Qeyri-neft sektoru ucuzlaşmadan ciddi ziyan çəkəcək

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Neftin kəskin ucuzlaşması qeyri-neft sektorunu hədəfə gətirib. Hökumətin hərəkətsizliyi itkiləri böyütməklə ölkəni daha da geriyə atır.

İlin əvvəlindən bu günədək neftin qiyməti 38 faiz ucuzlaşıb. Hər barrel neftə görə 22 dollar itki yaşanmaqdadır. Paralel şəkildə təbii qazın da qiyməti 18 faiz düşüb. Bu səbəbdən hər iki istiqamət üzrə neftdən asılı ölkə kimi gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb və azalmaqda davam edir.

Belə bir vaxtda hökumətin 1 nömrəli işi ölkə daxilində benzinin, təbii qazın, dizelin, sürtkü yağlarının qiymətlərini dünya bazarlarında müşahidə olunan ucuzlaşma trendinə adekvat olaraq aşağı salmaqdan ibarət olmalıdır. Digər enerji daşıyıcıları da ucuzlaşdırılmalıdır. Bizdə istehsal olunan qeyri-neft mallarının rəqabət qabiliyyətini qoruyub saxlamaq, bu sahədə fəaliyyət göstərən sahibkarlara real dəstək vermək üçün çox əhəmiyyətli olan bu addım mütləq atılmalıdır. Əks halda, onsuz da kövrək bazar mövqelərimiz daha da zəifləyəcək. 2015-1016-cı illərdə buraxılan kobud səhvlər bu dəfə təkrarlanmamalıdır.

Enerji daşıyıcılarının ucuzlaşdırılması fikri, xüsusən də gəlirlərin kəskin azaldığı bir vaxtda hökumətin nəzərində qeyri-populyar görünə bilər. Amma bir həqiqəti bilmək vacibdir ki, birjalarda neftin qiymətinin təsirli dərəcədə aşağı düşməsi hesabına xarici ölkələrdə (xüsusən də, neft idxal edən ölkələrdə) qeyri-neft məhsullarının maya dəyəri göstəricisi də aşağı düşür və düşməkdə davam edir. Bu amil qiymət rəqabətində bizim yerli qeyri-neft mallarını qeyri-bərabər vəziyyətə gətirməklə üstünlüyü əcnəbi malların xeyrinə dəyişir. Sabah rəqabət müstəvisində mövqlərini kifayət qədər möhkəmləndirən bu cür əcnəbi malların qarşısında duruş gətirmək mümkün olmayacaq. Xarici mallarla müqayisədə rəqabət qabiliyyətimizin onsuz da ürəkaçan olmadığını nəzərə almalıyıq (İmişli Şəkər zavodunda istehsal olunan şəkər tozunun xaricdən gətirilən şəkər tozu ilə müqayisədə rəqabətə dözmədiyini yadınıza salın). Heç olmasa, ölkə daxilində enerji daşıyıcılarını ucuzlaşdırmaqla bu qeyri-bərabər vəziyyətin daha da pisləşməsinin qarşısını ala, vəziyyəti nisbətən tarazlaşdıra bilərik. İndiki şəraitdə qeyri-neft istehsalının inkişafına verə biləcəyimiz ən böyük tövhə bundan ibarət ola bilər.

Yerli malların rəqabət qabiliyyətinin yaxşılaşdırılması istiqamətində gərəkən addımlar atılmazsa, xarici bazarlarla yanaşı daxili bazar mövqelərimiz də əldən çıxa, qeyri-neft istehsalı aşağı düşə, ölkə daxilində işsizlik səviyyəsi arta, pensiya fondlarına ödəmələrin səviyyəsi enə, digər vergi növləri üzrə ödənişlər ixtisar edilə və nəticədə gəlirlər üzrə itkilərimiz daha da böyüyə bilər. Odur ki, hökumət əlini iti tutmalı, kabinet təfəkküründən aralanmalı, dünyada baş verənlərə açıq gözlə baxmalı, öz fəaliyyətində yalnız inzibati alətlərə güvənməməli, iqtisadi qanunların ortaya qoyduğu gerçəkləri nəzərə almalıdır. İqtisadi deyil, həm də ciddi sosial problemlərin astanasında olduğumuzun fərqinə varmalıyıq. Enerji daşıyıcılarının ucuzlaşdırılmasının əhalinin ağır sosial vəziyyətinə yumşaldıcı təsirini də gözdən keçirmək lazımdır. İndi hər saat, hər dəqiqə çox qiymətlidir, onu itirmək olmaz.