı ilə məşğul olurlar”.
Aydın idi ki, neft sənayeçiləri axıradək öz mövqelərini müdafə etmək və Azərbaycan kəndlilərinin köçürülməsinə dair müşavirəyə müsbət qərar qəbul etdirmək niyyətindədirlər. Həm də əgər əvvəlki iclasda ermənilər və onların həmfikirləri kəndlilərdən 300 desyatin torpağın alınmasından danışırdılarsa, indi S.S.Yakovlev faktiki olaraq fəhlə qəsəbələri haqqında məsələni müsəlman kəndlərinin köçürülməsi məsələsinə qataraq vəsatət qaldırmışdır ki, Bakı kəndlərinin torpaqları qismən yox, tam müsadirə olunsun və müsəlman kəndliləri mədənlərdən mümkün qədər uzaq əraziyə köçürülsünlər.
S.S.Yakovlevin çıxışına cavab olaraq Ə.Ağaoğlu söz aldı. O, bildirdi ki, mədəni kulturtregerlər daim əhalini sıxışdırmaqla, yalan yollarla torpaqlarını tutmaqla və mədəniyyətsiz kütləni istismar etməklə, insanları daha da qəddarlaşdırmış və onlardan barışmaz düşmən obrazı yaratmışlar. Gəlmələr təbii ehtiyatlarla zəngin torpaqlarda milyonçuya çevrilmiş, əsl yer sahibləri isə zavallı qullara, fəhlələrə çevrilmişlər.
Ə.Ağaoğlu demişdir: “Ölkəyə kulturtreger gəlir. O, bilir ki, kontrakt nədir, yazılmış kağız nədir, həmin kağızı necə təfsir etmək olar. Və o, mədəniyyətsiz, tamamilə vəhşi elementə müraciət edərək deyir: torpağınızı mənə 3000 rubla verin. O, bilir ki, həmin torpaq qiymətsizdir, milyonlara dəyər. Və kulturtreger yazır ki, mən ildə 3000 rubla sizdən torpağı icarəyə götürürəm. O, bu kağızı elə tərtib edir ki, həmin vəhşi element bir ildən sonra özünə bir parça çörək qazana bilmir… Mən guya sivilizasiya daşıyıcısı olan, lakin sivilizasiyanın etik tərəfindən məhrum olan bir elementlə hüquqi incəliklərdən və qeyri-etik üsullardan xəbərsiz olduğundan bir parça çörəkdən məhrum olan vəhşi elementin qarşılaşması nəticəsində yaranan o dəhşətli vəziyyəti təsvir etməyəcəm. Əlbəttə, kəndli görəndə ki, əlindən çıxan və dünənədək ona çörək verən torpaq gəlmə kulturtregerə milyonlar verir, onun hissləri coşur, o, idarəedilməz olur və yaşamaq üçün cənab Yakovlevin bu qədər bədii formada təsvir etdiyi yollara əl atır… Cənab Yakovlev bu yerli elementin vəhşiliyindən və idarəedilməzliyindən şikayətlənir. Lakin soruşmaq lazımdır: həmin kulturtreger bu vəhşi elementin səviyyəsini qaldırmaq üçün nələr edib? Onun üçün heç olmasa bir məktəb açılıbmı? Onu neft sənayeçilərinə yaxınlaşdırmaq və əməyin sivil üsullarına öyrəşdirmək üçün hansısa addım atılıbmı? Xeyr, bizim yerlərə gələnlərin hamısı yalnız onu düşünür ki, hansı yolla olursa-olsun, öz cibini doldursun və sonra buradan getsin. Mən cənab Yakovlevlə tam razıyam ki, orada quldur element var. Lakin mən deməliyəm ki, cənab Yakovlevin belə canfəşanlıqla müdafiə etdiyi mühitdə də quldur element var. O, bir az ədalətli olmalı, mədəniyyət pərdəsi altında qeyri-mədəni insanların çörəyinə bais olan elementə yox, vəhşi, idarəedilməz elementə daha çox can yandırmalıdır.” İclasın stenoqramından bəlli olur ki, Ə.Ağaoğlu olduqca emosional çıxış edirdi. Müşavirənin sədri, nazir V.N.Kokovtsov bildirdi ki, müzakirələr diqqəti əsas məsələdən yayındırır, “çünki tərəflər kimin kimi qarət etməsi, kiminin torpağını tutması haqqında mübahisə edirlər”.
Ə.Ağaoğlunun çıxışından sonra iclasda maraqlı hadisə baş verdi. Əhməd bəy “mən deməliyəm ki, cənab Yakovlevin belə canfəşanlıqla müdafiə etdiyi mühitdə də quldur element var” sözləri ilə nitqini bitirib yerinə oturanda, P.O.Qukasov, A.B.Asribekov, B.L.Oquleviç və digər neft sənayeçiləri V.N.Kokovtsova müraciət edərək demişlər: “Ağayev bizim cümləmizə ləkə vurdu. Namusumuza dəydi. Biz tələb edirik ki, Ağayev adbaad desin, görək bizlərdən oğru kimdir?” Ayağa qalxan Ə.Ağaoğlu nazirdən adları çəkmək üçün icazə istədi. V.N.Kokovtsov məclisə xitabən soruşanda ki, “Ağayevə izn verilsinmi?”, məclisdəkilər qışqırdılar: “Xeyr!! Xeyr!!”
İnandırıcı arqumetlər gətirən Ə.Ağaoğlu müşavirə iştirakçılarına sübut edirdi ki, Bakı kəndlərinin bütün əhalisinin qarətçilikdə günahlandırılması iftiradır və qərəzlidir. O, bu fikri 5 oktyabr tarixli iclasda bir daha bildirərək vurğulamışdır ki, kəndlilərdən torpağı almaq ədalətsizlikdir və bu tədbir problemi həll etməyəcək. Ə.Ağaoğlu demişdir: “Əgər qarətçiliyə işarə edirlərsə, onda mən ötən axşam dediyim kimi, bu qarətçilik mədənlərin özündədir. Orada qarət-çiliyin harada başlamasını və harada qurtarmasını müəyyən edən xətti cızmaq qeyri-mümkündür. Bu bütün mədən rayonunda mövcuddur. Buna görə yalnız tərəflərin birini göstərib, digərini göstərməmək çox ədalətsizlikdir… Lakin mən bildirirəm ki, hətta orada qarətçilərin olmasını nəzərdə tutsaq da (mən əminəm ki, kəndlilər arasında qarətçilər var), deməliyik ki, qarətçiliklə məşğul olmayan başqaları da var. Amma əgər kəndlilərin hamısı qarətçi deyilsə, əgər onlar arasında qarətçi olmayan ən azı iki nəfər varsa, bu iki nəfəri bir parça çörək qazanmaq hüququndan məhrum etmək çox ədalətsizdir. Onları dövlətin bütün vətəndaşlara verdiyi hüquqdan məhrum etmək tamamilə doğru deyil. Qarətçiləri cəzalandırın, qoy onlar orada yaşamasınlar. Lakin bütün insanları ümumdövlət hüquqlarından istifadə haqqından məhrum etmək, məncə, həddindən artıq böyük ədalətsizlikdir”.
Ə.Topçubaşov da V.N.Kokovtsova təqdim etdiyi məruzə məktubunda Abşeron kəndlilərinin köçürülməsi məsələsində Ə.Ağaoğlu ilə həmkifir idi. O, yazırdı: “…Aydındır ki, neft sənayeçilərinin bütün bu tələbləri onlar üçün sərfəli olsa da, yerli əhali üçün tamamilə zərərlidir. Axı neft sənayesinin əhəmiyyəti nə qədər böyük olsa da, bir neçə kəndin əhalisinin maraqlarını saya salmamaq düzgün deyil, xüsusilə ona görə ki, arzuolunmaz hal [azərbaycanlı kəndlilərin köçürülməsi – F.C.] neft sənayesinin ehtiyaclarından irəli gəlmir… Yaddan çıxarmayaq ki, təklif olunan tədbirlərin hamısı bu rayonda müsəlman elementini zəiflədir ya da məhv edir. Bu isə yalnız erməni milləti üçün əlverişli ola bilər, çünki müsəlmanların neft rayonundan uzaqlaşdırılması neft işində ermənilərin tam hökmranlığının bərqərar olmasına və ya yalnız erməni əhalisindən ibarət qəsəbələrin meydana gəlməsinə bərabərdir. Əlbəttə, ermənilər buna çalışırlar, ona görə onlara sərf edir ki, yerli müsəlmanlar hələlik mədənlərdə tikililərə sahib olmaq və xəzinə torpaqlarını icarəyə götürmək hüququndan məhrum edilsinlər. Daha sonra isə müsəlmanlar öz yerlərindən tamamilə çıxarılsınlar.Bununla belə, əgər həmin neft sənayeçiləri doğrudan da mədənlərdə həyatın düzgün axarından narahatdırsa, onda daha ədalətli olardı ki, onlar yerli əhalini mədənlərdən uzaqlaşdırmasınlar, əksinə, onu mədəniyyətə yiyələndirsinlər, onu elə həmin mədənlər üçün daha möhkəm və lazımi element etsinlər. Buna yerli əhalinin ümid etməyə haqqı var, çünki Allahın sərvəti olan neft onların yaşadığı və özününkü bilməyə adət etdiyi torpaqdan çıxıb fontan vurur.Yerli əhalinin həmin torpaqdan milyonlar qazanan neft sənayeçilərindən gözləməyə haqqı var ki, ona mədənlərdə göstərdiyi xidmətə görə cüzi də olsa, nə isə ayrılsın. Neft sənayeçiləri gərək yerli əhalinin köçürülməsi və ya hüquqlarının məhdudlaşdırılması haqqında deyil, əhali arasında məktəb və maarifin yayılması haqqında düşünsünlər, necə ki başqa sənayeçilər digər sənaye mərkəzlərində bunu edir. Həmin mərkəzlərdə yerli əhalini kütləvi cinayətlərə sövq etmirlər ki, sonradan bu sakinlərin köçürülməsi və ya hüquqlarının məhdudlaşdırılması haqqında qışqırmağa imkan olsun”.
Beləliklə, Ə.Ağaoğlunun və digər azərbaycanlı xadimlərin qəti mövqeyi müşavirənin yekun qərar çıxarmasına mane olmuş və məsələnin baxılmaq üçün canişinə göndərməsinə təsir göstərmişdir. İ.İ.Vorontsov-Daşkov isə yenə də deportasiyanı həyata keçirməkdə qətiyyətli idi. 1905-ci il sentyabrın sonunda Bakı general-qubernatoru S.A.Fadeyev Balaxanı, Sabunçu, Ramana və Zabrat kəndlilərini xəbərdar etmişdir ki, canişinin sərəncamı ilə onları cəzalandırmaq üçün kəndlərə qoşun göndərilib. Kəndmüvəkkilləri canişinə müraciət edərək, bu sərəncamın icrasını dayandırmağı istəmişlər. Onlar bildirirdilər ki, kəndlilərin hamısı baş vermişqırğınların günahkarı ola bilməz. Müvəkkillər həmçinin nəzərə çatıdırırdılar ki, müsəlman kəndlərində hərbçilərin olması “dini ayinlərin sərbəst icrasına təsir göstərəcək və dini hissləri təhqir edəcək, çünki məlum olduğu kimi, müsəlman qadınları öz ərlərindən və ən yaxın qohumlardan başqa heç kimlə görüşməməlidir.” Daha sonra bildirilirdi ki, bu kəndlərin köklü sakinlərindən heç kimhadisələrdə iştirak etməmiş və heç kim polis tərəfindən saxlanılmamışdır. Polis yalnız İran təbəələrini və ləzgiləri saxlamışdır. Müvəkkillər həmçinin qeyd edirdilər ki, kəndlərdə aparılan axtarışlar heç bir nəticə verməmişdir, çünki “…bəzi evlərdə aşkarlalan hansısa mexaniki hissələr və başqa əşyalar sübuta yetirmir ki, kəndlilərin hamısı quldurdur. Həm də ehtimal etmək olar ki, bu əşyalar hadisələrdən sonra – əmlak nəzarətsiz qalanda qarət olunub”.
Bu müraciətdən bir neçə gün sonra 8 nəfərdən (hər kənddən iki nə¬fər) ibarət nümayəndə heyəti canişinlə görüşmək üçün Tiflisə yola düş¬müşdür. Onların məqsədi hərbçilərin keçirəcəyi cəza tədbirinin ləğvinə nail olmaq idi. Nümayəndə heyəti canişinə zəmanət verməli idi ki, əgər ermənilər avqustda olduğu kimi sülhü və əmin-amanlığı pozmasalar, müsəlman kəndliləri də onları pozmayacaqlar.
Abşeron kəndlilərinin deportasiyası məsələsi 1906-cı ildə də gündəmdə qalırdı. Martda canişin yanındakı şura bir daha bu məsələni, o cümlədən köçürmə haqqında əhaliyə müraciəti müzakirə etmişdir. Məqalələrin birində Ə.Ağaoğlu bu planın haradan qaynaqlandığını yenidən xatırladaraq yazırdı: “Erməni millətçiləri bu məsələdən əsla əl götürməyəcəklər. Bu məsələ onlardan ötəri böyük bir milli məsələdir və onu öz məramları ilə həll etməkdə iki böyük məqsədləri var. Olan budur ki, kəndçilərə böyük bir tənbeh olunub onları ələddəvam [daimi – F.C.] özlərinə müti etsinlər. Mauzer, tüfənglər eliyə bilmədiyini şimdi həmin erməni millətçiləri dövlət əliylə etmək fikrindədirlər. Kəndçilərin yerlərini fəhləyə qazarma üçün almaq kifayət etməyib, kəndçiləri mədən dairəsində iş görüb maaş etməkdən məhrum etməyə qane olmayıb, şimdi də on minlik əhalini iki min ildən bəri oturduqları yerdən pərakəndə etmək fikrindədirlər!!… Bu tənbeh ilə erməni millətçiləri istiyorlar müsəlmanları vahiməyə gətirib onların bisərüpa [avara – F.C.], kəfalətsiz [etibarsız– F.C.], həmiyyətsiz [qeyrətsiz – F.C.] adamlar olmalarını sübuta yetirsinlər ki, gələcəkdə hər nə istəsələr etsinlər. Saniyən [ikincisi – F.C.] mədənlərin əmin, arxayın olması erməni milləti üçün və onun məqsədlərinin əmələ gəlməsi üçün böyük bir məsələdir. Necə ki məlumdur, ermənilərin əksər dövləti və bəlkə cümlə dövlətləri bu mədənlərdədir. Həmin bu mədənlərdən çıxan pulların vasitəsilə ermənilər Gürcüstanı ələ götürüblər. Həmin bu mədənlərdən çıxan pulların bir qismindənermənilər başlamışdılar müsəlman yerlərini almağa. Genə həmin bu mədənlərdən çıxan pullar ilə daşnaksütyun qoşunları saxlayır. Mədənlərin vasitəsilə erməni millətçiləri bir tərəfdən topraq hazırlayırlar, bir tərəfdən də qoşun silahlandırırlar. Lakin mədənlərin yanması bunların dimağlarını [keflərini – F.C.] yandırdı. Bunlar düşündülər, fikirləşdilər mədənsiz onlar iş görə bilməzlər. Heç bir məqsədə nail olmazlar. Əgər şimdi müsəlman erməni hadisəsi yatıb sülh və saziş davam edirsə, səbəbi genə bu mədənlərdir, bu fikirlərdir. Odur ki, erməni millətçiləri gecə-gündüz yatmayıb mədənlərin fikrini edirlər. Onlar tərəfindən əmniyyət axtarırlar. Bu əmniyyəti kəndlərin köçürülmələrində görürlər…”
Əhalinin müraciətlərini, Sankt-Peterburq müşavirəsində Azərbaycan ictimaiyyəti nümayəndələrinin mövqeyini nəzərə alan, həmçinin deportasiyanın iqtisadi nəticələrini, milli məsələnin onsuz da kəskin olduğu şəraitdə onun Cənubi Qafqaz müsəlmanları arasında nə cür reaksiyadoğuracağını anlayan İ.İ.Vorontsov-Daşkov Bakı kəndlərinin köçürülməsi məsələsini təxirə salmaq qərarına gəldi. Arxiv sənədlərindən göründüyü kimi, canişin bu məsələni “xüsusi qaydada” qaldırmaq niyyətində idi və hələlik daha önəmli vəzifə kimi Bakıda şəhər rəisliyinin yaradılmasını görürdü. Bir müddət sonra Bakı kəndlərinin köçürülməsi məsələsi gündəmdən çıxarılmışdır.

Sankt-Peterburq müşavirəsi ilə əlaqədar daha bir məsələyə toxunmaq vacibdir. Müşavirənin yekunlarına görə, 1905-ci ilin sonunda avqust yanğınlarından zərər çəkən mədən və zavod sahiblərinə işlərin bərpası üçün dövlət xəzinəsindən 20 mln. rubl ayrılmışdır. “İrşad” qəzetindəki məqalədə Ə.Ağaoğlu belə bir sual qoyurdu: “Avqust ayında zərər çəkənlər tənha neftçilərdənmi ibarətdir? Bəs bu qədər evləri dağılan və çöllərə düşən, dörd ay müddətində işdən qalan fəhlələr və məişətdən düşən kəndçilər, podratçılar, ev tikən və qeyri əşya sahibləri zərər çəkməyiblərmi? Yüz milyonçu Quqasova iki milyon zərəri artıqdır, yainki heç bir şeyi olmayıb əhli-əyalı [ailə üzvləri – F.C.] və külfət sahibi olan fəhlənin iki gün işdən qalması?” Təəssüf ki, Ə.Ağaoğlunun qaldırdığı məsələlər açıq qaldı. Hökumət neft sənayeçilərinə dəyən ziyanı tam ödəmiş, digər zərərçəkənlərin taleyinə isə laqeydlik göstərmişdir.
Dr. Fərhad CABBAROV
Capar.az