amerika

ABŞ-ın müstəqillik ili və Adam Smitin “Millətlərin sərvəti”

Iqtisadi Təhlil İnstitunun sədri, ıqtisadçı Məhəmməd Talıblı

Bu gün ABŞ-ın müstəqillik günüdür. 244 il əvvəl “İstiqlal Bəyannaməsi” ilə siyasi yaddaşı yazmağa başladı. 1776-cı il…
Həmin ilin dünyanın iqtisadi fikir tarixi baxımından başqa bir önəmli hadisə ilə də yaddaşlarda qalıb. Liberalizmin “atası” sayılan Adam Smitin “Millətlərin sərvəti” əsəri 1776-cı ilin mart ayında Londonda çapdan çıxmışdır. Smit bu əsəri ilə dünya şöhrəti qazanmış və iqtisad elminin atası səviyyəsinə yüksəlmişdir.

Əsərdə irəli sürülmüş sosial, iqtisadi və siyasi problemlərin A.Smit təhlili tezliklə geniş oxucu kütləsini cəlb etdi və buna görə 1778-ci ildə kitab yenidən nəşr olundu.

Amerikada istiqlaliyyət müharibəsinin başa çatması və Avropada kapitalist münasibətlərinin püxtələşdirilməsinə doğru irəliləyişlər kitaba olan marağı yenidən artırmış oldu.

A.Smit öz kitabının üçüncü nəşri haqqında fikirləşməyə başladı. Beləliklə əsər 1784-cü ildə üçüncü dəfə nəşr olunur və Smit hər nəşrdə mətnlərin yaxşılaşdırılması üçün əlindən gələni edirdi. Bundan sonra kitab daha iki dəfə 1786 və 1789-cu illərdə nəşr olundu.

Kitabxanamda bu əsər nədənsə mənə ABŞ-ın siyasi müstəqilliyinin iqtisadi əsasları kimi düşüncəmdə assosasiya olunur. İqtisadi konsepsiya qədər nəhəng həcmi də var – 700 səhifəlik.

Birinci kitabda – iqtisadi artımın əsas faktoru olan əmək bölgüsünə baxılır. Sonra müəllif istehsal olunan əmtəələrin və xidmətlərin dəyəri problemlərini araşdırır. daha sonra kitabda əmək haqqı, kapitala mənfəət və rentanı əhatə edən bölgü nəzəriyyəsinin şərhi ilə başa çatır.

İkinci kitab – iqtisadi artım üçün zəruri olan kapital yığımına və bu yığımı təmin edən qənaətin əhəmiyyətinə həsr edilmişdir.

Üçüncü kitabda bir qədər iqtisadi təhlildən uzaqlaşan müəllif müxtəlif xalqların rifahından bəhs edir, ictimai inkişafa dair görüşlərini şərh edir.

Dördüncü kitab- siyasi iqtisadın sistemləri haqqındadır. Burada siyasi iqtisadın tarixindən və tənqidindən bəhs edilir. Bu kitab özü doqquz fəsildən ibarətdir. Bunlardan səkkizi merkantilizmin tənqidinə, bir fəsil isə fiziokratlara həsr edilmişdir. Burada müəllif ilk olaraq azad mübadilənin zəruriliyinin nəzəri isbatını verir.

Beşinci kitab- ictimai maliyyəyə həsr edilmişdir. Dövlətin xərcləri barədə Smitin təhlili bu günə qədər liberal fikrin böyük nailiyyəti olaraq qalır. Bu kitabın birinci fəslində dövlət məsrəfləri, üçüncü fəsildə dövlət borcları nəzərdən keçirilir. A.Smit məhz bu beşinci kitabda konkret materiallar əsasında əsaslı iqtisadi problemlərə dair öz mülahizələrini bildirir. Məsələn, onun vergilər haqda mülahizəsi də diqqətə layiqdir. Smitə görə, dörd vergi prinsipi vardır: bərabərlik, aydınlıq, ödəmə rahatlığı və vergi toplanmasının iqtisadi bir formada aparılması.

Smit, sərvəti “ölü bir varidat” kimi iqtisad elminin predmetinə daxil etməyib, o, insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini, davranış qaydalarını da araşdırmış və qiymətli fikirlər söyləmişdir.

Siyasi müstəqilliyin təminatı iqtisadi müstəqillikdədir!