Ölkənin ödəniş balansında 1 milyard 344 milyon dollar kəsir əmələ gəlib

AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyev

“Hökumətin A planının izini-tozunu gördüm” deyən olmasa da, B planının sədası gəldi: bu ilin birinci rübündə ölkənin Ödəniş Balansında 1 milyard 344 milyon dollar kəsir əmələ gəlib. Kəsir maliyyə hesabına görə yaranıb.
Mərkəzi Bankın hesablamalarına görə birinci rübdə xam neftin orta ixrac satış qiyməti 57,6 dollar olub. Deməli, cari ilin birinci rübündə ölkənin Ödəniş Balansı neftin 57,6 dollar səviyyəsinə tab gətirməyib. Birinci rübdə idxalın real həcminin 33 faiz azaldılması istiqamətində fəaliyyət də diqqəti cəlb eləyib. Bununla belə, Azərbaycanla xarici ölkələr arasında valyuta axınları üzrə tarazlığı yenə də qoruyub saxlamaq mümkün olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə cari ilin aprel və may aylarıda idxalın real həcmi üzrə azalma prosesi davam edərək 40 faizin üzərinə yüksəlib. Amma qeyd edilən aylarda neftin orta ixrac satış qiymətləri də 2 dəfəyə yaxın ucuzlaşıb. Deməli, ölkədə iqtisadi fəallığın aşağı düşməsi bahasına başa gəlsə də, idxalın zəiflədilməsi, başqa sözlə desək, xaricə valyuta axınının ixtisar olunması istiqamətində fəaliyyət birinci rübdən sonrakı dövrdə də davam etdirilib. Amma birinci rübdən sonrakı dövrdə neftin kəskin ucuzlaşması hesabına ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalmasını da nəzərdən qaçırmaq olmaz.
Nisbətən baha neft qiymətləri hesabına ölkənin Cari Əməliyyatlar Hesabını birinci rübdə 696 milyon dollar həcmində profisitlə başa vurmaq mümkün olub. Lakin 2 dəfə az valyuta qazancı ilə qeyri neft-qaz sektorundakı iri valyuta xərclərini kompensasiya etməyin mümkün olmayacağı da gün kimi aydındır. Buna görə də Tədiyyə Balansının Cari Əməiyyatlar Hesabında da kəsir əmələ gələcəyi qaçılmazdır.
Bu səbəbdən növbəti rübdə ölkənin Ödəniş Balansı üzrə kəsir məbləğinin böyüməkdə davam edəcəyi heç şübhə doğurmur.