Qızınmadım istisinə, kor oldum tüstüsünə


Az TV-də son illərdə intellektual goreşənlər nəsli yetişdirilib

Bunu başqa cür də adlandırmaq olar: soyğunçuluq, talançılıq. Rus dilində buna maroderstvo (мародерство) deyilir. Yəni dava meydanında ölüləri, yaralıları və ya savaş gedən bölgələrdə insanları soyan adamlar.
Ancaq AzTV-də ölülər, yaralılar qalsın bir yana, diriləri də soyub talayırlar. Utanmadan, qızarmadan, adamın üzünə gülə-gülə. Sanki, bu, elə belə də olmalıymış. Öz qanunlarına sayğı ilə yanaşan ölkələrdə belə yaramazlığa plagiatlıq damğası vurulur, yəni ədəbi oğurluq etmək, başqasının əsərini öz adına vermək.
Bütün bu yaramazlıqların, qanun pozuntularının, eləcə də bunlara oxşar başqa özbaşınalıqların özülü 2006-cı ilin sonunda qoyuldu. Bir az da aydın desək, AzTV-də “yaxşı oğlan” kimi tanınan, gerçəkdə isə bunun büsbütün tərsini sərgiləyən birisinin, gözlənilmədən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri kürsüsünə əyləşdirilməsindən sonra. Arif Alışanov kürsüyə əyləşər-əyləşməz, saxta gülümsəmələrini bilmərrə atdı kənara, yubanmadan bu çağadək gizlətdiyi qılıncı siyirib qınından çıxardı, sağa-sola yellədib “burda mənəm, Bağdadda kor xəlifə” deyiminin, gerçək olduğunu hər bir Allah bəndəsinə anlatmağa çalışdı. Açığını deyək, antiinsan amacına gərəyincə çatdı da. Çatana çatdı, çatmayana daş atdı. Qaçanı qovdu, qaçmayanı yıxıb-sürüdü. Ağzını açana “leykoplastır” yapışdırdı. “Azteleradio”da o çağadək görünməmiş, eşidilməmiş, heç kimin ağlına gəlməmiş, sözün gerçək anlamında inanılmaz, dözülməz bir qasırğa törətdi. Gücsüzləri əzdi. Güclülərdən min bir yolla yaxa qurtarmağa çalışdı. Özəlliklə də , onun miskin, əzgin, üzgün, gücsüz keçmişini yaxşıdan da yaxşı tanıyanları, gözləri ilə görənləri, çağında ona gerçəkdən də yazığı gələnləri, ona əl tutanları, bacardıqları kimi yardım edənləri.
Bu “yaxşı oğlan” (ruslar belələrinə “хороший парень” deyirlər), bir an belə itirmədən hər nə varsa, ona əl qoymağa girişdi. Azteleradionun içindəkilərə də, çölündəkilərə də. O sıradan yenicə yaradılmış “İTV”-yə (İctimai Televiziya) də. Öz inandığı adamları Azteleradiodan İTV-yə transfer etməklə. Amacı da dupduru aydın. Çoxları bunu uzun sürə anlamasalar da. Ancaq doğru deyiblər, “cidanı çuvalda gizlətmək olmaz”.
Tezliklə sıra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə də çatdı. Azərbaycanda ilk televiziya filmlərinin yaradıldığı və bu yolda çoxlu işlər görmüş, istedadlı kino sənətkarları çalışmış, filmləri Kalininqraddan Saxalinədək, Moskvadan Türkmənistanadək, eləcə də bir çox yabançı ölkələrin ekranlarında göstərilən, Uluslararası və Ümumittifaq kinofestivallarına qatılan, ödüllər, diplomlar almış bir yaradıcılıq qurumuna. Mən bu quruma qarşı törədilmiş bütün yaramazlıqları incələmək, xırdalamaq, analiz etmək düşüncəsindən hələlik uzağam. Çünki, çoxlarına bəlli olmayan çoxsaylı tükürpədən olaylara, gələcək yazılarımda gur işıq salmağı düşünürəm. Düşünürəmsə, deməli yazmalıyam. Pisi də, yaxşını da. Bu mənim yaşam kredomdur.
Mətləbə keçməzdən öncə, böyük düşüncə adamı Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sindən bir neçə dəyərli sözə üz tutmaq istəyindəyəm.
O, yazır: “Ey insan! Sənin içində elə qorxunc bir düşmən yatır ki, o ağla əngəl olduğu qədər də, cana və dinə düşməndir. O düşmən – nəfs ilə şeytandır. Yeri gələndə, nəfs – şeytandan daha betərdir, çünki şeytan dışımızda, xaricimizdə olduğu halda, nəfs daim içimizdədir. O düşmən kərtənkələ kimi bir göz qırpımında adama hücum çəkər, sonra isə qaçıb bir dəliyə dürtülər”.
Mövlanə daha sonra deyir: “Nəfsini aşağılayan insan nə xoşbəxtdir! Özünü uca dağlar kimi yenilməz sayan insanın isə vay halına”!

“Azteleradio”da yüksək kürsüyə oturdulmuş yeni “baş televiziyonçu” “Azərbaycantelefilm”in bətnindən çıxıb işıq üzü görmüş bütün filmlərin, ortaqsız-filansız yiyəsi olduğunu bildirdi. Yəni, “hamısı mənim filmlərimdir” mesajını verdi. Bu düşüncədən çıxış edən “baş televiziyonçu”, ambisiyasını yubanmadan gerçəkləşdirməyə başladı. Bunun üçün ən ağır qanun pozuntularına yol verməkdən də çəkinmədi. Eyni çağda millət vəkili olmasına, parlamentdə oturmasına baxmayaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununu yumşaq desək, kobudcasına pozdu, tapdaladı, qulaqardına vurdu. Milli Məclisin ortaya qoyduğu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyun ayının 5-də imzaladığı Qanundan A. Alışanov soraqsız ola bilərdimi? Buna inanan kəs daşa dönməzdimi? Daşa dönməsə də, çaşıb qalmazdımı? Sözsüz, qalardı. Necə də, qalırdı da.
Adı çəkilən Qanunun ilkin pozuntusu, AzTV-nin efir proqramlarının kütləvi şəkildə pozulmasından, daha doğrusu, efirə gedən teleproqramların yerlərinin gün ərzində dönə-dönə dəyişdirilməsindən, gah irəli, gah da geri çəkilməsindən başladı. Asta-asta, yavaş-yavaş, ancaq inanılmaz bir inadla. Televiziya fəlsəfəsinə daban-dabana zidd olan belə özbaşınalığa, dünyanın ən geridə qalmış ölkələrində belə rast gəlmək olmaz. Qalmışdı, qabaqcıl, mədəni ölkələr olsun. Azərbaycanda var olan özəl tv-lərdə belə, bu cür hoqqabazlıqlara rast gəlmək çətindir.
Proqram politikasına (buna politika demək olarsa) qarşı sürdürülən bu kabus, “Azərbaycantelefilm”in filmlərindən də yan keçmədi. Ən sarsıdıcı zərbə də ona dəydi. Misli görünməmiş, Alışanovsayağı bu telerepressiya dövlətə, xalqa qulluq etməli olan dəyərli və gərəkli filmlərin tamaşaçılara çatdırılmasında böyük əngəllərə nədən oldu. Yenicə ərsəyə gəlmiş hər hansı bir filmin premyerasının vaxtı, gün ərzində dönə-dönə dəyişdirilir, istər onu yaradanları, istərsə də ona baxmağa can atan, o anı səbirsizliklə gözləyən insanları çaş-baş salırdı. Axı bu filmlər sovetlər dönəminin Azərbaycanı üçün yox, azad, bağımsız Azərbaycan üçün, onun əməksevər xalqı üçün yaradılırdı. Onun yüz illər boyunca saxtalaşdırılmış tarixinin gerçək üzünü kino dili ilə gün işığına çıxarılması idi başlıca amac. Özəlliklə də iyirminci yüzilliyin kəllə-mayallaq edilmiş tarixinin. S.Şaumyanı və onun əlaltılarını milli qəhrəman, M.Ə.Rəsulzadəni, N.B.Usubbəylini, F.X.Xoyskini, Ə.Cavadı, H.Cavidi və bir çox başqa dəyərli insanımızı, zəka yiyəsini xalq düşməni kimi xalqa sırıyan Azərbaycan sovet tarixçiliyini. Bunu edənlər, yəni tarix biliminin ordenli-medallı, doktor-professor titullu, yüksək kürsülərdə əyləşən funksionerləri indi də bunun tərsini söyləyirlər. Özü də can-başla. Bir-birilərini qabaqlamaq, üstələməklə. Gerçəkdə isə xalq bunları çoxdan bilirdi. Yalnız içində saxlayırdı bütün bunları.
Proqram kələkbazlığının başlıca olaraq mənə, daha doğrusu mənim filmlərimə qarşı yönəldiyini isə yalnız sonralar anlaya bildim mən. Nədəni isə bir deyil, iki deyil, üç deyil. Hansını deyim mən? Öncə bunu deyim. Çəkdiyim filmlər onillər boyu saxtalaşdırılmış, ləkələnmiş, ayaqlar altında tapdalanmış tariximizin gerçək üzünü qoyurdu ortaya. Öyüçülükdən, yaltaqlanmaqdan, qaraya ağ, ağa qara deməkdən olduqca uzaqdaydı bu filmlər. Sağlam prinsipiallıq, çağdaş və bağımsız yanaşma güdülürdü onlarda. Heç kəsin haqqını yeməmək, unutmamaq, yada salmaq fəlsəfəsi qoyulmuşdu ortaya. Tamaşaçıların ürəyincə idi bu filmlər. Uzun sürən axtarışların, yuxusuz gecələrin, dinclik bilmədən dağlardan, dərələrdən keçərək, aşırımları aşaraq Azərbaycanın, Türkiyənin köylərini, obalarını bir-bir dolaşaraq, toplu məzarları axtararaq, sənədləri, kino-foto arxivlərini ələk-vələk edərək çəkdiyimiz filmlərə AzTV “başbilən”inin və ona züy tutanların dövlətçilik baxımından sərgilədikləri hoqqabazlıqlara nə ad vermək olardı? Bütün bunlar kimə, ya kimlərə gərəkli və yararlı ola bilərdi? Görünür, olurdu da. Belə olmasaydı, sözsüz, dövlətə, onun imicinə və xalqa yararlı və gərəkli ola bilərdi.
Ancaq bu yalnız başlanğıc idi. Heç kimdən, heç bir dövlət qurumundan, eləcə də dövlət teleradio yayımları şurasından sərt təpki görməyən AzTv başbiləni, özünü “suda batmaz, odda yanmaz” olduğunu düşündü. Arabir zorən bu filmləri ekrana çıxarmalı olan “başbilən”, daha iyrənc və utanc verən davranışlara əl atdı. Ən azı eyni çağda 10 televiziya kanalında yayımlanan və müəllifi olduğum filmlərdən (“Ermənilər: riyakarlığın anatomiyası”, “1915-ci il. Erməni saxtakarlığının başlanğıcı”, “Timsahın göz yaşları”), mən də başda olmaqla bütün yaradıcı qrupun adları yığışdırıldı. Özü də dönə-dönə. Aylarla, illərlə. Beləliklə, bu filmlər bütün ölkəyə anonim filmlər kimi sırındı. Yaradıcıların kimliyi bilinmədi. Bununla da nəinki müəlliflik hüququ, eləcə də Azərbaycan Prezidenti H.Əliyevin imzaladığı az öncə adını çəkdiyimiz dövlət qanunu növbəti kərə ayaqlar altında tapdalandı. Ancaq bununla belə, yenə də sudan quru çıxdı. Yalnız yazılı mediada və sosial şəbəkədə sərt çıxışlarımdan sonra bu yaramazlığa son qoymaq zorunda qaldı AzTV “başbiləni”. Ancaq imkan düşdükdə, öz köhnə işdəklərini işə salmağa çalışırdı o.
Sözsüz, bütün bunlar, mən 2010-cu ilin aprelində “Timsahın göz yaşları” filmini başa çatdırdıqdan, bunun ardınca AzTV-dən biryolluq ayrılıb getdikdən sonra baş verdi. Nədəni isə olduqca açıq və aydın. “Başbilən”in “uğurlu ” çalışmalarıyla. AzTV-də kök salan feodal düşüncə tərzi, saxtakarlıq, pulgirlik, başqasının intellektual mülkiyyətinə göz dikib ələ keçirmək və başqa bu kimi nəsnələr. Çox keçmədən plagiatlıq sindromu baş qaldırdı və addım-addım yaşam normasına çevrildi. Sınaq poliqonu olaraq, İTV seçildi. AzTv-nin İTV-yə transfer etdiyi emissarların əli ilə mənim Azərbaycanda yaratdığım ilk müəllif filmi “Göylər sonsuz bir dənizdir” trilogiyası parça-parça edilib, adıçəkilən telekanalın hazırladığı üzdəniraq bir “film”in içində əridildi. Bununla bağlı ötən yazılarımda çoxlu bilgilər verdiyimə və böyük rezonansa nədən olduğuna görə, bu olaydan yan keçməyi düşündüm. Çünki tezliklə daha şaşırdıcı bir olayla qarşılaşmalı oldum. Özü də harda, harda? AzTv-də. Sən demə, İTV-nin plagiatlığı AzTV-nin genişmiqyaslı plagiatçılığı fonunda, sözün gerçək anlamında “toya” getməliymiş. Burda meydan da, imkan da daha geniş, şeytan isə daha bol imiş. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” ların daha yetənəkli ustaları, nəfslərinin qulu varmış.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini addım-addım incələyən, Azərbaycan, Gürcüstan, eləcə də Türkiyədə çəkilmiş unikal epizodları milyonlarla tamaşaçıya çatdıran “Mücadilə” kinodilogiyasının ən baxımlı, ən tükürpədən, düşündürən, qürur duyğusu aşılayan bölümləri, yumşaq desək, mal cəmdəyi kimi parçalanıb AzTv-nin loqosu ilə “Müstəqillik mücadiləsi” adı altında qondarma bir “film”in içində əridildi və ötən ilin may ayının 28-də efirə ötürüldü. Ola bilsin, ondan öncəki ildə də. Özü də “Mücadilə” kinotrilogiyası dura-dura. Daha doğrusu, heç bir suçu olmadan həbsdə yata-yata.
Belə bir yaramaz davranışa “Ermənilər: riyakarlığın anatomiyası kinodilogiyası, “1915-ci il. Erməni saxtakarlığının başlanğıcı” və “Timsahın göz yaşları” filmləri də tuş gəldilər. Kino qəssabları onları da parça-parça etdilər və ata malı kimi ötən ilin martında AzTV ekranında yayımlanmış “Həqiqət və riyakarlıq” adlı bir “film”in içinə qatdılar. “Film” bu il 20 yanvarda da yayımlanmışdı. Bu azmış kimi, mənim yazdığım kadrarxası mətnin bir çox bölümünü də sözbəsöz, cümlə-cümlə mənimsəyib, başqa birisinin səsi ilə səsləndirdilər. Yuxarıda adları çəkilən, tamaşaçıların dönə-dönə baxdıqların filmlərin bilim araşdırıcısının, ssenari yazarının, quruluşçu rejissorunun və səsləndirənin kimliyini heç yada da salmdılar. Yəni mənim. Eləcə də, filmlərin quruluşçu operatorunun, bilim konsultantının adlarını da. Çağında Şaumyanı, onun quldur dəstəsini yorulmadan yağlı-yağlı, dadlı-duzlu sözlərlə öyənlər, onların yalançı məzarları qarşısında dinməz-dinməz baş əyənlər, birdən-birə 180 dərəcə bucaq altında döndülər, dediklərinin üstündən qırmızı bir cizgi çəkərək ən kəskin, ən aşağılayıcı sözlərlə, dünən pərəstiş etdikləri kimsələrin hansı yuvanın quşu olduqlarını bilməyənlərə bildirməyə çalışdılar. Gec olsa da belə.
Sonra da “Mücadilə”yə girişdilər. Çağında, yəni bolşevik-sovet dönəmində Xalq Cümhiriyyətinə, onun oddan-alovdan çıxmış, zindan, sürgün yaşamı sürmüş liderlərinə ağlagəlməz böhtanlar yağdıranlar, onlara qara ləkə ataraq xalqın gözündən salmağa çalışanlar “Mücadilə” filminə söykənərək, “Müstəqillik mücadiləsi” adlı qondarma plagiat “film” ərsəyə gətirdilər. Özü də gerçək mücadiləni bir fon kimi arxa plana sıxışdıraraq, gerçək amaclarını ortaya qoymaqla. Yəni, yeri gəldi-gəlmədi siyasi hakimiyyətə məddahlıq və buna oxşar başqa reveranslar edərək, gerçəkdə özlərinin sınır bilməyən merkantil maraqlarını önə çəkmək amacı daşıyırdı bu “çalışmalar” və “dəridən-qabıqdan çıxmaq”lar. Bütün bunlara mənim heç bir sözüm yoxdur. Özləri bilərlər. Doğru deyiblər: amacın nədirsə, mənzilin də oradır. Bunu bildik. Yaxşı, bəs mənim və mənim AzTV zindanında onillərdir əsir qalmış filmlərimin suçu nə? Məni saymırsınız, eybi yox, saymayın. Ancaq, bir kişilik də olmalıdır axı. Yoxsa, başqa Kişilərin yaratdıqlarına hələ sağlığında ikən əl qoyub özününküləşdirən kəslərə kişi demək olarmı? Azərbaycanda plagiatlığın at oynadıb meydan sulamasını bilməyənlər çox azdır. Bişmiş toyuqlar belə bu işdən gərəyincə soraqlıdırlar. Bu xəstəlik indi kino yaradıcılığına da yol tapıb. Başlıca olaraq da AzTV-də. Özü də, onun keçmiş “başbilən”inin xeyir-duası ilə. Çünki ölkə, millət adına utanc gətirən, qınaq obyektinə çevrilən, eləcə də iyrənc duyğular oyadan belə üzdəniraq “çalışmalar”a imza atanlar ilk olaraq özlərinin gerçək kimliyini, hansı “fəlsəfə”nin daşıyıcısı olduqlarını biranlamlı şəkildə ortaya qoyurlar. İntellektual immun sistemini dağıdıb yox edən bu xəstəliyin aylar, illər keçdikcə yoluxucu xarakterə çevriləcəyini gözləmək olar. Gerçəkdə bu proses, zənnimcə indi də gedir. Özəlliklə də, yüngül yollarla bilim adamı olmaq istəyənlərdə.
Mənə gəldikdə isə, ömrüm boyu çəkdiyim filmlərlə bacardıqca dövlətə və doğma xalqıma qulluq etmək üçün çalışmışam. Bacardığımı, əlimdən gələni əsirgəməmişəm. tamaşaçıların mənə göstərdikləri sevgi və sayğını isə özüm üçün ən yüksək ödül saymışam. Ancaq son illərdə acı və üzücü bir gerçəkliklə üz-üzə qaldığımı anlamışam. Sən demə, dövlətə, xalqa deyil, bir dəstə goreşənə, yəni plagiat xəstəsinə qulluq etmişəm. Başqa sözlə desək, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”lara. Onlarla sizi də tanıış etmək istərdim mən.
• Proyektin başçısı – Arif Alışanov. AzTV-nin keçmiş “başbilən”i, kitaba, bilimə, proqressiv düşüncəyə, haqqa, ədalətə sonsuz nifrət bəsləyən bir kəs. Milli Məclisin keçmiş üzvü.
• Redaktoru – Səyavuş Məmmədov. “Azərbaycantelefilmin” keçmiş
“başbilən”i. Elementar bir ərizəni başqasına yazdıran bir kəs. Azərbaycanın əməkdar jurnalisti, Prezident stipendiantı.

Ən başlıcası isə, plagiat “film”lərin bilim konsultantının kimliyi ilə bağlıdır. Ancaq şaşırmayın, sayğılı internet izləyiciləri. Bilənlər bilir, qoy bilməyənlər də bilsin, çünki “bilinməyən nəsnəyə qurd düşər” deyib müdrik atalar.
Tanış edirəm o tanınmış adamı. Yaqub Mahmudov. Keçmiş millət vəkili, AMEA-nın müxbir üzvü, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix bilimləri doktoru, professor, əməkdar bilim xadimi, eləcə də mənim bilmədiyim başqa nəsnələrin yiyəsi. İndi özünüz düşünün, sayğılı izləyicilər. AzTV-nin keçmiş “başbilən”i A.Alışıanov hara, ordenli-medallı, yüksək titullar və görəvlər yiyəsi, ölkənin baş tarixçisi Yaqub Mahmudov hara? Bu nə tandem, bu nə sövdələşmə, bu nə izdivac? Belə görünür, Tarix İnstitutunun başbiləni iyirminci yüzilliyin tarixini saxtalaşdıran ağ, qara, qırmızı, eləcə də başqa ləkələri yuyub təmizləmiş, bütün gerçəklikləri üzə çıxarmış, qatı açılmamış sənədlərə gur işıq salmışdır, eləmi?
Ərzurumda, Qarsda, Ərdəhanda, Vanda, Yomrada, Trabzonda, eləcə də Türkiyənin dağlarını gecə-gündüz demədən aşaraq, dərələri, təpələri qarış-qarış incələyib toplum anıtları bir-bir üzə çıxaran da, ölkənin el-obasında, köylərində geniş araşdırma aparıb öz “ssenaristi” və “rejissorları” ilə çəkiliş aparan da elə özü olmuşdur, eləmi? Cənab Y.Mahmudov bir nəsnəni gərək unutmamalı və bilməli idi. Ayrı-ayrı, gözəgəlimli, “işə yarıyan” bölümləri özünüküləşdirilmiş filmlərin bilim konsultantı da vardır, ədəbi redaktoru da. Onlarla sizləri də tanıış etmək zorundayam. Gerçəkdə isə Azərbaycanda onları çoxları yaxşı tanıyır. O sıradan sizlər də.
Beləliklə, adlarını çəkdiyim filmlərin bilim konsultanrı, sizin də yaxşı tanıdığınız tarix bilimləri doktoru, professor Elmira Muradəliyevadır, ədəbi redaktoru isə yazıçı-jurnalist Aydın Qurbanoğludur. Quruluşçu operator isə Nəriman Şıxəliyev.
Adlarını çəkdiyim bu dəyərli, yetənəkli bilim və sənət adamları uzun illərdir mənim yaratdığım yaradıcı qrupda çalışmış, əlllərindən gələni əsirgəməmişlər. Hər bir filmin başlanğıcından sonunadək mənimlə birgə olmuşlar. İndi isə, anladın mənə. Başda professor Elmira Muradəliyeva olmaqla, necə qıydınız onlara? Heç olmasa, E. Muradəliyevanın qadınlığına, xanımlığına, yüksək intellekt yiyəsi olmasına sayğı ilə yanaşardınız. Axı, Azərbaycana səs salmış “Odlu məmmləkət” kinoepopeyasının da bilim konsultantlarından biri Elmira xanım idi. O çağda siz özünüz harda idiniz? Niyə başqaları kimi, siz də Azərbaycan dövləti və xalqı üçün olduqca gərəkli olacaq bu projeyə öz töhfənizi verməyə tələsmədiniz? Bəlkə çağı gələndə “Odlu məmləkət”ə də əl qoymaq istəyində olacaqsınız? Kim bilir? Hər nə desəz ola bilər.
Sonda nə deyim sizə? Bircə bunu deyirəm. Ayıbdır! Vallah ayıbdır! Billah ayıbdır! İstər özəlliklə sizə, istərsə suyunu içdiyimiz, düz-çörəyini yediyimiz doğma ölkəmizin imicinə ləkə vuran başqa kimsələrə. Bu azmış kimi, kollektivdə mənimlə birgə çalışmış bir çoxlarını da ssenarist, rejissor, operator, səs rejissoru qismində plagiat filmlərinin hazırlanması prosesinə qatmağı bacarmışlar. Onların ad və soyadlarını hələlik açıqlamaq istəmirəm. Ancaq gərək olarsa, bunu da edə bilərəm.

P.S. Marksizm-leninizmi çox oxuyub, çox nəsnələr öyrənmisiniz. Onu bilirik. Gərəyincə örnək götürməyinizdən, yeri gəldi-gəlmədi onu çoxlu-çoxlu öyməyinizdən də soraqlıyıq biz. Ancaq, başqa qaynaqlara da baş vurmağınızı, örnək götürməyinizi istərdik. Konkret olaraq, Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sini. Örnək götürmək üçün çox dəyərli düşüncələr, öyüdlər var o böyük və olduqca dəyərli əsərdə. Özü də nəfsi boğmaq da, hər kişinin işi deyil axı!
AzTV-nin yeni başçılarına isə bunu deyərdim:
• 2006-cı ildən bəri baş götürən, bu çağadək gəlib çatmış plagiatlıq xəstəliyinə son qoymaq üçün əllərindən gələni əsirgəməsinlər. Azərbaycan Dövlətinin imicinə, arzu edilməz zərər vura biləcək bu yaramaz əməlin çiçəklənməsinə və geniş yayılmasına yol verməsinlər. Çünki bu, sizin də imiciniz üçün faydalı olardı.
• Bu qanun pozuntusunun gərəyincə dəyərləndirilməsini və müəlliflik hüququmun (istər ssenari yazarı, istərsə quruluşçu rejissor hüquqlarımın) bərpa olunmasını biranlamlı olaraq tanınmasını tələb edirəm.
• Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə isə bu qanun pozuntusuna adekvat yanaşma sərgiləməsini, eləcə də yazılı açıqlama verməsini istəyirəm. O sıradan, adı çəkilən filmlərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində dövlət qeydiyyatında olmasını, mənim isə hər iki nominasiya üzrə müəlliflik hüququmun orada göstərilməsini də unutmamaq şərti ilə.

P.S.S. “Azərbaycantelefilm” Yaradıcılıq birliyinə gəldikdə isə bunları deməyi özümə borc bilirəm:
Azərbaycanda çalışdığı dönəmlərdə H.Əliyev “Azərbaycantelefilm”in dəyərini yaxşı bilirdi. Onun varlığından, yaradıcı imknalarından ölkə üçün gərəyincə və dönə-dönə yararlanmağı bacarırdı. Ancaq yeri gəlmişkən bunu da deyim. “Azərbaycantelefilm”in qurucularından biri olduğum üçün qürur duyuram. Yaxın günlərdə onunla bağlı da geniş açıqlama verməyi düşünürəm. Gözləyin.

Nazim Rza İsrafiloğlu
Kino və televiziya rejissoru, kinodramaturq. Uluslararası və Ümumittifaq kinofestivalları laureatı, yazıçı-publisist, bağımsız araşdırıcı.