Düşmənlə sərhəddə atışma; 3 hərbçimiz şəhid oldu

12 iyul şəhidləri, soldan sağa: Vüqar Sadıqov Elşad Məmmədov Xəyyam Daşdəmirov

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sərhədin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozub, artilleriya qurğularından istifadə ilə mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilir ki, düşmən cavab atəşilə susdurulub, hər iki tərəfdən itkilər var.

Rəsmi məlumata görə, Azərbaycan bu atışma nəticəsində 3 şəhid verib.

1. Çavuş Sadıqov Vüqar Lətif oğlu;
2. Baş əsgər Məmmədov Elşad Dönməz oğlu
3. Əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu

Daha 4 hərbçini isə yaralı olduğu deyilir.

Ermənistan tərəfi rəsmi açıqlamasında itki vermədiklərini deyib. Lakin Azərbaycanda bəzi media quruluşları ermənilərin 30-a yaxın hərbçisini itirdiyini tirajlayıb.

Erməni media quruluşlarında isə ərazidə vurulub qalmış bir UAZ markalı hərbi maşının fotosu yayılıb. İddia edilir ki, maşın Azərbaycan orsuna məxsusdur, Ermənistanla sərhədi keçmək istəyib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, erməni hərbi birləşmələri Tovuzun Ağdam kəndinin üstündə yerləşən strateji Qaraqaya postuna hücum edib. Bəziləri postu ermənilərin ələ keçirdiyini, bəziləri isə orumuz tərəfindən geri alındığını yazırlar.

Tovuz və ətraf rayonlardan olan mənbələr isə atışmanın iyulun 13-ü gecə saatlarından da davam etdiyi haqda xəbərlər və video paylaşıblar.

Azadlıq info.