Rövnəq Abdullayevin “İbizada döyülmüş” oğlu cavanlara mesaj göndərir

Koronavirus pandemiyasından sonra aksiyalar üçün əsas verən səbəblərdən biri də hansıdır, bilirsiniz? Təhsilimiz. Mövcud hakimiyyət tərəfindən rüşvət çirkabına bulaşmış keyfiyyətsiz təhsilimiz. Savadlı, istedadlı gəncləri küncə sıxışdıran, 7 min tələbəni haqqını ödəyə bilmədiyi üçün universitetdən kənarda qoyan pullu təhsilimiz. O meydanda ən çox gənclərin yeri görünür. Çünki onun ödəyə bilmədiyi təhsil haqqının yüz mislinə neft baronu Rövnəq Abdullayevin oğlu saat taxıb gəzir, qohumu isə Fransaya özəl təyyarə ilə modellər daşıyır. Rəşad Abdullayev də Türkiyədə oturub ordan Azərbaycan gəncliyinə mesaj yollayır: “Düşünürəm ki, hər şeyin təməlində təhsil durur. Təhsilli insana hər zaman hər yerdə yaşıl işıq yanır. İnsan hər zaman öz üzərində çalışmalıdır. Gələcəyə inamla addımlamalıdır. Nə qədər ki, gəncik, biz hər zaman öz üzərimizdə işləməli və bacardıqca yüksək bilgilərə sahib olmalıyıq.” Bunu sizə İspaniya çimərliyində 2 milyon funtluq saatını oğurladan həmin Rəşad Abdullayev deyir. Ümumi saat kolleksiyasının qiyməti 25 milyon olan biri deyir. Bu təhqirə, bu həqarətə nə vaxta qədər səssiz qalacağıq? 

Ölkənin bütün sərvətləri beləcə rəşadların, anarların ciblərinə axıb gedir. Adam 25 yaşında böyük biznesmen olub. Türkiyədə onlarla milyonluq obyekti, şirkəti var. Özü də İstanbulda AzeDer adlı təşkilat yaradıb, deyir ki, “bu, təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışan, ünsiyyət və fəaliyyət sahəsi olan azərbaycanlı gənclərin platformasıdır.” Kim hansı faydanı görüb o platformadan? “Bütün bu fəaliyyətimizin əsas məqsədi cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi “qara qızıl”ı insan kapitalına çevirməkdən ibarətdir” deyən oğul Abdullayevin o “qara qızılı” necə şəxsi kapitallarına çevirdiklərinə hamımız şahidik. Hamımız bu ailənin SOCAR-ı necə şəxsi şirkətləri kimi idarə etdiklərini bilirik. O şirkətdən nələr qazandıqlarını, milyardları necə oğurladıqlarını bilirik.

Bir jurnalistin “təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıdacaqsınızmı” sualına Rəşad Abdullayev: “Mütləq. Qayıdacağam. Vətən hər zaman hər şeydən önəmlidir. Vətəndən kənarda göstərdiyimiz bütün fəaliyyətlər vətənimiz üçündür” deyir. Gözünün içinə qədər yalan deyir. Azərbaycan bu adamlar üçün vətən yox, zəngin xammal mənbəyidir. Varlanmaq, lüks həyat sürmək, xarici ölkələrdə kef çəkmək üçün xammal mənbəyi.

Koronavirusdan sonra, bax, ölkəni şəxsi mülkü kimi istismar edən bu adamlardan xilas olmaq üçün gəlməlisən, unudulmuş Aprel şəhidlərə görə gəlməlisən Azərbaycan gənci
! Bu ölkədə gözəl yaşamaq sənin də haqqındır. Haqqın üçün meydana gəl!