Türkiyənin sonuncu gəlişi

Ankaranın diplomatik və hərbi gedişlərinə müqavimətlər və gözləntilər

AXCP sədrinin müavini Seymur Həzi

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə təlimləri cəmiyyətdə ciddi emosional titrəyiş yaradıb. Bu cür əməkdaşlıq birinci dəfə deyil, ancaq ilk dəfədir ki, bu cür ictimai həyacan hiss yaşanır. Burada, əlbəttə, iyulun 12-14 də cəbhənin Tovuz istiqamətində baş verən olayların ciddi təsiri var. Ancaq ekstazın bu qədər yuxarı olması üçün bu bəs edərmi, demək çətindir. Azərbaycan müharibə, məğlubiyyət, itki yaşamış toplumdur. İyul olaylarına verdiyi reaksiyadan da göründü ki, xalq özünü təbii məğlub saymır və məğlubiyyəti, təcavüzün doğurduğu nəticələri həzm etmək istəmir. Ən başlıcası düşmənlə haqq-hesab çəkməsi üçün yardıma ehtiyac duyduğunu da dilinə gətirmir. Amma üstündən bir neçə gün keçdikdən sonra Türkiyə silahlı qüvvələrinə məxsus bölmələrin Azərbaycana daxil olması səhnələrində görürük ki, hətta “Türkiyə ordusu Azərbaycanda qalsın” şüarları səsləndirilir. Biz isə bu məsələni bir qədər tarixi siyasi aspektdən, həm də münaqişənin həllinə, xüsusilə Azərbaycanın maraqları çərçivəsində həllinə təsirini gözdən keçirərək təhlil etməyə çalışacağıq.

10 il öncə; sərhəd skandalı

Türkiyə 10 il öncə Ermənistanla sərhədləri açmaq üçün bir diplomatik prosesə girdi. Nəticəsi ortadadır- sərhədlər bağlı. Amma proses daha maraqlı idi. Azərbaycan və Rusiya bu diplomatiyadan ciddi narahatlıq duyurdu. Rəsmi Bakı bu prosesin alınmaması üçün bir çox dairələrlə əməkdaşlıq etdi. Rusiya Azərbaycan “millətçi” dairələrini Türkiyə millətçi dairələrinə təsir etməyə təşviq edə bildi. Nəticədə MHP (o zaman Ərdoğana ciddi müxaliflik edirdi) açıq şəkildə Türkiyə toplumunu Ərdoğana qarşı qoymağa başladı. Azərbaycandan qopan “harayları” eşitməyə məcbur qalan Türkiyə hökuməti prosesi həvəslə aparmaqdan əl çəkdi. Tamam başqa bir məsələ də var ki, Ermənistan parlamenti də bu məsələdə neqativ mövqe tutmuşdu. Nəticədə ABŞ və Türkiyənin birlikdə Ermənistanı Rusiyanın təsirindən çıxarıb, Türkiyənin (Qərbin) təsiri altına almaq siyasətinə Azırbaycan hökuməti, Rusiya hökuməti və səsscə olsa da ABŞ-dakı erməni lobbisi mane ola bildi. Azərbaycan və Rusiyanın buradakı marağı aydındır. Rusiya ona görə bu prosesə mane olmaq istəyirdi ki, Türkiyənin diplomatik yolla münaqişənin həllinə nail olması bölgəni tamamən Rusiyadan alacaqdı. Azərbaycan hakimiyyəti isə ona görə istəmirdi ki, hakimiyyətdə qalmaq üçün istifadə olunan ən ciddi kart itirilmiş olacaq, tam avtoritar Rusiya ilə olan bağlar demokratik ( o zaman tam belə idi) Türkiyə və onun müttəfiqlərinin əlinə keçəcək. Bu isə hakimiyyətin davamiyyəti üçün real təhlükə ola bilərdi. Bu, sadəcə, təhlildir. Nəticə budur ki, indi ölkəmizdə “Türkiyə Azərbaycanda hərbi baza yaratmalıdır” şüarları səslənir. Yəni diplomatik hərəkətinə mane olduğumuz ( rəsmi olaraq) Türkiyədən indi hərbi birlikdəlik gözləyirik. Bu bizim millət kimi gözləntimiz ola bilər. Amma ortada təbliğat elementləri də varsa, deməli düşünmək lazım gəlir- işin içində siyasət var.

Türk ordusu nəyə kömək edəcək?

Bizim üçün əsas sual budur. İkinci sual isə belədir- TSQ Azərbaycan üçün nəyin qarantiyasıdır. Status-kvo, yoxsa, işğala qarşı müharibə? Əgər Azərbaycan hökuməti Ermənistanın Qərbə açılan qapısı kimi Türkiyənin əsas rol almasını və İrəvanı Ankaradan asılı edəcək bir yaxınlaşmanı istəmirdisə, bunu Türkiyə də aydın şəkildə bilir və unutmayıb. Nəzərə alaq ki, o zaman da hakimiyyətdə eyni qüvvələr idi. Türkiyə və Rusiyanın Ermənistan uğrunda diplomatik savaşında Rusiyanın tərəfində duran rəsmi Bakı indi hansı zərurətdən burada Türk ordusunun uzunmüddətli qalmasını təbliğ edir və bunu ictimai rəydə bərkitmək istəyir? Görünür ki, Ermənistanda dəyişən siyasi konyuktura vəziyyəti yenidən gərginləşdirib. Gərginliyin kökündə Rusiyanın Ermənistan silahlı qüvvələrinə təsir imkanları və Paşinyanla soyuq münasibətləri, eyni zamanda Azərbaycan hökumətinin ATƏT-dən çıxmaq barədə bəyanatı dayanırdı. ATƏT-dən çıxmaq müharibəyə başlamaq bəyanı idi. Azərbaycan torpaqlarını vermək fikrində deyil təbii ki. Rusiya isə məhz Ermənistandan Azərbaycana hücum təşkil edərək Bakıya bu imtinanın hansı fəsadlara yol aça biləcəyinə dair konspekt göstərdi. Təbii ki, Azərbaycan üçün itkilərla barışmaq çətindir. Amma münaqişənin yenidən alovlanması və dərinləşməsi risk ediləcəklər siyahısından çıxarıldı. Türkiyə isə yenidən alovlanma dövründə Azərbaycana dəstək bəyanatları verdi. Bu bəyanatlar Rusiya və onun yaratdığı hərbi blokların bəyanatlarından az sərt olmadı. Birgə təlimlər əvvəlcədən imzalanmış saziş çərçivəsində olsa da, şəxsi heyyətin sayı və texnikanın müxtəlifliyi mövzuya xüsusi rəng qatdı. Yeni suallar yaratdı. Türkiyə Rusiya ilə Azərbaycanda savaşarmı? Cavab belə ola bilərmi- Suriya və Livyada savaşırsa bəli. O zaman ikinci sual- Türkiyə Rusiya ilə indiki status-kvo pozularsa savaşar, yoxsa əvvəlki status-kvonu Azərbaycanın 1991 ci il ərazilərini bərpa etmək üçünmü? Bax bu çətin sualdır. Amma eyni zamanda 1991-ci ildən bu tərəfə olan təcrübə deyir ki, vuruşmaz. Yəni Türkiyə və Rusiyanın bölgədə üz-üzə durması hazırki vəziyyətin qorunmasına hesablana bilər.

İlham Əliyevin zəngi

İyul olaylarından sonra Rusiyadan Ermənistana intensiv hərbi yüklərin daşınması diqqəti cəlb etməyə bilməzdi. Bu birinci hal deyil. Amma həcm və intensivlik baxımından bir qədər fərqli təəssürat yaradan bir addımdır. Görünür ki, İlham Əliyev məhz buna görə Putinə zəng edib, narahatlığı ifadə etmək zərurətini hiss edib. Bu həm də provakasiyanın növbəti dalğasının olması sualının Putinə ünvanlanması anlamına gələ bilər. Belə olan halda TSK nın sonuncu gəlişinin daha bir çaları haqqında düşünməyə dəyər.