Kamil Zeynallı nəyin üstünü açdı?

Natiq Güləhmədoğlu

Karantin günlərində ölkədə Kamil Zeynallı fenomeni peyda oldu. Bu bəyimiz necə deyərlər, daxili imkanlar həsabına, ehtiyac məngənəsində boğulan ailələrə kömək etməyə başladı, qısa müddətdə populyarlıq qazandı və janrın qaydalarına uyğun olaraq, həbs olundu. Onun həbsi ilə bağlı müxtəlif versiyalar olsa da, bir məsələ dəqiqdi: Kamil Zeynalli təkcə hökumətin acınacaqlı sosial siyasətini özü də bilmədən ifşa etməmişdi. O həm də hökumətin monopoliyasına şərik çıxmışdi, görünür bu səbəbdən də onun yardım cəhdlərinin qarşısı amansızcasına alındı.

Fikir verdiniz, karantinin ən çətin günlərində belə xalq İlham Əliyevdən yardım istəmədi. Şou biznes nümayəndələrindən, sosial şəbəkə istifadəçilərindən, toy müğənnilərindən, idmançılardan, bir sözlə şəxsən Ilham Əliyəvdən və onun hökumətindən başqa hamıya yardım mesajları göndərilirdi. Bu Əliyevin prezident və rəhbər kimi fiaskosu idi, çünki 17 il itaətdə saxladığı və cavabdeh olduğu xalq, ən çətin günündə ona yox, müğənni Rəqsanəyə üz tutmuşdu.

Gəlin bir cümləlik ciddi söhbət eləyək; Azərbaycandakı fason rejimlərin guya sosial yönümlü olması, əslində xalqa mərhəmətdən doğmur, əksinə, xalqı daha ağır şərtlər altında tabe etdirmək cəhdindən meydana gəlir. Hakimiyyət xalqı yardıma möhtac edib daha sonra bu yardımı öz monopoliyasına götürür. Kamil Zeynallı özü də bilmədən (yəqin ki hələ də bilmir) bu damara toxunduğuna görə cəzalandırıldı.

Mövzunu yekunlaşdıranda, İlham Əliyevi Kamil Zeynallıdan daha bir məsələdə ibrət götürməyə çağırırıq: adı çəkilən bəyimiz öz videolarını montaj edəndə onları sürətləndirir-beləliklə, qısa müddətdə onun müxtəlif macəralarinin məğzini tutur və vaxtımıza da qənaət edirik. İlham Əliyev də öz məzmunsuz müşavirə, görüş və səyahətləri üçün bu formatdan istifadə etsə, onu izləmək məcburiyyətində qalan nə qədər adamın, iranlı qardaşlarımız demişkən, dərdinə dəyə bilər.