Ölkəni intihara sürükləyən diktator cütlüyü

Yazıların birində biz bu problemə toxunduq. O məqalədən sonra onlarla insan bizə yazdı. Xahiş olundu ki, bu problem barədə mütamadi olaraq yazaq. Despotik bir ailə hakimiyyətinin zülmü altında yaşayan insanın intihar üçün hansı səbəbləri var? 27 illik Əliyev rejimi bu ölkənin insanlarına həyata bağlılıq üçün nə verib? Azərbaycanda insanlar niyə intihar edir? Bu məsələ illərdir ölkənin gündəmindən düşmür. Çünki son 6-7 ildə ölkədə artan özünəqəsd halları, həqiqətən, insanı qorxudur. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına baxsaq, 2014-2018-ci illərdə və keçən ilin 7 ayında Azərbaycanda 2 min 831 intihar faktı qeydə alınıb. 2014-cü ildə bu rəqəm 490, 2015-ci illərdə 499, 2016-cı ildə 507, 2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə 316 intihar hadisəsi olub. 2014-2018-ci illərdə və cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərdən 66,4 faizi (1879) kişilər, 27,7 faizi (785) qadınlar, o cümlədən 5,9 faizi (167) yetkinlik yaşına çatmayanlardır.

Təkcə 2017-ci ilin statistikasına görə, ölkədə təqribən hər 3 günə 4 intihar hadisəsi düşür. Növbəti ildə bu rəqəmin bir az da artdığına diqqət etsək, məsələnin necə vahiməli olduğu açıq ortaya çıxar. Hökumət təmsilçiləri öz əllərində olan media vasitələri ilə intiharların səbəbini sosial problemlərdən yayındırmağa çalışsalar da, faktlar bunun tam əksini deyir. Son illərin statistikası ortaya qoyur ki, intiharların əsas səbəbi sosial imkansızlıqdan doğan ümidsizliklə bağlıdır. Xatırlayırsınızsa, 2016-cı ildə bu məsələ ilə bağlı təfərrüatlı şəkildə mediaya açıqlama verən tanınmış psixoloq Dəyanət Rzayev bir az sonra evində asılmış vəziyyətdə tapılmışdı. Onun ölüm səbəbi də intihar olaraq açıqlanmışdı.

Amma dostları onun öldürüldüyünü iddia etmişdilər. Bəli, bura Azərbaycandır. Cəmiyyətə “intihar etməyin” deyə səslənən psixoloqun intihar etdiyi və ya etdirildiyi ölkə…   Ölümündən bir az əvvəl D. Rzayev yazırdı: “İki məktəbli uşağın intihar etməsi insanı həm narahat edir, həm qorxudur. Çünki, hansı səbəblərin 11, 16 yaşlı bir uşağın özünü asmasına vadar etməsi haqqında düşünmək insanda qorxu hissi yaradır. Bərdə və Beyləqan rayonlarında baş verən bu faciə hökumət nümayəndələrini, məsul qurumları hərəkətə gətirməlidir… Ölkədə intihar edənlərin durumlarını ciddi olaraq araşdırmaq lazımdır. Azərbaycan ailələrinə xas olan məsələlərdən də biri budur ki, maddi problemlər uşaqların yanında müzakirə olunur. Bəzən 1 otaqda iki ailə qalmağa məcbur olan bir vaxtda bu qaçılmaz olur. Valideyn səhər evdən çıxır və axşam evə çox narahat və qazanc əldə etmədən gəlir… Evdə böyüyən uşaq da yaşının kiçik olmasına baxmayaraq problemləri görür və o da bu narahatlıqları yaşamağa məcbur olur. Uşaqlar arasında baş verən intiharların kökündə gələcəyə olan ümidsizlik durur. Xaricdə intihar edənlərin əksəriyyəti tənhalıq və xəstəlik kimi, səbəblərdən edirlər.

Azərbaycanda isə əsasən iqtisadi problemlər üzündən bu intiharlar baş verir. Onu da qeyd edim ki, intiharlar tək iqtisadi çətinliklə deyil. Burada gələcəyə olan ümidin yoxluğu daha artıq rol oynayır. 1990-cı illərdə insanlar daha çətin iqtisadi vəziyyətlərdə yaşamasına baxmayaraq gələcəyə inamla, ümidlə yaşayırdılar. Bu gün insanlarda ümidsizlik pik həddədir”. Ötən yazılarımızın birində qeyd etmişdik. Ər-arvad Əliyevlər rejiminin yaratdığı anti-insani sistem ölkədə insanların  bütün ümidlərini məhv edib. Azərbaycan tarixi bu diktator cütlüyün idarəçilik tarixindəki qədər depressiya və mənəvi deqradasiyanı nə görüb, nə də görəcək. Bu talançı, insafsız, qəddar ailənin istismarçı siyasəti nəticəsində ölkə xarabalığa çevrilib, insanların yaşamağa inamı itib. Ölkədəki misli görünməmiş təbəqələşmə, işsizlik, qanunsuzluq, bir ovuc zənginlə milyonlarca yoxsul arasındakı uçurum insanların psixikasında dərin yaralar açıb. İnsanlar taleyin ümidinə buraxıldıqları və özlərini kimsəsiz hiss etdikləri üçün də çıxış yolu olaraq intiharı seçirlər. Acgöz, amansız ailə hakimiyyəti isə bu yaraların sağalması üçün heç bir addım atmır. Çünki zorakılığı bu cəmiyyətə gətirən və insanları intihar hədinə çatdıran qatil elə bu rejimin özüdür. Əliyevlər rejimi bu 27 ildə insanların yaşamaq ümidini öldürməkdən başqa heç nəyə yaramayıb