Xalq çox qorxur

Şahvələd Çobanoğlu

Xalq koronovirusa inansa da, inanmasa da, pandemiya ilə effektli mübarizə aparmaq hakiməyyətin borcudur. İnandırmaq da onun borcudur. Əks halda sual yaranır: nooldu, seçkiyə gəlib 90 fazi səs verirdi bəs bu camaat, amma indi çağırışınızı saymır?!
Xalq heç vaxt bu hökumətin çağırışını qəbul etməyib. Sadəcə qorxub sizdən. İndi isə çaşqınlıq içindədir. Həm sizdən qorxur, həm virusudan, həm evdə qalıb məhv olacağından, işsiz və pulsuz qalacağından. Üstünə gəl, savadısızlıq, qanunların işləmədiyi ölkədə yaşamaq vərdişi, mötəbər TV və medianın olmaması, məmurlara inamsızlıq, hər şeyin arxasında yuxarıların qazanc güdməsi tezisindən maskanın da təzə açılan zavodun gəliri kimi düşünülməsi və s. və i.a. Hətta elə adam var maska da ala bilmir, bəli.
Bir hissə kasıblıq və ümidsizlikdən laqeyddir, bir qismi harınlıqdan.
Zidd qərarlar da bir yandan. Gah deyirsiz maskanı yalnız xəstələr taxmalı, gah da məcburiyyət olur. Virusun az olduğu dövrdə hər yan bağlanır, virusun çox olan vaxtı hər yanı açır, imtahan keçirir və xalqı qınayırsız.
Bunlar polis gücü ilə, qorxu ilə olmur, hər ölkədən bir qayda gətirməklə olmur. Bunlar öncə xalqa sayğı və dürüstlüklə olur. Belə ağır dövdrdə xalqa tərəf ciddi və hökmən mənəvi addlmlar atmağa məcbursuz.
Öncə Tofiq Yaqublunu, ondan sonra haqsız tutulanları, həbsxandakı siyasi məhbusları, mümkün sayılacaq hər kəsi azad edin. İctimaiyyətin səhiyyəni və idarəetməni bilən adamlarını qərargahınıza çağırın. Qərarları yenidən müzakirə edin. Yoxsa nəticə almaq çətin olacaq. Qara qəlblərlə ağ günlərə yol açıla bilməz.