Diktatorun polisi xalqa qarşı niyə bu qədər qəddardır?

Biz niyə işgəncəsiz polis sistemi qurmaq istəyirik?

Biz Azərbaycanda necə bir sistem qurmaq istəyirik? Elə bir sistem ki, hər kəs özünü güvəndə hiss etsin, qanuna arxalansın, hüquq-mühafizə orqanlarına etimad bəsləsin. Elə bir sistem ki, ölkə vətəndaşı dara düşəndə tərəddüdsüz şəkildə polisə sığınıb, ondan kömək istəsin. Ölkədə məhkəmə saxtakarlığının, polis işgəncəsinin kimsənin ağlından keçmədiyi bir sistem olsun. Hər kəsin qanun qarşısında bərabər olduğu və insanlara işgəncə verən polis işçilərinin belə cəzalandırıldığı bir sistem olsun. Qanun nə deyir?  Qanun cinayət törətmiş şəxslərə qarşı belə işgəncə üsullarını rədd edir. Qanun “günahkar olan hər kəsin cəzası qanun çərçivəsində verilməlidir” deyir. Əks halda, işgəncə tətbiq edən şəxslərin özləri məhkəmə qarşısında dayanmalıdır. Polis hər hansı rejimin işgəncə əmrlərini yerinə yetirməklə də onun cinayət ortağına çevrilmiş olur. Amma qanuna görə onun belə əmrləri icra etməkdən boyun qaçırmaq hüququ var. Əks halda, o  etdiyi cinayətin cəzasını mövcud rejimin zamanında olmasa belə, ondan sonrakı hakimiyyətin zamanında alacaq. Bizim quracağımız sistemdə bu, hökmən belə olacaq. Biz ölkə vətəndaşı ilə polis arasında etimada əsaslananelə bir hüquq sistemi qurmaq istəyirik ki, işgəncə faktları, ümumiyyətlə, baş verməsin. Belə bir əməldə rol alan polis işçisi də, kimliyindən asılı olmayaq, cəzadan qaça bilməsin.   

Bəs indiki Azərbaycan reallığında durum necədir? Sizcə, ölkə əhalisi arasında “Azərbaycan polisinə güvənirsinizmi?” sualı ilə sorğu keçirsəniz, nəticələr necə olar? Kimsəyə sirr deyil ki, böyük çoxluq “xeyr” cavabı verəcək. Kədərli və düşündürücüdür. Elə götürək, Meydan TV-nin keçən ilin 2 iyul Polis günündə “Polis” deyəndə nə yada düşür?” sualı ilə keçirdiyi sorğunun nəticələrini. O zaman açıq sorğuda insanların əksəriyyəti polisə güvənmədiyini etiraf etmişdi. Onlardan bir hissəsini diqqətinizə çatdırırıq ki, vəziyyətin nə yerdə olduğunu özünüz görəsiniz: “Azərbaycan polisi dedikdə şərləmək, üzə durmaq, vətəndaşın cibindən narkotika çıxartmaq, işgəncələr vermək və s.”  “Azərbaycan Polisi deyiləndə bir tək vəhşilik, qanunsuzluq bilirəm.”“Polis deyəndə ağlıma rüşvət, şərlənmək, saymağa ərindiyim bütün pis şeylər yadıma düşür, başqa heç nə.”“Polislər ən təhlükəli ikiayaqlı məxluqlardır. Onlardan çox qorxuram.”“Çox heyf ki, polisimiz qanun keşikçisi olduğu halda, çirkab içindədir. Ağır iş rejimində işləsələr də, nə yuxarıdan, nə də aşağıdan qiymət verən yoxdur.”“İnamım yoxdur , polisə. Rüşvətlə işləyir çoxu.”“Polis, tibb işçisi və orta məktəb müəllimləri dedikdə ürək ağrılarım yadıma düşür.”“Azərbaycan iqtidarının qurduğu rejim qanunsuzluğun qanunlaşdırılmasını və vəzifəli adamların mənafeyinin qorunmasını güdür. Və bu yolda onların ən yaxın köməkçiləri polislərdir.”“Polis deyəndə….ZORAKILIQ…QANUNSUZLUQ…RÜŞVƏT”“Başqa nə şəkilləri var ki, bir nəfərin üstünə on nəfər düşüb döymələri var. Yaşlıları, ağsaqqalları sürüməkləri var.”“Necə işə düzəlirlərsə, elə də özlərini büruzə verirlər.”“Çünki polislərin çoxu savadsızdı, odur ki, insanlarla rəftarıbilmirlər.” 

Ölkə insanı nədən ölkə daxilində asayiş mühafizi rolunu oynayan polis sistemindən bu qədər narazıdır, görəsən? Azərbaycan vətəndaşı niyə öz polisinə güvənmir? Səbəb bəllidir. 26 illik hakimiyyət polisin əlindən xalqın müdafiəçisi rolunu alıb, onu siyasi alətə çevirib. Polis qorxu və işgəncə sistemidir, yoxsa hüquq mühafizə sistemi?  Polis ölkə vətəndaşını müdafiə etməlidir, yoxsa zorakı hakimiyyəti? Polis asayiş keşikçisidir, yoxsa hakimiyyət qoruqçusu? Polis siyasətə qarışa bilərmi? Xeyr. Polis dinc xalqa qarşı qanunsuz zorakılıq əmri aldığı halda, qanunu rəhbər tutmalıdır, yoxsa tabe olduğu şəxsin göstərişini? Şübhəsiz ki, polis hər addımında qanuna söykənməlidir və hətta onun tabe olduğu şəxslərin qeyri-qanuni əmrlərini yerinə yetirməkdən imtina etmək hüququ var. Amma nə yazıq ki, illərdir Azərbaycan polisinin adı ən dəhşətli işgəncə faktlarında hallanır. Günahlı, günahsız insanlara tətbiq olunan orta əsr qaydalarına bənzər işgəncə faktlarında. Bu faktlara görə Azərbaycan polisinin adı dəfələrlə beynəlxalq hesabatlarda yer alıb, ölkə hökumətinə hüquq-mühafizə sistemində islahatlar aparılması ilə bağlı çağırışlar edilib. Lakin illərdir ortada dəyişən yeni bir şey yoxdur. Son illər baş verən qalmaqallı Nardaran, Gəncə, Tərtər hadisələrində də, ölkə müxalifətinin aparıcı üzvlərinə qarşı tətbiq olunan qeyri-insani işgəncə faktları ilə də bunun bir daha şahidi olduq. Ölkə polisi öz vətəndaşlarına qarşı niyə bu qədər qəddar və aqressivdir? Onları orta əsr işgəncə üsulları ilə işləməyə nə vadar edir?

Əlbəttə, ölkədə polis sisteminin siyasi alətə çevrilməsində birbaşa 26 illik Əliyev hakimiyyəti günahkardır. Polisi siyasi proseslərə qarışdıran da, işgəncə vasitəsinə çevirən də, öz ömrünü uzatmaq üçün onun əli ilə xalqı  əzən də Əliyev rejimidir. Bu rejim niyə işgəncəsiz polis sistemi istəmir? Çünki onu qorxudan başqa hakimiyyətdə saxlayacaq heç bir güc qalmayıb. Amma polis də anlamalıdır ki, rejimin qeyri-qanuni əmrlərini icra etməklə, birbaşa onun cinayət ortağına çevrilmiş olur və bunun da sabah bəlli bir cəzası var. Bizim Əliyev rejim ilə barışmazlığımızın kökündə duran əsas məsələ də, elə dövlətçilik maraqlarının bu şəkildə şəxsi maraqlara qurban verilməsidir. Şübhəsiz ki, Azərbaycan bu rejimdən xilas olduğu gün, polis də azad olacaq, onun asayiş keşikçisi statusu özünə qaytarılacaq və qanundankənar heç bir əməlinə imkan verilməyəcək