Qalib olacaq, yarış isə qətiyyən!

Seymur Həzi

Rəsmi seçki prosesi bitmək üzrədir. Namizədlərin əksəriyyəti hələ ki sosial şəbəkələrdə şəkillər paylaşmaqdan o tərəfə keçməyib. Debat və ya yarış elementləri görmək olmur. Prosesin obyektiv mənada seçki adlandırılması üçün hansı istinad nöqtələri olmalıdır? Seçmək və seçilmək nə deməkdir? Bunun qanunvericilikdəki izahından başqa, sosial-fəlsəfi izahı nədir?

Parlament seçkisi əslində ölkə üçün bir hakimiyyət qolunun müəyyən olunması mexanizmidir. Bu, kimin tərəfindən idarə olunmaq deyil, necə idarə olunmaq sualına vətəndaşın münasibətidir. Çünki parlament idarəçiliyin necəliyini müəyyən edən qanunları qəbul edir, ya da etməldir. Edirmi? Bu başqa sualdır. Biz nəzəri tərəfində xeyli əmma olan bir prosesin praktik mahiyyətini gözdən keçirək.

Seçkidə kimlər var?      

Seçkiyə qatılanlar arasında hələ ki ən fəal namizəd kimi İqbal Ağazadəni göstərmək olar. Digər fəal namizəd Mehman Hüseynovdur. (Başqaları da var əlbəttə.) Bu seçkinin yeganə diqqət çəkən hekayəsi isə rəqibinin Mehman Hüseynova geri çəkilməsi üçün rüşvət təklif etməsidir. Müstəqil və ya müxalif namizədlər düşərgəsində hələ ki başqa diqqət çəkən olay yoxdur. Milli Şuranın boykot etdiyi seçki prosesində tez-tez ənənəvi müxalifətin meydanı tərk etməli olduğunu deyən qüvvələr üçün fürsət yaranıb. Ancaq onlarla xalqın hər hansı ciddi birgəliyinin şahidi olmaq mümkün olmayıb.

Hakimiyyətin işi çətindir!

Hakimiyyətin birbaşa və ya dolayı dəstəklədiyi namizədlərin bir qismini namizəd olduqları dairənin seçiciləri ərazidən qovur. Bu, o deməkdir ki, xalq ya bu namizədlərə, ya da elə onların təmsil etdiyi hakimiyyətə etimad göstərmir. Ancaq bu etirazçı kütlələri başqa müstəqil namizədlərin arxasında görmək olmur. Əsas var deyək ki, seçki institutuna inamsızlıq ciddi xarakter alıb. Bu inamsızlığın kifayət qədər sosial-psixoloji əsasları var. Nədir bu əsaslar və dayaqlar?

Yarış yoxdursa, qalib kimdir?

Söz yox ki, seçki bir yarışdır və onun qalibi, məğlubu var. Bəs bu yarışın meydanları haradır? Hakimi kimdir? Seçki prosesinin iki mühüm meydanı var. Onlardan birincisi xalqla canlı ünsiyyət imkanıdır. Sərbəst toplaşmaq azadlığı haqqında və seçki haqqında qanunvericilik elə hala salınıb ki, namizəd – qanunla toxunulmazlıq hüququ olan şəxs – öz seçiciləri ilə istədiyi yerdə görüşə bilmir, onun görüşləri üçün yeri MSK və ya DSK  müəyyən edir. Faktiki olaraq, biz bu seçki prosesində açıq hava tədbiri, seçki mitinqi görmədik. Beş-on nəfərlik məhəllə müzakirələri isə parlament seçkiləri standartlarına uyğun gəlmir.

İkinci və makro miqyasda seçki üçün həyati meydan mediadır. Teleməkan seçki mövzusunun və namizədlərin üzünə bağlanıb. Debatlar yoxdur. Televiziya resurslarından pulsuz istifadə müxtəlif yollarla məhdudlaşdırılıb. Bunlardan birincisi odur ki, qanunla yalnız qeydə alınmış namizədlərinin sayı 60-dan çox olan partiya və blokların televiziyadan pulsuz istifadə etmək imkanı var. MSK isə YAP xaric, heç bir təşkilatın həmin rəqəmə çatmasına imkan vermir. Bu qanunun özü əslində digər vergi ödəyicilərinin hüquqlarını pozmaqdadır. Çünki İctimai Televiziyadan istifadə imkanının hansısa çoxluğa verilməsi demokratiyanın prinsiplərinə zidd olduğu kimi, həm də vergi ödəyicilərinin haqlarına təcavüzdür. Axı vergini qrup halında ödəmirik ki, onun hesabına formalaşan imkanlardan da qrup halında istifadə edək. Başqa tərəfdən, əgər seçki sistemi majoritar sistemdirsə, o zaman qrup debatları hansı məntiqə sığır?

Bütün bunlarla birlikdə görürük ki, media, demək olar, seçki prosesində yoxdur. Belə bir şəraitdə çoxluğun seçkiyə inamsız olmasının əsaslarını anlamaq çətin deyil.

Nəticə

Qədim Yunanıstanda seçmək hüququ olan şəxs vətəndaş sayılırdı. Bu, həm də o deməkdir ki, seçmək hüququ olan fərd birgəyaşayış təsisatı olan dövlətdə payçıdır. Bu seçkilər həqiqətən haqqı olan payçıların seçimi olacaqmı? Seçim imkanı əldə etmək öz iradəsini bərqərar etməkdir. Yəni öz müqəddəratını təyin etmək haqqıdır, layiq olduğunu seçmək, özünə sayğı deməkdir. Millətimizə özünü ifadə etməsi arzusuyla…

Pressklub.az