Təhlükəsizlik orqanını təhlükə ocağına çevirənlər
Bu illər ərzində biz hakimiyyətin dərinliklərinə işləmiş nə cinayətlərə şahid olduq! DİN-in başkəsəni Hacı Məmmədovdan tutmuş MTN-in başkəsəni Akif Çovdarova qədər kimlər gəlib keçdi tariximizdən. Baş verən cinayətlərin miqyası o qədər böyüdü ki, bəziləri dövlət içində dövlət olmaq iddiasına düşdülər. Özbaşınalıqdan və cəzasızlıqdan şişdikcə şişən bu adamlar ölkədə baş kəsib, at oynadanda ölkə başçısı fil qulağında yatırdı. Bəlkə özü onları bu qədər boş buraxdığına görə belə rahat idi. İstədikləri hər şeyi artıqlaması ilə alan adamlar niyə onu arxadan vurmaq istəsinlər ki? Amma xəyal edilməyən şeylər baş verdi, özü də qorxunc şəkildə baş verdi.
Akif Covdarovun Eldar Mahmudovun hiyləgər planından xəbəri yox idi
Dünən mətbuatda sabiq MTN-çi general mayor Çovdarovun fotosu yayılıb. Məclisdə badə qaldıraraq birilərinə mesaj verən cinayətkar general deyib: “İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız.”
Bəli, bu həmin Çovdarovdur ki, 2015-ci ildə Baş Prokurorluq onu saysız-hesabsız cinayət hadisələrində ittiham etmiş, onunla bərabər 20-dən çox adam həbs olunmuşdu. Ölkədəki sahibkarların qorxulu röyasına çevrilən adamın gizli həbsxana saxladığı, öz komandası ilə dövlətin təhlükəsizlik orqanı MTN-i böyük təhlükə ocağına çevirdiyi sübuta yetirilmişdi. Şübhəsiz, işin içində çox müəmmalı məsələlər var. Amma MTN işinin üstü ona görə belə qalmaqalla açıldı ki, illərdir baş verən bu dəhşətli hadisələrin başında Eldar Mahmudovun özünün durduğu ortaya çıxdı. Ortaya çıxan oyunlar, hakimiyyəti dəyişməklə bağlı planlanan gizli ssenari İlham Əliyevi o dərəcədə hikkələndirdi ki, MTN-i ləğv etdirib, yerində başqa bir qurum yaradılması haqqında sərəncam verdi. Nəzərə alınmalıdır ki, Akif Covdarovun “Kude Ta” haqda xəbəri yox idi. Maraqlısı isə budur ki, İlham Əliyevin özü son günlərə gədər bu plandan xəbərsiz idi.
Mahmudovun çevriliş ssenarisi necə idi?
Əslində, ssenari necə imiş? Hər şey planlanmışdı, məlum komanda İlham Əliyev ölkədə olmadığı müddətdə hərəkətə keçməli, bütün önəmli obyektləri ələ keçirməli idi. Hakimiyyətin içindən sızan xəbərlərə görə, hücumun detalları, hədəf alınan ilk obyektlər, həbs olunan yüksək rütbəlilərin yerini tutacaq adamların siyahısı belə hazırlanmışdı. Lakin hansısa bir möcüzəyə görə ssenari pozuldu. Əgər hər şey ssenari üzrə getsəydi, Eldar Mahmudov bu saat Prezident olacaqdır. Uzun illərdən bəri için-için dövlətin dayaqlarını laxladan, milyardlarla pul yığıb dövlət içində gizli dövlət quran cinayətkar banda ifşa edildi, lakin bu təfərruatlar haqda son aylara gədər Əliyevlər xəbərsiz idilər.
Eldar Mahmudovun hakimiyyəti devirmək ssenarisi belə idi. 100-150 nəfərlik “spestnaz” və Mahmudova loyal silahlı adamlar AzTv-ni, Nazirlər kabinetini, Prezident administrasiyasını, DIN-i bir hücumla ələ keçirməli idi. Həmin anlarda Mahmudova loyal olan Parlament ölkədə fövqaladə vəziyyət elan etməli idi və hakimiyyəti “müvəqqəti” MTN rəhbərinə ötürməli idi. Bu ssenarini Eldar Mahmudov Parlament rəhbərliyi ilə müzakirə etmişdir və Parlamentdən dəstək almışdır.
2015-ci ilin mart ayında İlham Əliyev Bolqarıstanda səfərdə olan zaman bu əməliyyat baş verməli idi. Daha sonra, İlham Əliyev Mehriban Əliyeva ilə İtaliyaya səfərə yola düşəndə 2015-ci ilin iyul ayında “Ku-de-Ta” baş verməli idi. Əliyevlərə möcüzə kömək etdi. Mart və İyul aylarında devirmək planı alınmadı, Oktyabrda isə Eldar Mahmudov işdən azad olundu.
Mahmudov öz məntiqliylə düşünürdü ki, bunun üçün 100 nəfər xüsusi təyinatlı və Milli Məclisdə bir dənə iclas bəs edər. O düşünürdü ki, sonra inersiya effekti ilə hamı onun rəhbər olduğunu qəbul edəcək. O hesab edirdi ki, İlham Əliyev ölkədə olmadığı müddətdə bütün dövlət əhəmiyyətli obyektlər ələ keçirildikdən, Parlament ona leqitimlik verəndən sonra və situasiya nəzarət altına alındıqdan sonra idarəçilik çətinlik törətməz. Hücumun əsas nüanslarından biri də hava limanının tutulması və İlham Əliyevin ölkəyə qayıtmasının qarşısının alınması idi. Təsəvvür edin, MTN rəhbərlyi Parlamentin və diqər qurumların köməyi ilə Əliyevlər ailəsini devirmək üçün çevriliş planı cızır, Prezident isə Bolqarıstandadır. Ölkə başçısı harınlamış nazirinin nə qaynatdığını bəlkə də nu günlərə qədər bilmirdi, müxalifət mediasından öyrənir. Onun gözü-qulağı olan təhlükəsizlik xidməti də fil qulağında yatıb və yanğın qapının ağzına çatanda məsələdən xəbər tutur.
Bu, ölkə adına, dövlətçilik adına, ən əsası, dövləti oyuncağa çevirən MTN bandası adına böyük rüsvayçılıq idi. Bu, tarix boyu Mahmudov bandasının üstündə qara bir ləkə olaraq qalacaq. Gizli planlar Əliyevin özünü hədəf alsa belə, o bu ləkəni üstündən təmizləyə bilməz. Çünki MTN əməkdaşlarının ölkənin bütün vəzifəli və imkanlı şəxslərindən “xərac” aldığını Eldar Mahmudov bilməmiş deyildi. Onun bütün sahibkarlara qənim kəsildiyini, gizli işgəncə həbsxanası saxladığını bilmirdimi Mahmudov? Ölkənin bütün vəzifəli şəxslər və deputatları ilə bağlı “yataq kasetləri”ni çəkdirən və şantaj vasitəsi kimi arxivləşdirən nazir niyə belə cəsarətli idi?
Ssenariini yazan “osminoq” niyə cəzasız qaldı?
Xatırlayırsınızsa, MTN işi məsələsində o da üzə çıxdı ki, Çovdarov zamanında Hacı Məmmədovla sıx əlaqələrə malik olub. Hətta iki qanqsterin işbirliyində olduğu haqda iddialar da səslənib. H. Məmmədovun məhkəmədə dediyi son sözləri yada salın: “Mən və dəstəmin 5-6 nəfər üzvü “osminoq”un bir barmağıdır. Burada olduğum müddətdə həmin “osminoq” böyüyüb və məndən də böyük barmaqları var”.
Çovdarovun cinayətləri üzə çıxanda mətbuat onu “osminoq”un MTN barmağı adlandırmışdı. Belə hesab oluna bilərdi ki, MTN-in ləğvi və generalların həbsi ilə “osminoq”un daha bir halqası ifşa edildi. “Osminoq”un kimliyi barədə hələ də aralıqda müxtəlif fərziyyələr dolaşır. Amma fakt budur ki, həmin gözəgörünməzin caynaqları şaxələnə-şaxələnə hakimiyyətin ən yüksək mərtəbəsinə çatmışdı. MTN ətrafında baş verənlər sıradan bir iş deyildi. Bu illərdir dövlətin başında oynanan böyük oyunlardan biri idi. O oyun Eldar Mahmudovun dirijorluğu ilə başa çatmalı və hakimiyyətin nüvəsi tam şəkildə dəyişməli di. Xülasə, Mahmudovun ştabında gizli dövlət çevrilişinin ssenarisi yazılmışdı. Həmin “osminoq”, məhz Mahmudov idi və bu planın arxasında dururdu.
Hər nə isə, bu hadisə bir daha ortaya qoydu ki, bu hakimiyyətin dərin qatlarına dövlətçiliyə böyük təhlükə yaradan adamlar sızıb və o adamlar tərəfindən zaman-zaman ölkəyə daha ağır zərbələr gələ bilər. Nə qədər qəribə olsa da, o təhlükəli adamlar yenə azadlıqdadır. İlham Əliyevin onu devirmək istəyən adamlıar hansı səbəblərdən cəza verə bilmədiyi də başqa bir müəmmadır.

Eldar Mahmudovun hakimiyyəti devirmək ssenarisi
•
•