
AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev
Ərzağın qiyməti bu ilin yanvar-aprel aylarında Azərbaycanda 5,4%, Rusiyada isə 2,4% bahalaşıb (ötən ilin eyni dövrünə nəzərən). Qiymət artımı bizdə 2,3 dəfə çox olub.
Sizcə nədir bunu səbəbi? Hər iki ölkə neftin ucuzlaşan təsirinə eyni dərəcədə məruz qalıbsa, “COVİD-19” pandemiyası hər iki ölkədə iqtisadi fəallığa oxşar dərəcədə zəiflədici təsir göstəribsə, bahalaşma səviyyələri arasında nədən bu dərəcədə fərq ortaya çıxıb? Belə baxanda Rusiyada bahalaşma daha yüksək olmalı idi. Çünki Azərbaycandan fərqli olaraq bu qonşu ölkə həm də Amerika və Avropanın ağır sanksiyalarının təsirindən əziyyət çəkir. Üstəlik rus rublu cari ilin əvvəlindən başlayaraq aprelin sonunadək dollar qarşısında əhəmiyyətli dərəcədə devalvasiyaya uğrayıb və 21 faiz dəyər itirib (orta məzənnə yanvarda 61,8 rubl/dollar olubsa, apreldə 74,8 rubl/dollar təşkil edib). İdxal mallarının bahalaşmaya artırıcı təsiri Rusiyada daha yüksək səviyyədə hiss olunub. Lakin yekun nəticələr tərsinədir. Elə isə hansı səbəb və ya səbəblər ucbatından bahlaşmaya Azərbaycan iqtisadiyyatı belə, Rusiya iqtisadiyyatı isə elə reaksiya verib?
Bu və bu kimi suallara səmimi cavab vermək və onları doğuran səbəbləri aradan qaldırmaq cəsarət tələb edir. Əgər müqayisə olunan dövrdə ərzaq malları Ermənistanda 2 faiz ucuzlaşıbsa, onun Azərbaycanda 5,4 faiz bahalaşmasının gerçək səbəblərini izah etməyə hökumət özündə güc tapmalıdır. İzahını verməlidir ki, məhz hansı səbəbdən 2 faizilk ucuzlaşma şəraitində Ermənistanın ticarət-şəbəkə monopolistləri ötüşə bilibsə, 2,4 faizlik qiymət artımı Rusiyanın ticarət-şəbəkə monopolistlərini qane edibsə, nədən bu faiz dərəcələri Azərbaycanın ticarət-şəbəkə monopolistləri üçün azlıq təşkil edib?
Məsələ bundadır ki, monopoliya və korrupsiya zəli kimi Azərbaycan iqtisadiyyatının xirtdəyindən yapışıb. İdxaldan asılılıq dərəcəsi həddən ziyadə yükəkdir. Yerli istehsalın qarşısına o qədər daş-kəsək atılıb ki, yarıb keçmək də olmur. Mal, iş və xitmətlərəin istehsalına vergi-büdcə sisteminin stimullaşdırıcı təsirindən isə heç danışmağa dəymir. Pul-kredit siyasətində buraxılan kobud səhvlər bu gün də qalmaqda davam edir. Məzənnə siyasətinin isə bir qara qəpiklik dəyəri yoxdur. Milli valyutamız elə günə salınıb ki, qol-qanadı o dərəcədə sındırılıb ki, nəfəsi kəsilib, ətrafda baş verən qasırğalara belə reaksiya verməyə taqəti qalmayıb. Odur ki, neft qiymətlərinin düşüb-düşməməsindən, devalvasiyanın baş verib-verməməsindən asılı olmayaraq Azərbaycanın daxili bazarlarında qiymətlər ucdantutma qalxmaqda davam edir. Durdurulmasa, bu xəmir hələ çox su aparacaq.