Hakimiyyəti qəzəbləndirən nədir?


Şennakın açıqlamasındaki pərdəarxası məqamlar barədə

AXCP sədrinin müavini Seymur Həzi

Azərbaycan Çevik Polis Alayının Yasamal əməliyyatı beynəlxalq reaksiyasını çox gözlətmədi. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azadlıq Radiosuna müsahibə verərək baş verənlərə münasibət bildirdi. Onun fikirlərində diqqəti çəkən bir neçə məqamı özümüz üçün aydınlaşdıraq.
Şennak Azərbaycan polisinin Azərbaycan vətəndaşına davranışı haqqında deyir ki, bu, qeyri-insani davranışdır və insan haqlarına tamamilə ziddir. Belə bir hərəkət yolverilməzdir. Qırmızı xətt deyilən bir şey var və polis bu davranışla qırmızı xətti keçib. Baş verənlər dəhşətdir. Polisin “qırmızı xətti keçməsi” öz fəaliyyət kimi başa düşülürmü? Yəni Qərbdə Azərbaycan polisinin müstəqil fəaliyyətinə dair illuziya varmı? Əlbəttə yoxdur. Bunu Şennak sonrakı cümlələrində açıq və aydın ifadə edir. İşin arxasında siyasi hakimiyyətin hakim iradəsinin olduğuna işarə vurur. Özünün ritoruk sualı ilə bütün məslələrə aydınlıq gətirir; Mən Azərbaycan hakimiyyətini başa düşmürəm. Son üç ayda nə baş verir? Biz ölkədəki durum barədə çox, çox dərindən narahatıq. Seçki keçirildi, niyə hakimiyyət və prezident indi belə davranır? Bu davranışlar hüququn aliliyinə ziddir.
Bununla Şennak hakimiyyət və prezidentin seçkilərin nəticəsindən narazı qaldığı bildirilir. Halbuki, parlament yenə hakim partiyanın çoxluğu ilə “təşkil olunub”. İlham Əliyev orada “müxalifətçi”lərə vəzifələr də verib. Hətta bunu özü dili ilə islahat adlandırıb. Bəs düz getməyən nədir ki, hakimiyyət bu qədər qəzəblidir? Görünür, hakimiyyət bizim də əvvəldən düşündüyümüz kimi bu seçkilərə həm özünü islahatçı kimi təqdim etmək həm də müxalifəti sıradan çıxarmaq mexanizmi kimi baxıb. Müxalifətin taktiki davranışı isə hakimiyyəti nəinki birinci niyyətinə çatmağa qoymayıb, hətta qruplararası savaşda qan itkisi ilə üzləşdirib, daxili münasibətlər gərginləşib.
Şennakın açıqlamasının ardında bu gərginliyin uzaqlarda da hiss edildiyini görmək olur. O deyir ki, yoluxmaya görə vətəndaşı sıxmaq olmaz, eyni zamanda rahat olmaq lazımdır: “Karantindən sui-istifadə edilməsi mümkündür. Çünki bu mənzərədə insanların sağlığını qorumaq mənzərəsi görünmədi. Bu, həbsin qəddar forması idi. Bu debatların koronavirus konteksində niyə aparıldığını anlamıram. Axı Azərbaycanda yoluxma başqa ölkələrdə olduğu qədər yüksək deyil. Başqa ölkələrdə də karantin tətbiq edəndə insan haqlarına riayət etmək lazımdır. Xüsusilə də karantin vaxtı müxalifətin hakimiyyətə nəzarət etməsi vacibdir. Avropanın bütün ölkələrində bu, belədir. Bizim də hökumətimiz karantin vaxtı bir çox qaydalar qoydu. Amma parlament bunların bir çoxunu blokladı və dedi ki, bu, həddən artıq sərtdir. Rahat olun, etirazlara imkan verin, fərqli fikirlərə hörmətlə yanaşın” Narahatlıq nə ilə bağlıdır? Bunu təzyiqləri hər gün artıran hakimiyyət də yaxşı bilir. Bu təzyiqlırin altında yaşayan və yaşamaq istəməyən xalq da. Bu cür rəfdarı dünyaya rəva bilməyən beynəlxalq demokratik təsisatlar da. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, hökumət elə bilirdi ki, dinc insanlara qarşı törətdiklərinə beynəlxalq reaksiyalar olmayacaq. Ona görə də xalqı əzmək qorxutmaq fürsəti yarandığını düşündü və bu hesabının da yanlış olduğunu gördü.