Yalançının evi yandı, heç kim inanmadı

Bəxtiyar Hacıyev

Hələ 1 ay əvvəl açıqlanan yoluxma sayının 100-150 arasında dəyişdiyini görüb, testləşdirmənin necə aparılması, əhalinin davranışı, xəstəxanalardan alınan məlumalarla bu sayın gündəlik 300 üzərində olacağını proqnozlaşdırmaq elə də çətin deyildi. İndi də dəyişən çox şey olmayıb, açıqlanan hər bir yoluxmanın aşkarlandığı günə qədər, test nəticələrini gözləyənə qədər insanların hərəkətləri, davranışlarını da hesaba qatsaq, yaxın vaxtlarda bu say gündəlik 500-700 arasına qədər qalxa bilər. Xəstəxanaların doluluğunu, həkim sayı, ventilyatorlar, digər avadanlıqların və yataq sayının məhdud olmasını da hesaba qatsaq, gündəlik ölüm sayında da kəskin artım müşahidə oluna bilər.

Ancaq pandemiya elan olunan gündən bu günə qədər bu qədər müddət keçsə də, hələ də minlərlə insan sosial şəbəkələrdə, on minlərlə insan küçədə və avtobusda “virus var? bu nə oyundur?” soruşurlar. Operativ Qərargah bir tələb qoyur, insanlar ondan yayınmaq üçün yüz yol axtarırlar. Maraqlıdır, niyə?

Çünki, bu mövzuda danışan simalara cəmiyyətdə inam yoxdur. İnsanlar virusla mübarizə haqqında təbliğatı yalanlar yaymış AzTV-dən REALTV-yə qədər efirlərdən izləyirlər. Almaniyanın çökdüyünü bəyan edən İbrahim Məmmədov virusla bağlı suallara cavab verir. Saxta yollarla, masa altından atılan bülletenlərlə deputat təyin edilmişlər efirdə koronavirusla mübarizədən danışırlar. 100 manata hansısa vicdanlı şəxsi şərləyən yazılar yazan jurnalisti efirə çıxarırlar. Vətəndaş həyətdə qaydalara nəzarət edən polisin hansısa qonşusunu şərlədiyini xatırlayır. Xəstəxana tikintisindən, dərmanlardan, xəstəxanalara alınan avadanlıqlardan belə yeyinti edib, milyoner və milyarder olan məmurları və deputatları xatyırlayırlar.

Siyahını uzatmaq olar. Qısacası, vətəndaş hakimiyyətə inanmır, yalançının evi yanır, heç kim inanmır. Ancaq bu dəfə inanmaq lazımdır, çünki eyni gəmidəyik və gəminin bir hissəsinin yanması hamımıza xəsarət yetirəcək, bu ağır fəsadların altından çıxa bilməyəcəyik.

Vətəndaş cəmiyyəti hərəkətə keçməlidir, sosial şəbəkələrdə hakim olan şəxslər burada alternativ təbliğata başlamalıdırlar. Efirə isə xalqın hələ də sevdiyi və hörmət etdiyi ziyalıları çıxarmaq lazımdır, saxta deputatları və adları yalanla sinonimləşmiş adamları yox.

Onlar çayı keçməmiş “hop” deyirlər, prezidentə koronavirusla mübarizədə qazandığı uğurlara görə Milli Qəhrəman adı verməyi təklif edirlər, “koronavirus dövlətimiz qarşısında diz çökdü” deyirlər, minlərlə təşəkkür məktubları yazdırırlar, əhali rahatlaşır, sonra da deyirlər ki, camaat niyə küçədədir?