Müəllim adına vurulan zərbə 

ilham-mehriban aliyevs

Yaxud, Əliyevlərin mənəvi sərvət oğurluğu

Bir dövləti və bir xalqı məhv etmək üçün təhsili və səhiyyəni məhv etmək kifayətdi. Yəni, sağlam düşüncədən və sağlam candan məhrum olan toplum, hər şeydən məhrum olur. Təəssüflər olsun ki, Əliyevlər hakimiyyəti dövründə hər iki sahənin tənəzzülü başladı və bu tənəzzül öz fəsadların hər gün bizə təqdim etməkdədi. Savadsızlıq və xəstəlik Azərbaycan xalqıyla qol-boyun edilib. Aparılan məqsədyönlü siyasət bu buxovdan azad olmağa imkan vermir. Çünki avtoritar rejimlər, əbədi hakimiyyət sevdalıları üçün bu vəziyyət əlverişlidir. 9 fevralda keçirilən növbədənkənar parlament tamaşası  bu faciəni bir daha qabarıq göstərdi və bu yazımızda təhsilin ürəyi olan müəllimlərin sındırılmasından söhbət açmaq istəyirik.

Qürursuzluğu normaya çevirmək

YAP hakimiyyətinin korrupsiyadan güc aldığı, dövlətin maddi sərvətlərini talan etdiyi, seçkiləri total şəkildə saxtalaşdırdığı heç kimə sirr deyil. Amma hər dəfə seçki tamaşaları zamanı müşahidə edirik ki, rejim dövlətin mənəvi dayaqlarını, cəmiyyət üçün nümunə olacaq təbəqəni də məhv etməklə, oğurlamaqla məşğuldu. 9 fevralda bu acınacaqlı mənzərənin ən dəhşətlisini müşahidə etdik. Təhsil verənin, dövlətin gələcəyinə körpü salmalı olan adamların çirkaba batırıldığına şahid olduq. Qarşısında baş əyməli olduğumuz müəllimlərə cəmiyyətin nifrətini gördük. Cəmiyyətin ən aşağı təbəqəsinin adamlarına yönəlməli olan təhqirlər, müəllim adına yönəldi. Hansı ki, sabahın həkimini, hakimini, hərbçisini, mütəxəssisini, alimini müəllim yetişdirir. Müəllim işıqlı sabahın tranplinidi, müəllim qürurun özüdür, müəllim vətənpərvərlik ruhudu, müəllim ləyaqət reseptidi, müəllim bu günün və sabahın zəmanətidi. Amma Əliyev hakimiyyəti ilk növbədə müəllimi maddi məngənədə, sonra isə mənəvi labirintdə saxladı. Artıq müəllim adı saxtakarlıqla eyniləşdirilib. Adamlar müəllim gördükdə, “siz də seçkidə saxtakarlıq etmisiz?” deyə sual edir. Elə bir vəziyyət yaranıb ki, minlərlə müəllim qürur kompleksi yaşamadan, kameraların önündə seçki cinayətinə şərik olur. Həm də bu saxtakarlığı dövlətin maraqları naminə, xalqın rifahı üçün etmirlər.  Bütün bu saxtakarlıqlar cəmiyyətin nifrət etdiyi, dövləti şəxsi maraqlarına qurban etmiş adamlara səlahiyyət qazandırmaq üçün edilir. Hamımız müşahidə etdik ki, başqa peşə sahiblərinin deyil, məhz müəllimlərin alətə çevrilməsi cəmiyyətin qəzəbinə səbəb oldu. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, müəllim umulan yerdi, nümunə ocağıdı, ehtiram qalasıdı. Amma hamımızı dəhşətə gətirən, sarsıdan budur ki, bu mənəviyyat qalası, qürursuzluğun normaya çevrilməsi üçün fədakarlıq edir. Əminliklə demək lazımdır ki, bunu etməyi özünə icazə verən adam müəllim adına ləkədir. Və bu adamlara qarşı ictimai qınaq mütləq olmalıdır. Çünki bu adamlar təkcə səs oğurlamırlar, həm də minlərlə ləyaqətli müəllimin adına da xələl gətirirlər. Əsl müəllim, xırda bəxşişlərə mənəviyyatını girov etməyənlər, şərə xidmətdən imtina etməyi bacaranlardı.

Hakimiyyət hərisliyindən doğan xəyanət

Bu gün müşahidə etdiklərimiz hər bir vətəndaşı düşündürməlidir. Baş verənləri təkcə Hadilərin, Elmanların, Siyavuşların mandata qovuşması kimi qiymətləndirmək lazım deyil. Gözümüzün qarşısında övladlarımızı əmanət etdiyimiz müəllimlər ləyaqətsizliyə sürüklənir. Sosial şəbəkələrdə söyüş yağışı yağır və bu söyüşlə bombardman olunmuş adamlar sabah sinif otaqlarına daxil olacaqlar. Bu adamlar şagirdlərə qürurdan, dürüstlükdən, vicdandan necə danışacaqlar? Faktiki olaraq müəllimi həm də şagirdin qarşısında gözükölgəli ediblər.  İndi həmin müəllimin  vətənpərvərlikdən, işğaldakı torpaqlardan, qəhrəmanlıqdan danışması şagirdin beynində necə təsir buraxa  bilər? YAP hakimiyyəti müəllimin əlinə topa bülleten verməklə, onun “ləyaqət bülleteni” ni oğurlamış oldu. Kütləvi ifşanı gördükdən sonra informasiya yayılıb ki, saxtakar müəllimlər cəzalanacaq. Nə baş verir, kim kimi cəzalandırır? Cinayətin sifarişçisi səs killerliyi edənləri hansı haqla cəzalandırır? Əbədi hakimiyyət hərisliyi, dövlətə obyekt kimi baxmaq düşüncəsi xəyanət deməkdi. Məhz bu xəyanətin qəlpələridir ki, müəllim adın zədələdi, dövlətin dayağın sarsıtdı. Bəli, 9 fevralda təkcə səslər oğurlanmadı, mənəvi sərvət hesab etdiyimiz müəllimlərə damğa vuruldu, müəllim adına çamur atıldı. İlham Əliyev parlamentə mənəviyyatsız adamları yığmaq üçün, dövlətin mənəviyyat keşikçilərin qurban verdi.

Həyəcan siqnalı xalq üçün çalınır.

Bu ölkədə uzun illərdi YAP rejimiylə mübarizə aparan, qurbanlar verən, işgəncəyə məruz qalan insanlar var. Bu adamlar bu gün də döyüşürlər və hər fürsətdə xalqa faciənin miqyasın göstərməyə çalışırlar. Müşahidə etdiklərimiz iqtidar-müxalifət savaşı, vəzifə müharibəsi deyil. Bu gün Azərbaycanda xeyirlə şərin, ləyaqətlə mənəviyyatsızlığın savaşı gedir. Müəllimi rahat şəkildə xərcləyən zehniyyət, şəhidin, uşağın, qocanın, dövlətin, xalqın təəssübünü çəkə bilməz. Əslində 9 fevral rəzaləti Azərbaycan xalqı üçün həyəcan siqnalı olmalıdır. Hakimiyyətin məqsədi mənəviyyatsızlığı, əxlaqsızlığı, qürursuzluğu legitimləşdirməkdi. Hakimiyyət  9 fevralda müəllimlərə oğurluğu həvalə etməklə, Azərbaycan xalqına növbəti dəfə şillə vurdu. Bəli, söyülən, təhqir olunan təkcə müəllim deyildi. Azərbaycan xalqı təhqir edildi. Həm şərəf alveri edən adamları parlamentə qaytarmaqla, həm də müəllimi bu alverdə alətə çevirməklə Azərbaycan xalqın təhqir etdilər. Hakimiyyət üçün müqəddəs heç nə yoxdursa, deməli, xalq üçün böyük təhlükə var. Xalq milyardların oğurlanmasına səssiz qaldığına görə, müəllimlərin oğurlanması asan başa gəldi. Oğurlanmış qürurumuza görə ayağa qalxmalıyıq. Yoxsa, əllərimizi kəsməyə davam edəcəklər.