MSK-nin özünü buraxmiş deputatları “ekskumasiya” edir?

Sehrbaz Məzahirin MSK- DSK oyunu nə qədər uzanacaq? 

MSK bu dəfə ona təqdim olunan namizədlərin şikayətləri ilə bağlı heç bir ləğvetmə qərarı vermədi.  Nəticə gözlənilən kimi oldu, yuxarıların təlimatı ilə 4 dairənin nəticəsi ləğv olundu və şou bitdi. Bir daha hamı gördü ki, MSK-nın məşhur sehrbazı Məzahir Pənahov oyun çıxarır. Adam İo-Kio baba kimi özünə çox arxayındır və düşünür ki, xalq bunun nə oyun oynadığının fərqində deyil. Hoqqabaz 4 dairənin nəticəsini “ləğv edib” və özünü elə dartır ki, guya bu qərar onun boyuna görə işdir. Guya biz o 4 nəfərin “fatihəsinin” yuxarıdan gələn təlimat əsasında verildiyini bilmirik. Deyən gərək, sən hələ bir sədrlik etdiyin qurumdakı işçilərinə çəki-düzən ver, onlara doğru-düzgün sənəd tərtib etməyi öyrət ki, biz də durub “sehrbaz Məzahirini sənədləri də özü kimi əyri-üyrüdür” deməyək. Oyuna baxın, narazı namizədlər kisə-kisə pozuntu faktlarını toplayıb araşdırmaq üçün bunlara yollayırlar. Bunlar da həmin şikayətlərə yazılan rəyləri hərf, ifadə səhvləri ilə qaralayıb göndərirlər təkrar DSK-ların üstünə. Bunun anlamı nədir? Anlamı odur ki, bir az zaman keçsin, xalqın qəzəbi soyusun, ondan sonra qutudan siyahıdakı adamların çıxarılması asan məsələ. Adam bu işin əsl ustasıdır, çoxlarına da “master-klass” keçər. Məsələn, o sizə çox incəliklə izah edə bilər ki, “deputatınızı tanıyırsınızmı” sorğusunda iştirak edənlərin hamısı “yox” dediyi halda, Oqtay Əsədovu Abşerondan necə qalib edib? Yaxud 29 saylı Səbail seçki dairəsindən namizəd olan Nigar Arpadarainin xeyrinə 3079 səsi necə yazıb yekun protokollara? İmişlidən qovulan Razini, Salyandan qovulan Fəzaili, Tərtərdən qovulan Sahibi, Zaqataladan qovulan Elşəni hansı fokusla qalib edib? Adamın möcüzəsinin sirri yerə-göyə sığmır, şəkk eləyənin mandatı gedər.  

Məzahirin ləğvetmə şousunu burda bitmiş saymaq olar. Amma narazılıq heç bir halda bitməyəcək. Yeri gəlmişkən, sabah MSK-nın qarşısında seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçiriləcək. Komik Pənahovun böyük polis zorakılığı ilə dağıdılan ötən aksiya haqqında dediklərini xatırlayırsınız yəqin: “MSK qarşısında təşkil edilmiş aksiyaya baxdım, sevindim və ləzzət aldım”. Adamın nədən ləzzət aldığı qaranlıqdır. Amma sabah bütün haqqı pozulan nümayəndələr MSK-nın qarşısına toplaşıb ona eyni ləzzəti təkrar yaşada bilərlər. Belə görünür ki, köhnənin hoqqabazı olan Pənahov xoşluqla insanların haqqını özünə qaytarmayacaq. O halda şikayətçi namizədlərə qalır qurumun qarşısına toplanıb haqlarını tələb etmək. Bəli, o insanların haqları özlərinə qaytarılmalı, ən azı şikayətçi namizədlərin tutarlı dəlilləri nəzərə alınıb, o dairələrin nəticələri ləğv olunmalıdır. Xalq illərdir MSK-nın bu oyunlarını əzbər bilir. Lakin bu dəfə həmin oyunlar keçməyəcək, rüsvayçı nəticələrlə parlamentə doldurulan saxta deputatlar da qanundankənar sayılacaq.   

Şübhəsiz, Məzahir sadəcə yuxarıdan yazılan ssenarinin oyunçusudur. Onun işi verilən təlimat əsasında “filfilo” edib, qutudan məlum adları çıxarmaqdır. Amma xalqın hissləri ilə bu qədər də oynamaq olmaz. İnsanlar baş verən biabırçı seçki saxtakarlıqlarına üsyan edir. MSK-DSK-nın bu ötür-ötür oyunu dayandırılmalı və narazı şəxslərin haqlı şikayətləri təmin edilməlidir. Əgər növbədənkənar seçki keçirib, qoca komandanı təkrar parlamentə qaytaracaqdınızsa, nə lüzum vardı  bu şouya? Xalqa nə belə islahat, nə də belə parlament gərəkdi. Nəhayət, öz qoca komandanızla çəkilin kənara, imkan verin, xalq öz parlamentini seçsin!