
Milli Şuranın sədri Cəmil Həsənli
İlham Əliyevin sonuncu silahı kimi polis də əlindən çıxdı. 8 iyun polis böhranı, polisin iflas günüdür. Bu iflasın əmrin o, özü vermişdi. Polisi vətəndaşın üzərinə o, özü göndərmişdi, polisin quduzcasına vətəndaşı küçədə lüt sürüməyə o, özü vadar etmişdi. Amma bu quduzluğun iynəsin xalq vurdu. Yuxarıdan atılan zibil torbaları, uzun illər polisin vətəndaşa tikdiyi torbalar idi. İyun böhranı zamanı həmin torbalar polisin öz başına keçirdi. 8 iyunda baş verən polis zorakılığı xalqın içində olan nifrəti daşdırdı. Hərə öz bildiyi kimi bu nifrəti ifadə etdi. Əliyev rejiminin son dayağı olan polis çökdü. İlham Əliyevin eyforik göstərişi polisi çökürtdü, onu gücsüz duruma saldı. Polisin 8 iyundakı “Pırr qələbəsi” heç Pirallahıya da çatmadı. Rejimin başlıca dayağı olan daxili işlər orqanları ağılsız bir əmrin ədəbsiz icrasında özünü yandırdı. İndi artıq polis Qazaxlı seçki rəsmisi olan bir xanımın dili ilə desək Əliyev üçün sağ olsa da, xalq üçün ölüf! Bundan sonra İlham Əliyev korrupsiya pulları ilə Şeyx Nəsrullahı İsfahandan xortdadıb gətirtsə də polisi dirildə bilməz.
İndi hər kəsi bir şey düşündürür: Azərbaycanın başlıca problemi nədir? On ilə yaxındır təkrar-təkrar deyirəm ki, ölkənin başlıca problemi İlham Əliyevdir. Azərbaycan onun ağılsız ekspermentlərinin girovuna çevrilib. Bəla onda deyil ki, o, özü bir şey bacarmır, bəla ondadır ki, onun bacardığı şeylər ölkənin çökürdülməsinə xidmət edir. Dövlət orqanları onun kaprizinin girovuna çevrilib. Şəxsi “mənini” ifadə edə bilməyən birisinin “Dövlət mənəm” eqosu dövlət adına kleptokratik kriminal güruhun təntənəsini doğurub. Elə bu təntənənin atəşfəşanlığı fonunda o, son günlər tək ağlını deyil, deyilənlərə görə huşunu da itirib. Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə artıq 3-cü dəfə onun Hitlerin tort xəritəsində Bakını yemək istəməsi barədə “süfrə açması” Əliyevi gülüş hədəfinə çevrilib,
Bəli, doğrudan da Azərbaycanın ən böyük problemi İlham Əliyevdir. Bu illər ərzində o, və ailə üzvləri milyarder oldular, amma Əliyev dəyişmədi, inkişaf etmədi. O, ölkəni öz geriliyi ilə sökdü, məmləkəti imitasiya siyasəti ilə çökürtdü. Onun volyuntarist qərarları dövlət orqanlarının iflas vəziyyətinə gətirib. Bu gün Azərbaycan yalnız pandemiya təhlükəsi ilə üz-üzə dayanmayım, ölkə həm də hakimiyyət orqanlarının iflası ilə üz-üzə dayanıb. Nazirlər kabineti, Milli Məclis, iqtisadiyyat səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliyi çöküb. Bunun bir səbəbi İlham Əliyevin dövlət qurumlarını iflic etməsi ilə bağlıdırsa, digər səbəbi yüksək vəzifə sahiblərini peşə, bacarıq, nüfuz göstəricilərinə görə deyil, şəxsi sədaqət keyfiyyətlərinə görə təyinatı ilə bağlıdır.
Novruz Məmmədovun baş nazir təyin edilməsi nə qədər gülməli idisə, virusu idxal edən Əli Əsədovun onu əvəz etməsi eyni dərəcədə ağlamalıdır. İlham Əliyev itin qabağına ot qoyur, atın qabağına ət. Uzun müddət su müdir olmuş birisi ilə parlamenti simasızlaşdırdı, indi də o sahildən, bu Sahilə vurnuxur. Sahil demişkən sosial nazir Sahil Babayev elementar bir işin öhdəsindən gələ bilmədi, səhiyyə nazirinin gərək çar çəkib axtarışa versinlər. Əgər ölkəni bürümüş Covidə TƏBİB loğmanlıq edəcəkdisə, bəs onda səhiyyə nazirliyinin işi nədən ibarətdir? Yüzlərlə adam qızdırma içərisində Coviddən can verir, yer yoxdur deyə heç bir xəstəxana virusa tutulmuş xəstələri qəbul etmir, amma xəstənin birin hakim ailə xüsusi nəzarətə götürür. Bu nəzarətsizlikdən və baxımsızlıqdan, laqeydlikdən jurnalist Seymur Kazımovun atası həyatını itirdi. Mikayıl Cabbarov beş-altı nazirlik dolansa da, rəhbərlik etdiyi sahələrdə diqqəti çəkən bir dəyişikliklər edə bilmədi. Global böhran şəraitində tək iqtisadçı Qubad İbadoğlunun fəaliyyəti Baş nazir də daxil olmaqla Əliyev hökumətinin bütün iqtisadi və sosial blokunun toplam fəaliyyətindən daha səmərəli oldu. Bunlar özləri bir şey bacarmır, bacaran adamları da eşitmək istəmirlər.
Virus ölkəni bürüyüb. Virusdan başı çıxan adamlarla məsləhətləşib çıxış yolu aramaq əvəzinə polis dəyənəyi ilə Covid qovurlar. Adamlar özlərinə hesabat vermirlər ki, yaxşı iki ay 600 min adama 190 manat verdin, amma axı vəziyyət düzəlmək əvəzinə daha da ağırlaşıb. İndi planınız, fikriniz nədir? Yaratdığınız qara bazarda, rəsmi iqtisadiyyatı üstələyən kölgə iqtisadiyyatında həyat dayanım, axşam evinə 10-15 manat çörək pulu aparaq milyonlarla qeyri-leqal işçi acınacaqlı duruma düşüb. Nə etmək fikrindəsiniz? Axı, adamları polis dəyənəyi ilə qovub evlərə salmaqla iş düzəlmir.
Bir müddət əvvəl İqtisadiyyat naziri maliyyə amnistiyasının anonsunu verib. Vəzifəli şəxslərin gəlirləri haqqında deklarasiya sənədi qəbul edildimi? Hansı vəzifəli şəxs silkələnir, altından milyonlar tökülür. Əliyevin korrupsiya ortağı olan nazirlərin və digər vəzifəli şəxslərin 100 milyon funtluq, avroluq, dollarlıq hesabları bütün ofşor hesabları bəzəyir. London hesablarına köçürülmüş 3 milyard dollar həcmində olan sənəd sübutlu oğurluğun dövlət adına hesabını soran yoxdur. Maliyyə amnistiyası verilməlidirmi? Verilməlidir, amma kimlərə? Vergidən yayınmış, ikili mühasibatla işləmiş, vətəndaşın sosial haqlarını mənimsəmiş, körpü tikintisində 28 əvəsinə 22 ölçülü armatur işlədib “qabağa düşmüş” iş adamlarına, yoxsa yüksək vəzifə tutub cinayət yolu ilə milyardları, milyonları oğurlamış, insanların mülkiyyəti zora ələ keçirmiş, qiymətlərin şişirdilməsi hesabına büdcəni talamış, dövlət vəsaitlərini natəmiz yollarla xarici ofşor hesablara daşımış yüksək vəzifə sahiblərinə? İndi nə adla bu təqdim edilməlidir? Prezident çıxıb deməlidir ki, ay əziz xalqım gərək sən məni bağışlayasan, mən sənin səsinlə yanaşı sərvətlərini də oğuramışam. İndi daha qanun qəbul edildi və bütün bunlar “təmizə” çıxarıldı, ölkə mənim oğurluq vəsaitlərim olmadan keçinə bilmir. Gərək bizim bu “vətənpərvərlik” təşəbbüsümüzü başa düşəsiniz. Bu təşəbbüs bizim millətə sevgimizdən irəli gəlir. Fəaliyyətdolan nazir çıxıb deməlidir ki, ay mənim xalqım mən ölkə başçısı ilə əl-ələ verin rüşvət toplamışam, büdcə vəsaitlərin talamışam. İndi qanun mənə icazə verir ki, oğurladığım vəsaiti gətirib səni “ağ günə” çıxarım. Dünyanın heç yerində maliyyə amnistiyası prezident-oliqarxa, nazir oliqarxa verilmir, iş adamlarına verilir. Görünür bunlar çirkli pulları “təmizə” çıxarmağın daha kreativ yollarını düşünürlər.
Bohran dərinləşdikcə İlham Əliyev xilas yolları arayır. Onun siyasətində xalq anlayışı yoxdur. Su böhranı onun bütün planlarının suya düşdüyündən xəbər verir. Əliyevlər dövründə Bakının su təchizatı üçün milyard manata yaxın büdcə və qrant vəsaitləri xərclənib, əvəzində ölkədə Kərbəla susuzluğu yaşanır. Bu gün su böhranı ona görə yaranıb ki, bu məqsədlə ayrılan vəsaitləri yeyib üstündən də Əliyevlə birlikdə su içiblər. Bunun ətrafında bir nəfər də olsun təmiz adam yoxdur. Adı korrupsiya araşdırmalarında keçən şəxslərlə korrupsiyaya qarşı imitasiya göstəriləri xalqın kükrəyən qəzəbini soyutmadı. Çünki o, özünün başında dayandığı korrupsiya şəbəkəsini dağıda bilməz. İlham Əliyev dövlətçilik hekayəsi korrupsiyadan keçir. Hətta ölkənin müdafiə xərcləri belə onun korrupsiya şəbəkəsindən kənarda qala bilmədi. İlham Əliyev korrupsioner tutmur, onun korrupsiya şəbəkəsində axsayanları tutdurur. Hər birinin altından İlham Əliyevlə birlikdə daldaladıqları böyük pul bağlamaları çıxır. Bax, buna görə də xalq korrupsiyaya qarşı mübarizədə baş korrupsionerə ümidini itirib. İtmiş ümidi kosmetik addımlarla bərpa etmək mümkünsüzdür.
19 mart “təmizləmə doktrinası” ilə Əliyev korrupsiya və kleptokratia böhranına daxil olmuş beynəlxalq dəstəyini itirib. İndi onun əlində neft kartı yoxdur və ona olan maraq gündən-günə zəifləməkdədir. Arxasında bilavasitə İlham Əliyevin dayandığı Xudafərin xəyanət çox mətləbləri ortaya qoydu, çoxlu düşündürücü suallar doğurdu. Hazırda hakimiyyət yalnız daxili böhranla deyil, beynəlxalq izolyasiya ilə də üzləşib. Dünən ona xidmət edən dairələr bu gün “mən onunla deyiləm” anonsunu açıq və gizli şəkildə bəyan edirlər. Kleptokratik rejimin xidmətində hazırda yalnız “Jerusalem Post” və bəzi işbaz yəhudiləri də içinə alan müxtəlif lobbi qurupları qalır. Onların da “axı, Azərbaycan İsraillə yaxşı münasibətlər saxlayır”, “yəhudi icması Azərbaycanda tolerantlıq şəraitində yaşayırdan” başqa ayrı dəlilləri qurtarıb. Sanki min illər boyu Azərbaycanda yaşayan yəhudiləri təqib edirmişlər Əliyev öz multikultural siyasəti ilə onları “xilas” edib. Halbuki keçmiş Rusiya və Sovetlər Birliyində yəhudilər təqib olunanda Azərbaycanda həmişə daha təhlükəsiz və rahat həyat yaşayıblar. İndi Əliyev lobbiçilərinin uydurduğu belə nağıllara inanan yoxdur. Ölkənin müdafiə naziri əsəbləşib Ermənistanı İsrail silahı ilə təhdid edir. Bu blef deyil, həqiqətdir. Öz xilasını yəhudi lobbisində axtaran İlham Əliyev ölkənin yalnız bütün hərbi-siyasi təhlükəsizliyini, informasiya təhlükəsizliyini, milli maraqların deyil, hakim ailənin can güvənliyini, özünün sağlamlıq qayğılarını və lobbi şəbəkəsini da İsrailə etibar edir, böyük paytaxtlara yolun bu lobbi vasitəsi ilə salmaq istəyir. Böhran hər şeyi vurduğu kimi Əliyevin lobbi siyasətini də vurub. İndi həmin lobbiçilərin açaçağı çox az qapı qalıb və onlar da bağlanmaq üzrədir. Vaxtı ilə sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi də belə edirdi. Hətta xalq arasında şahın bu siyasətini ələ salam şeirlər də yazılırdı. Onların birinin ilk rədifləri belə idi:
Tank üstə gələn İsrail sərbazına qurban,
Karter Fərəhə, mən də Fərəhnazına qurban!
Pandemiya repressiyaları Əliyev rejiminin yalnız üzünü deyil astarını da ifşa etdi. İndi bu rejimə beynəlxalq aləmdə cüzəmli xəstə kimi baxırlar, hamı ondan gen durmağa çalışır. Xarici işlər naziri mənbəyi məlum olmayan pullarla 4 milyondan artıq dəyəri olan mülklər alırsa, niyə bu ölkəyə hörmət olmalıdır, dəstək olmalıdır. Əgər BP müvəqqəti olaraq Əliyevlərə məxsus ofşor hesabların açılmasının qarşısını alırsa, bu o demək deyildir ki, bu daimi belə olacaq. Hazırda London hesabları hakim ailə də daxil olmaqla Azərbaycan kleptokratik güruhunun başı üzərində domokl qılıncına çevrilib. Natəmiz korrupsiya əməllərinə görə xarici dövlətlərdən asılılıq ölkənin milli maraqlarını təhlükə altına qoyub.
Ölkə böhran içindədir. Dialoq olmalıdırmı? Ölkənin müdafiə xərclərini oğurlayan, istintaq altında vətəndaşları döyüb öldürən, öz vətəndaşını işgəncə və elektrik cərəyanı hesabına yalan ifadələr verməyə məcbur edən, polis orqanlarında işgəncə labaratoriyası saxlayan, öz vətəndaşını həbs edib ondan Qərbin dövlət xadimləri ilə görüş almaq məqamı kimi istifadə edən mənəviyyatsız bir rejimlə hansı dialoqdan söhbət gedə bilər. Əliyev rejimi bizimlə bir masa arxasında oturmağa bütün şansların itirib, yalnız birindən başqa. O da Əliyev xanədanının üzü sulu, dinc yolla, sivil yolla hakimiyyəti təhvil verməsi, xalqın etimadı əsasında hakimiyyətin formalaşmasına yol acmasından ibarətdir. Əliyev elə bilir ki, bizim 4-5 Zoom toplantımızdan 2-3 dəqiqəlik epizodlar yaymaqla, onun gizli polisi nəzarətində olan əxlaqsız saytlara Gültəkin Hacıbəyli barəsində əxlaqsız reklamlar qoymaqla, təhlükəsizlik orqanları ilahiyyatçı alim Hacı Taleh Bağırzadənin adından Milli Şuradan çıxmaq haqqında yalan məlumatlar yaymaqla nəyəsə nail olacaq. Pandemiya üzləşmiş bir ölkənin başçısının global təhlükəni qoyub ölkə müxalifətini hədəf seçməsi hakimiyyətin mənəvi düşkünlüyündən xəbər verir. Virusun yayılma mənbələrin bloklaşdırıb lokallaşdırmaq əvəzinə müxalifət lideri Əli Kərimlini internet blokadasına almaq siyasi cahillikdir. Ölkənin vətəndaş cəmiyyəti, özünü ifşa etməmiş ziyalı kəsimi ilə açıq məsləhətləşmələr aparıb çıxış yolu aramaq əvəzinə o, regional klanlarla hakimiyyəti bölüşməyin müxtəlif kombinasiyaları üzərində düşünür. Lap Saparmurad dövründəki Türkmənistanı kimi tayfa prinsipi ilə idarəçilik qurmaq. Çünki belə bölgü onun ailə, feodal, klan idarəçilik kodeksinə daha yaxındır. Lakin bu kombinasiyalar heç bir variantda xalqın narazılığını aradan qaldırmır. Çünki bu “xilas” konsepsiyasında xalqa yer yoxdur.
İlham Əliyev anlamaq istəmir ki, dünya dəyişib, tək dünya yox Azərbaycan cəmiyyəti də dəyişib. Onun feodal təbiyyətini aləmi-mədəniyyətə zidd hesab edən yeni nəsil yetişib, 50 ilə yaxın Əliyevlər sərgərdan vəziyyətə saldığı köhnə nəsil bezib. Rejimin informasiya blokadasında saxladığı xalq daha əvvəlki xalq deyil. Karantin adı altında bu etirazları yubatmaq olar, amma onu aradan qaldırmaq məsələsində kleptokratik rejim bütün şansların itirib. Bu gün ictimai rəyi AzTv, REAL tv kimi irreal qurumlar deyil, Osmanqızı tv; Turan tv; Azad söz, Meydan tv və digər real informasiya qurumlar formalaşdırır. Hazırda Əliyevin rabitə nazirliyi bu media qurumların ölkədə yayımını müxtəlif “qanuni” vasitələrlə əngəlləməyə çalışsalar da, artıq gecdir. Əliyevlərin qatarı platformada hazır vəziyyətdə dayanıb!