Nə üçün azadlıq? Niyə mübarizə? Kim olmaq üçün savaş?

AXCP sədrinin müavini Seymur Həzi

Nə üçündür bu mübarizə, nə deməkdir “azadlıq”, biz kim olmaq istəyirik? 38 yaşımın 20 ili artıq mübarizədə keçib. Kitab kimi adamları tanımaq bir tərəfə, kitabxana kimi adamları unutduğumu hiss edirəm bəzən. O zaman da Əliyevlər, bu zaman da Əliyevlər. O zaman da “azadlıq”, bu zaman da “azadlıq”. Ona görə dırnaqda yazıram ki, bunu mən sözün birbaşa mənasında nə anlamaq nə də anlatmaq istəyirəm. Nə qədər adam diri-diri öldü, nə qədər ruh hələ də ölümüylə barışmır, bu mübarizə meydanlarında. Amma yenə də eyni çəkic, eyni zindan, eyni cingilti. Bezmədikmi? Bezdikmi? Axırda biləcəyik bəlkə də. Bəlkədə yox. Fəqət, üstünü toz dumanı basımış həqiqət ondan ibarərtdir ki, biz hələ də niyyətimizdən dönməmişik. Niyə?

Faktın ölümcüllüyü


“Azadlıq istəyi”ndə bizi qınamaq da olar. Qınayanlar da var. Hətta rişxənd edənlər də var. Bunu bilməyərəkdən, küyə gedərək, amma həm də qəstdən edənlər də. Ancaq fakt budur ki, biz azad deyilik. Biz nə istədiyimizi etməkdə azadıq, nə də istəmədiyimizi etməməkdə. O zaman biz bunu istəməyəkmi? Fəlsəfi olaraq biz bunu öncə özümüzdən istəməliyik. Sonra gəlir ikinci addım, sosioloji tələb. Yəni biz birinci addımda özümüz qərar veririk ki, bizdə nə çatmır və çatışmayanı təmin etməliyik. Daha sonra onu bizdən alan tərəflə münasibətlərimiz başlayır. Al, bu da az qala 30 illik münasibət. O vermir, biz də vaz keçmirik. O vermir, çünki, divin canı şüşədədir. Şüşə qırılsa, oradakı canlı azadlığa qovuşsa, divin heç bir hökmü qalmayacaq. Ona görə də DİV qorxu və ölüm saçır. Amma o canlı (azadlıq) uğrunda döyüşənlər də bilirlər ki, onu əldə etməyincə “yaşadım”deyə bilməyəcəklər. Ona görə də azadlıq ya onun özüdür, ya da uğrunda buxovsuz mücadilə. Bəli, bu faktın ölümcüllüyüdür. Bizə qarşı olan arqumentlərin məzarıdır. Çünki, biz azadlığı əldə etmədən, onu dadmış kimi yaşaya bilmərik. Bu cəhənnəm təsvirlərindəlki axan, ancaq susuzluğu yatırmayan çaylardan su içməyi xatırladar. Bunu bu gün edənlər varmı? Var, onlar bizə nifrət edirlər. Niyə? Çünki, bizim “cənnət”də olmasaq belə “cənnət”də olmadığımızı demək cəsarətimiz və onun uğrunda verdiyimiz mücadilə onlarda yoxdur və ən başlıcası biz o ilıq çayların sularından içmirik. Azadlığın boy ölçüsü yoxdur. Günümüzdə on minlərlə insan onun üçün ən müxtəlif formalarada savaşır. Hərə bir cür azadlıq istəyir. Düşünürsən ki, bu qədər insana istədiyini vermək mümkündürmü? Mümkündür əlbəttə. Azadlıq elə bir şüurlu ortaqlıqdır ki, hər kəsə öz çevrəsinin içində (ŞÜURunda) səmavi dönüşünü etməyə imkan verir. Ona görə də “Mən sənin düşüncələrini bəyənmirəm, amma sənin onları ifadə etmək azadlığın uğrunda canımı verməyə hazıram” deyimi bütün azadlıqsevərlərin ən baş şüarıdır. Cəbhəçilər, NİDA-çılar, ayrı-ayrı fəallar, dindarlar femmin quruplar hər kəs azadlıq istəyir. Bu azadlığa ən yaxın olan özündən başqa hamıya ən dözümlü olandır. Hamıyla ən çox ortaqlaşa biləndir. Budur azadlıq dəyəri. Onu tam dərk etmədən yola çıxmaq sizi çox yersiz savaşlara çəkəcək.

Mübarizə fenomeni

Nə üçün biz mücadilə etməliyik? Niyə həbsxanalara düşməliyik? Mən həbsə düşəndə yeniyetmə olmayan qızlar mən həbsdən çıxanda ana idilər. Uşaq simalarını xatırlayıb gülümsədiyim hər kəs mən azadlığa çıxanda həyatın sərt silləsini yemiş yetkin nəzərlərlə qarşıladılar məni. Bu mənə lazım idimi? Ən dəhşətlisi valideyinlərim hər həftə gözümün önündə qocalırdılar. Hər dəfə məni görməyə gələndə onları bir az daha… ( ifadə edə bilmirəm). Məsələ bu deyil. Biz bütün bunları bilə bilə savaşmalıyıqmı? Düşünək ki, savaşmamalıyıq. Bəli, biz bu gündən tabe oluruq qocaman təbiətin var qüvvəsinə! Alqış! Bəs sonra? Heç nə! Sadəcə, heç nə! Biz kimik, bilən varmı? Haradayıq? Bunun bir mənası varmı? Yoxdur! Yoxdur! Yoxdur! Biz bu andan etibarən üzərinə yol nişanı həkk edilmiş dirəkdən də faydasızıq. Çünki, heç olmasa o dirəklər qabağa (gələcəyə) aparan yol nişanını daşıyır. Tabe olmuş insan isə heç bir yükü daşımağa qadır deyil, öz cismindən başqa. Yəni o artıq sosial deyil, sadəcə BİOLOGİYADIR. Özü də siaysi biologiya. Biz bu dünyada tərəf tutmalıyıq, bu ilahi oyunun baş tutması üçün öz komandamızı seçməliyik. Ağların, qaraların, yoxsa buqələmunların tərəfindəyik? Uşaq vaxtı oxuduğum bir kitabdan ( çox heyif müəllifi və əsəri xatırlamıram) bir səhnə xatırlayıram. Zadəgan edam olunmuş əsilzadənin ölümünə münasibəti öz adamları arasında belə araşdırır. İfadə belədir: “Mən bilmək istəyirəm, Arturun başı vurulanda sən özünü tutmuşdun, ya cəlladı seyr edirdin?” Bəli biz cəlladı seyr edə bilmərik. Ona görə də ən azı üzümüzü tutmalıyıq. Bu da bir tərəf seçməkdir.


Arzuladığımız insan- bilik, vicdan və xeyrxahlıq


İnsan azadlığın nə olduğunu bilmədən onun uğrunda savaşırsa, vay onun halına. Çünki, azadlığı əldə edəndə də bundan xəbəri olmayacaq. İnsan azad olunca nə edəcəyini bilmirsə, o da xoşbəxt olmayacaq. İnsan azadlığını başqaları ilə necə çulğaşdıracaq? Bizim düşündüyümüz insan daima meydanların, küçələrin, geniş prospektlərin əks səda veran azadlıq carçısı deyil. O həm də əldə etdiyi dəyəri anlaya bilən bilikli insandır. Onun bilməsi bəs etmir, o toplumsal əxlaqın daxili nizamlayıcısı olaraq vicdanını tanıyır. Hesabatlıdır. Özünə cavab verəcək qədər cəsurdur. Çünki, vicdanlıdır. O, xeyirxahlığın ilahi ruhuna inanır. O, rifahın bu üç elementini dərk edir.
Bəs yalançılar və saxtakarlar? Onları iki yerə böləcəyik, bəzilərini -çəltiyə qarışmış qara daşları- əlimizlə götürüb atacağıq, bəzilərini- yüngül qabıqları və alaq toxumlarını- zaman özü küləyə sovuracaq!