
Milli Şura sədri Cəmil Həsənlinin yazısı:
İki gün əvvəl ABŞ Dövlət Departamenti 2019-cu ildə beynəlxalq dini azadlıq haqqında illik hesabatını açıqladı. Hesabatda dini azlıqların məhdudlaşdırıldığı, dini inancların təqib edildiyi ölkələrdə avtoritar rejimlərin dindarları repressiyaya məruz qoyması, onları təqib etməsi kimi halların geniş mənzərəsi əks olunub. Hesabatın təqdimatında Dövlət Katibi Mayk Pompeo geniş məruzə ilə çıxış etdi. ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri Sem Braunbek təqdimat mərasimində bildirdi ki, bir sıra kommunist və avtoritar ölkələrdə dini azadlıqlar təqib altındadır və bu təəssüf doğurur.
Milli Şura olaraq biz uzun illərdir Azərbaycanda kleptokratik rejimin dini azadlıqları boğması, inanclı insanlara qarşı təqib ssenarilərini həyata keçirməsi, islam inanclı insanlara qarşı
saxta cinayət işləri hazırlayıb həyata keçirməsi, Qərb ölkələrini Azərbaycanda şiə islam terroru təhlükəsi ilə qorxutma cəhdləri barədə yazırıq, deyirik, insan hüquqları təşkilatlarına və siyasi dairələrə öz tövsiyyələrimizi veririik. Bu istiqamətdə Milli Şuranın insan hüquqları və işgəncələrə qarşı mübarizə məsələlərinə məsul olan Koordinasiya Mərkəzinin üzvləri hüquq müdafiəçiləri Oqtay Gülalıyev və Leyla xanım Yunusun gördükləri iş xüsusi şəkildə qiymətləndirilməlidir. Şübhəsiz ki, bu işlərin görülməsində onlara yaxından köməklik etmiş Milli Şuranın KM-nin lap təzə keçmiş üzvü Hacı Rövşən Əhmədlinin əməyini zikr etməmək doğru olmazdı.
Hakimiyyətin bütün yalanlarına, böhtanlarına, öz lobbi təşkilatları ilə Qərbi “Nardaran şiə labaratoriyası” ilə çəkindirmələrinə baxmayaraq, istər 6 nəfərin həyatı bahasına başa gəlmiş 2015-ci ilin ssenariləşdirilmiş Nardaran hadisələri, istər müxtəlif yerlərdə müxtəlif adlar altında güllələnmiş onlarla adamın həyatı bahasına başa gəlmiş 2018-ci ilin saxta Gəncə “dini islam terrorizmi” haqqında yalanlarını ifşa edə bildik, DTX-nın 40 nəfərə qədər Azərbaycan vətəndaşını “islam terrorçusu” adı altında istintaqsız, məhkəməsiz güllələnməsinin acı mənzərəsini ölkə ictimaiyyətinə, beynəlxalq birliklərə, insan hüquqları və dini azadlıqların müdafiə təşkilatlarına çatdıra bildik.
Hakimiyyətin bütün pozuculuq niyyətlərinə baxmayaraq Milli Şuranın üzvləri Oqtay Gülalıyevin əlaqələndiriciliyi ilə hər iki məhkəmə proseində əvvəldən axıra qədər iştirak etdi, Bakıdakı səfirliklərin diqqətin bu proseslərə cəlb etdi. Bununla bağlı hətta bir sıra müxalifətçiliyə iddialı siyasi partiya və hərəkatların eyhamlarına məruz qaldıq. Ölkədə bir sıra psevdodemokratik insan hüquqları təşkilatlarının dindar məhbuslar əleyhinə beynəlxalq hüquq müdafiə qurumlarına yazdığı “qorxunc” donoslara, şifahi “tövsiyyələrə” baxmayaraq Milli Şura ilk dəfə olaraq hökumətin saxta, ssenariləşdirilmiş ittihamlarla həbs etdiyi islam inanclı məhbusların geniş dairəsinin siyasi məhbus kimi tanınmasına nail oldu. Bu istiqamətdə biz dünyanın ən mötəbər qurumlarına, qanunverici orqanlarının təmsilçilərinə, insan hüquqları və dini azadlıqları müdafiə təşkilatlarına arayışlar, əsaslandırmalar verməli olmuşduq. Bu iş öz nəticəsini verdi. Biz bir sıra “kreativ” insan hüquqları təşkilatlarının islam inanclı məhbusları gözardı etmək, hökumətin bu insanlara qarşı törətdiyi işgəncə və təqib əməllərinə dolayısı ilə bəraət qazandırmaq, onların İranla bağlı “islam terrorçuları” kimi damğalanmasına ən yaxşı halda “səssiz” qalmaq cəhdlərini önləyə bildik. Çətin oldu, amma nəticədə Əliyev rejiminin dini məhbusları konstitusyon rejimi devirən “islam terroçuları” kimi tanıtmaq, onları şiə radikal qurupları kimi təqdim etmək cəhdləri iflasa uğradı. Hökumətin bu böhtanları, iyrənc niyyətləri puça çıxdı.
Bir neçə il əvvəl Nardaran məhbuslarının böyük bir hissəsi siyasi məhbus kimi tanındı. Dini azadlıqlarla bağlı Dövlət Departamentinin 2019-cu il üçün hesabatında qeyd edilir ki,
“Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseyn Qobustan həbsxanasında nəzarətçilərin davranışına etiraz edərək 16 və 14 gün aclıq ediblər. Ölkənin hüquq müdafiəçiləri “Müsəlman Birliyi” Hərəkatının bu və digər üzvlərini siyasi məhbus hesab edirlər. “Müsəlman Birliyi” hərəkatının üzvlərinə qarşı törədilən təqib və işgəncə faktlarına qiymət verərək Dövlət Departamenti belə hesab edir ki, Azərbaycanda “dini etiqad azadlığı sistematik və görünməmiş şəkildə pozulur”.
Məruzədə Milli Şura olaraq bizim ardıcıl şəkildə müdafiə etdyimiz və xüsusi ilə Oqtay Gülalıyevin fədakarlığı (yeri gəlmişkən Oqtay bəyin başına gələnlərdə Gəncə və Tərtər işləri xüsusi rol oynadı) nəticəsində ifşa olunmuş Gəncə hadisələri ilə bağlı qeyd edilir ki, yerli məhkəmələr 2018-ci ilin iyulunda Gəncə şəhər merinə hücumdan sonra saxlanmış 77 nəfərdən 57-ni müxtəlif müddətə azadlıqdan məhrum edib. Bu saxta məhkəmə proseslərini, bu saxta məhkəmə “hökmələrini” Mlli Şuranın rəhbərliyinə daxil olan şəxslər həmin məhkəmə oyunbazlığında öz gözləri ilə görüb, öz qulaqları ilə eşidib, dövlət adına çıxarılan saxta məhkəmə hökmləri haqqında, bu saxta hökmlərdən hiddətə gələn məhbus analarının ürəklər parçalayan fəryadları haqqında ölkə və dünya ictimaiyyətini məlumatlandırdı. Məhz bu səylər nəticəsində, Milli Şura üzvü Oqtay Gülalıyevin dirənişi nəticəsində Gəncə şəhərində saxta ittihamlarla mühakimə olunanların 48 nəfəri siyasi məhbus kimi tanındı.
Azərbaycan parlamentinin keçmiş sədri Oqtay Əsədovun İrana səfəri zamanı dini əqidəsini dəyişdiyinə görə Milli Məclis aparatında tutduğu vəzifədən azad edilmiş Rəhim Axundovun məsələsi də hesabatda xatırlanır.Səfir Braunbek bildirir ki,
“Bizim mövqeyimiz belədir ki, insanın özünə etiqad seçmək haqqı var. Buna görə də onları öz seçimlərinə görə cəzalandıranda – həbsxanaya salanda, işdə sıxışdıranda və ya işdən çıxaranda, bu, bizim dini azadlıq anlayışınıza zidd olur. İnsanın öz ruhu ilə lazım bildiyini etməyə haqqı var”.
Gördüyünüz kimi artıq kleptokratik Əliyev rejimin uzun müddət Qərbi manipulyasiya etdiyi din kartı da əlindən çıxır, “islam terroru” təhlükəsi ilə qorxutduğu beynəlxalq qurumlar və aparıcı dövlətlər öz illik hesabatlarında əsl həqiqətləri ifadə edirlər. Vaxtı ilə Əliyev “ideoloqlarının” hazırladığı idarə olunan cəmiyyət proyektində əsas yerlərdən birini tutan “heydərizmin yeni iman nəzəriyyəsi” iflasa uğrayaraq KGB sədri və Politbüro üzvünün adına açılmış “Allahın evi”ndə dəfn edilir.