
AB-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin nümayəndə heyəti Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətinə yeni magistral yolun çəkilişini pisləyən bəyanat verib. Bəyanatı nümayəndə heyətinin rəhbəri Marina Kaljurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Traian Băsescu və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Željana Zovko imzalayıblar.
Ötən il elan edilən, Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral xəttin tikintisi tezliklə başlamalıdır. Yeni rol infrastrukturunun Ermənistanın Qafan şəhəri ilə Dağlıq Qarabağda Hadrut rayonunu birləşdirəcəyi, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcəyi planlaşdırılır.
“Qanunsuz işğalı möhkəmləndirir”
“Prinsip etibarilə, Şərq Qonşuluğu daxilində regional tərəfdaşlığı, əlaqələrin yaranmasını, xalqlar arasında təmas yaradan layihələri dəstəkləyirik.
Ancaq buna baxmayaraq, bu magistral yolun çəkilməsi üçün Azərbaycan hakimiyyətindən icazə alınmayıb və beynəlxalq hüquq pozulub. Bundan başqa, bu, simvolik olaraq Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını möhkəmləndirir.
Bu səbəbdən sözügedən təşəbbüsü pisləyirik, çünki inam, sülh və barışığa yol açacaq şərtlərin yaranmasına töhfə vermir”,– bəyanatda deyilir.
Bəyanat müəllifləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə, onların 2009-cu ildə irəli sürdükləri Təməl Prinsiplərə qəti dəstək bildirirlər.
“Bu vasitəçiliyin uğurlu olması üçün Ermənistan və Azərbaycan hakimiyyətini münaqişənin Azərbaycanın sərhədləri daxilində sülh yoluyla həlli üzrə danışıqları intensivləşdirməyə çağırırıq”, – bəyanatda vurğulanır.
Azadlıq radiosu