AMEA ləğv edilsə elm heç nə itirməz

Qaşqay Ismayıl

Büdcəyə əsaslanan iqtisadiyyat maket halına salınarsa, Azərbaycan Milli Elmlər Akademiyası meydana çıxar

Dünən verilən, koronavirusa qarşı yazılmış şerlərlə bağlı məlum şərh, həm də ölkənin iqtisadi modelinin qeyri-effektivliyinin və əsassızlığının nümunəsidir. Azərbaycanın yarımfeodal-yarımsosialist iqtisadiyyatı da dünyadakı texnoloji yenilikləri şerlə, mahnıyla qarşılamaqdan o tərəfə keçə bilmir

Elm sahəsində Iqtisadi rəqabət faktoru olmadığına və büdcədən stabil maliyyələşdirildiyinə görə, Azərbaycan elmi gülünc formada deqredasiya etməkdədir. İqtisadi effektivlik, rəqabət, normal maaş aldığı işini itirmək qorxusu insanı inkişafa sövq etdirdiyi kimi, cüzi stabil maaş cəmiyyətin bütün təbəqələrini süstləşdirir və rəqabət qabiliyyətini əlindən alır

AMEA ləğv edilərsə yaxud əhəmiyyətli dərəcədə kiçildilərsə, elm bundan heç nə itirməz. Nadir istedadlı alimlərə istənilən halda təlabat olacaq, büdcə hər il on milyonlarla vəsaitin havaya sovrulmasından xilas ediləcək. İşsizlik probleminin qarşısını almaq məqsədilə 10 min nəfərin elm adamı kimi qeydə alınması faktının özü rüsvayçılıqdı. Azərbaycanın minlərlə folklorşünasa, filoloqa ehtiyacı yoxdur, gələcəkdə ölkə iqtisadiyyatında islahatlar başlayarsa, mütəxəssis çatışmayacaq – sıravi texnoloqlar, mühəndislər, elektriklər yenə də xaricdən dəvət ediləcək. Kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda savadlı, işini bilən aqronom tapılmadığı halda, minlərlə adam folklorla bağlı “elmi iş” yazır, hansısa aşığın doğum tarixi “elmi müzakirəyə” çıxarılır. Belə bir “elmi mühitin” nəticəsində, Azərbaycan texnoloji baxımdan Afrika ölkələriylə eyni sıraya yuvarlanıb

Hökumət əhalinin sosial təminatını təmin etmək istəyirsə, onda rəsmi şəkildə yüzminlərlə insana işsizlik müavinəti verməlidir, daha bu adamları AMEA, SOCAR və digər strateji yerlərə pərçim eləyib, onların effektivliyini sıfrın altına salmamalıdır. Süni iş yerləri adıyla əhalinin işlə təminatı, iqtisadiyyatın altına qoyulmuş saatlı minadır, nə vaxtsa partlayacaq, çünki neft gəlirləri azaldıqca, yüz minlərlə insana havayı maaş vermək də mümkün olmayacaq