Deksametazon: “Koronavirusa qarşı ilk dərman”

Deksametazon adlı ucuz və geniş yayılmış bir dərman ağır vəziyyətdə olan koronavirus xəstələrinin həyatını xilas etməyə kömək edə bilər.

Britaniya ekspertlərinə görə, aşağı dozalı bu steroid dərman ölümcül virus ilə mübarizədə böyük bir irəliləyiş deməkdir.

Bu preparat süni tənəffüs aparatlarına qoşulmuş xəstələr arasında ölüm riskini üçdə bir azalda bilər.

Oksigen verilən xəstələr arasında isə bu preparat ölüm əmsalını beşdə bir azaldıb.

Bu dərman koronavirusun müalicəsi üçün dünya boyu keçirilən sınaqların ən iri miqyaslısı çərçivəsində yoxlanılıb.

Tədqiqatçılar hesab edirlər ki, bu preparat koronavirus pandemiyası başlayan dövrdən Britaniyada xəstələrin müalicəsi üçün istifadə olunsaydı, o zaman 5000-dək xəstənin həyatını xilas etmək olardı.

Bu preparat ucuz olduğundan, Covid-19 xəstələrinin çox olduğu yoxsul ölkələrdə onun istifadəsi böyük fayda gətirəcəyinə inanılır.

Britaniyada sınaqlara Oxford Universitetinin komandası rəhbərlik edib.

Britaniya səhiyyə rəsmilərinə görə, koronavirus xəstələrinin 20-dən 19-u xəstəxanaya getmədən sağalırlar. Xəstəxanaya aparılanların çoxuna isə oksigen və ya mexaniki ventilyator lazım olur.

Deksametazon məhz ağır vəziyyətdə olan xəstələrə kömək edir.

Bu dərmandan artrit, astma və bəzi dəri xəstəlikləri zamanı istifadə olunur.

Onun koronavirusla mübarizə aparan bədənin immun sisteminə dəymiş bəzi zərəri dayandırmağa yardım etdiyi güman edilir.

bbc.com