
İlham Əliyev və komandası 2019-cu ilin sonlarından başlayaraq, cəmiyyətə islahat mesajları ötürdülər.
Əlbəttə, hakimiyyətin mahiyyətinə bələd olanlar başa düşürdü ki, növbəti imitasiyadan söhbət gedir və belə də oldu. Bəzi adamlar inanmışdılar ki, Əliyev dünyada və ölkədə gedən proseslərdən dərs çıxaracaq, yeni idarəçilik formasına start verəcək. Rüsvayçı parlament seçkiləri, mübariz insanlarımızın həbsi, biabırçı Novruz təbriki, müxalifətə qarşı repressiya siyasətinin davamı göstərdi ki, Əliyev dəyişməyib.
Ümumiyyətlə, diktatorların məğlubiyyəti ona görə acınacaqlı olur ki, gözü çıxmış qardaşlarından ibrət almırlar. Qəddafinin, Mübarəkin, Maduronun, Səddamın pulu və polisi İlham Əliyevin pulundan və polisindən daha çox idi. Onlar da elə bilirdilər ki, məğlubedilməzdirlər. Aqibətləri isə hamımızın gözü qarşısındadı. İlham Əliyev daxildəki bu qədər narazılığın, beynəlxalq aləmdə bu qədər nüfuzdan düşməyin qarşılığında adekvat addım atmır. Bütün körpüləri yandırır, cəmiyyətdəki qəzəbi daha da artırır, talançılıq vərdişindən əl çəkmir. Başa düşmür ki, özünə dərin quyu qazır. Dərk etmir ki, müxtəlif ölkələrdə yerləşdirdiyi sərvətlər həyat sığortası deyil. Tarix sübut edir ki, qanla, yalanla, zülmlə əldə edilmiş var-dövlət, sahibini qanda da boğur. İlham Əliyev ləyaqətli, mübariz, vicdanlı insanlara zülm etməklə, özünə dəhşətli son hazırlayır. Çünki xalq onun repressiyalarına, yalançı inkişaf vədlərinə, qətiyyətsiz siyasətinə ikrahla yanaşır. İlham Əliyev maddi olaraq ağlagəlməz qədər pullar qazansa da, mənəvi olaraq ağlagəlməz dərəcədə itirib. Onu Azərbaycan tarixinin qara səhifəsi kimi xatırladacaqlar. İlham Əliyev ona verilən fürsətdən yararlanaraq, xalqın sevimlisi ola bilərdi. Amma bütün imkanlardan dövləti və xalqı zəiflətmək üçün istifadə etdi. Bütün bu zülmlər, xalın səfil vəziyyətə salınması, vətənpərvər insanların sıradan çıxarılması pula görədi. Amma bu qədər nifrət hesabına əldə olunan milyardları yemək mümkün olmayacaq.
İlham Əliyevin mənəvi baxımdan qardaşlaşdığı diktatorlar da oğurladıqlarını yeyə bilməyiblər.Əgər xaricdə gizlətdikləri sərvətlərə arxayın olubsa, bu sərvətlər də sanksiyaların girovuna çevriləcək. Bu günə qədər araşdırmaçı jurnalistlər Əliyev ailəsinə məxsus xeyli varidatın yerin və siyahısın üzə çıxarıblar. Bakıda, rayonlarda, Londonda, Dubayda, Çexiyada, Moskva və başqa ölkələrdəki daşınmaz əmlakı da nəzarətdədir. Yəni, Əliyev elə bir yola qədəm qoyub ki, həmin yolun sonunda işıq görünmür. Bu qədər cinayətlərin hesabı sorulacaq, izahatı istəniləcək.Hamının 5 arşın bez aparacağı dünyadan, İlham Əliyev var-dövlət apara bilməyəcək.Bəlkə də İlham Əliyevi ən bədbəxt diktator da adlandırmaq olar. Çünki başqa diktatorlar ölkədə hansısa sahənin inkişafına nail ola bilir, yaxud başqa diktatorların özünə bağlı, sədaqətli komandası olur. İlham Əliyevin isə bu mənada heç nəyi yoxdur.
Məsələn, Liviyada sosial vəziyyət yaxşı idi, təhsil sistemi var idi. Rusiyada səhiyyə, təhsil normal vəziyyətdədi. Belorusda oliqarxlar monopoliya yarada bilməyib. Çin demokratik dövlət olmasa da güclü sənayesi, yerli istehsalatı var. Yəni, başqa avtoritar rejimlərin müəyyən üstünlükləri var ki, bu üstünlüklərdən xalq yararlana bilir. Monolit komanda baxımından da Əliyev hakimiyyəti bərbad vəziyyətdədir. Paşayevlərin öz planları, Naxçıvan klanının öz missiyası, Rusiyaya bağlı qüvvələrin öz sifarişləri var. Demək istəyirik ki, sabah İlham Əliyevə görə sinəsini qabağa verəcək komanda yoxdur. Xalqın ayaq səsləri eşidilən kimi İlham Əliyev yanında heç kimi tapmayacaq. Əliyevin komandasını mənəvi dəyərlər deyil, maddi sərvətlər birləşdirir. Ona görə də İlham Əliyev özünü təhlükəli mağaraya salıb və çıxış üçün “fənər”i də yoxdur. Xülasə, İlham Əliyev digər diktatorlardan fərqli olaraq, daha çətin dalana dirənib. Xalqın ah-naləsi üzərində əldə etdiyi milyardlar da ona qismət olmayacaq. Nə özü, nə də ailəsi üçün heç bir işıq yolu saxlamır. Diktaturanın imarəti, xarabalığın komasına çevriləcək.Kaş ki, İlham Əliyev bunu dərk edəydi, xalqa düşmən münasibətini, talançılıq vərdişini, şər-böhtan siyasətini dayandırmağı bacaraydı.