
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli bu gün, mayın 25-də inzibati qaydada həbs olunub.
Onun Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə həbs edildiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Lalə Əmirli məlumat verib. Onun sözlərinə görə, F. Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (Xırda xuliqanlıq) pozulmasında təqsirli biliblər:
“Dünən, mayın 24-də Sabirabad rayonuna yaxınlarının qəbrini ziyarət etmək üçün getmişdik. Heç bir problem yox idi. Bu gün, mayın 25-də rayonda evə polislər gəldi, Faiqi söhbət etmək bəhanəsi ilə apardılar. İndi məlum olub ki, məhkəmə ona 15 sutka verib. Faiqi heç bir günahı olmadan apardılar”.
Bu deyilənlərə, hələlik, Sabirabad Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən (DİN)münasibət öyrənmək mümkün olmayıb.
F.Əmirli bundan öncə bu il aprelin 8-də də saxlanmışdı. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə karantin rejimini pozmaqda ( Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-də karantin rejimi elan edilib) günahlandırılaraq 30 sutka inzibati həbs almışdı.
“Dünya birliyinin tənqidinə baxmayaraq, hakimiyyət koronavirusla mübarizə bəhanəsilə müxalifətçi və özgəfikirliləri “ovlamağa” davam edir”, deyə onda AXCP-dən bildirmişdilər.
Amma DİN karantin rejimindən müxalifətçilərə qarşı məqsədli şəkildə istifadə edilməsi haqqında deyilənləri yalanlamışdı.