
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli
Hər gün bir ictimai fəalı – cəbhəçini həbs etməklə, artmaqda olan sosial etirazların qarşısını almaq mümkün deyil. Axı, artan sosial narazılıqları körükləyən ictimai fəallar- cəbhəçilər deyil, imtiyaz sahibləri- məmurlardır. Son beş ayda beş rayon icra başçısının həbsi göstərdi ki, bu gün hakimiyyətə ən böyük təhlükə müxalifət düşərgəsindən deyil, məhz hakimiyyətin öz içərisindən – dövlət orqanlarında dərin kök atmış oliqarxiyadan gəlir.
Elə isə nədən it hürən tərəfə deyil, işıq gələn tərəfə hücum edilir?!
Təbii ki, yuxarılarda çox ciddi əndiş var, aşağıların qəzəbindən qorxurlar; gərilmiş əsəblər bir himə bəndir… adi bir qığılcım səbr kasasını daşırmaq üçün son damla ola bilər. Onsuz da ağır olan sosial durum bir neçə aydan – əldəki resurslar tükənəndən sonra daha da ağırlaşacaq. Xarici bazarlardan asılı olan Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhran fonunda böyük zərbə alacaq. Və ölkədaxili böhran dərinləşəcək, sosial gərginlik artacaq.
Hakimiyyət qorxur ki, belə bir durumda müxalifətin çevrəsi mövcud iqtidarın əleyhinə olan maraqlı qüvvələrin hesabına xeyli genişlənə bilər. Və marığa yatıb fürsət gözləyən qüvvələr hakimiyyəti dəyişmək gücü olan müxalifət liderlərinə gizlicə dəstək verər…
Əslində, klassik makiavellist düşüncə və əxlaq sahib olanlar hər şeyi öz arşınları ilə ölçürlər… uzun llər bu ölkənin demokratikləşməsi və bütövlüyü uğrunda mübarizə aparan gerçək dəyər sahibləri… 30 il bu ölkənin sərvətini talayan , xalqın qanını soran cinayətkar oliqarxiya ilə necə birləşə bilər, axı?!
Quyuya su tökməklə olmur, gərək quyunun özündə su olsun…
Ortada ciddi böhran əndişəsi var. Amma böhranı ciddiyə almırlar. Əgər alsaydılar, belə ağır bir zamanda-pandemiyanın xarici bazarlardan asılı duruma düşən Azərbaycan iqdisadiyyatını çökdürdüyü bir vaxtda ölkədə ehtimat mühiti yaradıb, cəmiyyətdə siyasi inamı bərpa edib siyasi açılıma gedərək barışa mövqeyindən çıxış edərdilər, daha düşmənçilik kursu seçməzdilər. Əslində, Pandemiyanın üzə çıxardığı problemlər mövcud durumun nə qədər ağır və acınacaqlı olduğunu bir daha göstərdi. Əhalinin sosial təminatı ilə məşğul olan orqanlar indiyədək ictimai rəyə həm işsizlərin, həm də yoxsulların sayı ilə bağlı şişirdilmiş rəqəmlər təqdim ediblər. Bu rəqəmlər əhalinin gerçək yaşayış səviyyəsi ilə mövcud durumu arasında kəskin fərqi ortaya çıxartdı.
Ortada siyasi sistemdən irəli gələn hakimiyyət böhranı var. Amma iqtidar səsli-küylü həbslər keçirtməklə məsələni ayrı- ayrı kadırlar üzərinə yönəltməklə diqqəti hakimiyyət böhranından yayındırmaq istəyir. Mesaj verir ki, guya “köhnələr”i “yenilər”lə əvəz edirk, hər şey düzələcək.” Sən demə, “köhnə”lər indiyə qədər aparılan islahatlara maneə olurmuş…
Əslində, zaman – zaman icra başçılarından daha ranqlı məmurlar- hüquq- mühafizə orqanlarının generalları, nazir müavinləri, idarə rəisləri, həbs olunub. Nə dəyişib, nə düzəlib? Ki, indi də nəsə dəyişə, nəsə düzələ… İllər öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri – korrupsioner məmur Vidadi Zeynalovun əmlakı müsadirə olunmaqla 13 il azadlıqdan məhrum edilmişdi. Amma dörd ildən sonra həbsdən çıxdı… Vəya ləvğ edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 12 il azadlıqdan məhrum olunmuşdu. Amma 5 ildən sonra əfv edildi.
Əslində, bu həbslər məmur özbaşınalığına qarşı mübarizədən daha çox hakimiyyətdaxili qruplar arası gedən mübarizəsinin nəticəsidir. Əks halda sual yaranır ki, bu insanları vəzifəyə kim təyin etir, kim sərəncam verir, nəzarəti ikm həyata keçirirdir? Bu günə qədər- 20 ildə, hüquq-mühafizə orqanları , görəsən hara baxırmış?
P.S. Avtoritar rejimlərin mahiyyətindən doğan bir qanunauyğunluq var, sistem öz yaratdıqlarını sonradan yeməyə başlayır…