Toliklərin, Bayramların ümidinə qalan diktator ailəsi

Əliyevin şoulu məğlubiyyəti

Hakimiyyət Toliklə Bayram Nurlunu TV-yə çıxarıb Əli Kərimlinin əleyhinə danışdıracaq qədər məzlum günə qalıb. Belə olmasaydı, hakimiyyətin sevimlisi Tolik falçı Bayramla söhbətinin 2-ci dəqiqəsində Əli Kərimli tanıyıb-tanımadığı barədə sual verməzdi. Falçı Bayram da “tanıyıram” deyib aləmi qatıb-qatışdırmazdı bir-birinə. Hakimiyyət saman çöpündən yapışacaq durumdadı. Amma cəmiyyəti nə qədər aldatmağa çalışsa da, ictimai rəyi çaşdırmaq istəsə də, nəticə sıfıra bərabərdi. Telekanallara baxılmır, sosial şəbəkələr isə birmənalı hakimiyyəti lənətləyir. Elə bir vəziyyət yaranıb ki, özünə hörmət edən heç kim Əliyev rejimini müdafiə etmək istəmir. Hakimiyyətin lehinə fikir söyləyən adam dərhal cəmiyyətin “qapaz”ın yeyir. Hətta bu rejimin dövründə var-dövlət sahibi olanlar, vəzifə tutanlar da çalışır ki, diqqətdən kənar olsun, ağzından “quş” buraxmasın. İnkişafdan danışan, müxalifəti hədəf seçən deputatlar gündəmin əsas mövzusuna çevrilir, bu adamların karikaturaları çəkilir, adına lətifələr qoşulur və s.Yəni, bu hakimiyyətin müdafiəçisinə çevrilib, eyni zamanda hörmətli olmaq mümkün deyil. Bir anlıq bu kateqoriyaya daxil olan adamları yada salın. Raufları, Mirşahinləri, Elmanları, Azər Həsrətləri, Siyavuşları özünə ideal seçən, onlara pərəstiş edən kimisə tanıyırsız?

Konkret desək, hakimiyyətin ünvanına xoş söz söyləyən adam “yaltaq” fəxri adına layiq görülür. Yazımızın canı bundan ibarətdir ki, rəy sorğularında 80-90 faiz səs “qazanan” İlham Əliyevi, 750 mindən artıq üzvü olduğunu iddia edən YAP-ı, “xalqın anası” kimi təqdim olunan Mehriban Əliyevanı müdafiə edən hörmətli adam yoxdur. Əvvəlki minalar partlayıb, indi Toliklərin, Bayram Nuruların, şou-biznesin “kitayski” məhsullarının ümidinə qalıblar. Əslində, Ata Abdullayevlərin, Toliklərin, Bayramların diliylə müdafiə olunmaq, ən rüsvayçı məğlubiyyətdir. Fakt budur ki, bu adamlar yüzminlərlə insan tərəfindən “linç” edilir, ən ağır formada aşağılanır və cəmiyyət bu adamlara ikrahla yanaşır. Əliyev isə imkan yaradıb ki, bu adamlar onun rəqiblərini hədəf seçsinlər, təhqir etsinlər. Başa düşmürlər ki, Əli Kərimliyə Tolikin, Bayramın dil uzatması, İlham Əliyevin mahiyyətini üzə çıxarır. Normal adamların müdafiəsindən məhrum olmağı buadamcığazların hesabına sığortalamaq utanclı məğlubiyyətdi. Əliyevlərin dövründə belə yarımçıq adamlar teleməkanın ulduzuna çevrildilər, xalqa dərs keçmək iddiasına düşdülər və yaltaqlanmağı karyera yolunun açarı saydılar. Amma “hər şərdə bir xeyir var” deyərlər. Görünür, bu rejimin qismətində də şoulu məğlubiyyət var. Axırda da Bayramların, Toliklərin çiynində gedəcəklər. Dostunu göstər, bütün bioqrafiyanı deyim.