
Təkcə bu iki fakt Əliyev rejiminin öz siyasətində hər hansı dəyişiklik etmək niyyətində olmadığını, yenə də sərt polis rejiminə söykəndiyini göstərir
Milli Şura Paster ləqəbli reper Pərviz Quluzadənin həbsi və videobloger Mehman Hüseynovun döyülməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, baş verənlər ölkədə islahatlara başlanıldığı haqda rəsmi təbliğatı alt-üst edir, bəzi kadr dəyişikliklərinə baxmayaraq, idarəçilik əvvəlkindən də zorakı məzmun alır.
Paster ləqəbli reperin təxminən 1 həftə əvvəl salanılaraq DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 4 gün orada saxlanıldığı və işgəncəyə məruz qaldığı bildirilir. Dekabrın 26-da isə ona Binəqədi rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbs cəzsı verib.
Sosial şəbəkələrdə belə məlumat yayılıb ki, reper “Gang” klipində Paşa Bankın adını hallandırdığına görə cəzalandırılıb. Bir sıra ictimai fəallar P.Quluzadənin həbsinə etiraz olaraq şəhərin müxtəlif yerlərində plakatlar açıblar.
Pasterin həbsinə etiraz edənlərdən biri də bloger Mehman Hüseynov olub. Ehtimal olunur ki, Hüseynovun saxlanılaraq döyülməsi də bununla bğlıdır. M.Hüseynov dekabrın 27-i gecə yarısında Fəvvarələr Meydanına yaxın küçələrin birində polislər tərəfindən zorkılıqla saxlanılaraq, PPX maşını ilə naməlum istiqamətə aparılıb. Əvvəlcə onun Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə (və ya İdarənin özünə) aparılığı deyilsə də, sonradan bəlli olub ki, blogeri elə həmin maşınla Lökbatan istiqamətdə bir çöllüyə aparıb ağr formada döyüb, təhqir edib və daha sərt cəzalandırıla biləcəyi ilə hədələyiblər.
M.Hüseynov medaiya açıqlamasında deyib ki, onu PPX maşınında 5 polis döyə-döyə həmin əraziyə aparıb, orada maşından yerə tullayaraq, sonradan gələn daha 1-2 nəfərin də iştirakı ilə möhkəm döyüb və ona qarşı alçaldıcı hərəkətlər ediblər.
M.Hüseynov həmin gecə dostlarının köməyi ilə xəstəxanaya gəlib. O, ddekabrın 28-də təkrar həkim müayinəsindən keçib və bəlli olub ki, zərbələrdən onun ayağında damarda tromb əmələ gəlib, mütləq xəstəxanada yatmalı və bir müddət müalicə almalıdır.
Milli Şura bəyanat yaydı
Milli Şuranın bu 2 hadisə ilə bağlı yaydığı bəyanatda diqqət ölkədə repressiya və inzibati zorakılığın güclənərək davam etməsinə cəlb olunub. Sənəddə deyilir:
“Azərbaycanda İlham Əliyevin islahat bəyanatları və imitasiyasına baxmayaraq, repressiya və işgəncə aparatı tam gücü ilə işləməkdədir. Son bir neçə gün ərzində Paster ləqəbli reper Pərviz Quluzadə öz ifalarında hakimiyyəti qıcıqlandıran ifadələr işlətdiyinə və xüsusən də replərindən birində hakim ailəyə məxsus Paşa Bankın ölkəni zəbt etməsinə işarə etdiyinə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq 4 gün orada saxlanıb, sonra isə polisə müqavimət ittihamı ilə 30 gün inzibati həbsə məhkum edilib. Bunun ardınca da videobloger Mehman Hüseynov böyük ehtimalla DİN-in qarşısında Pasterə azadlıq plakatı qaldırdığı üçün (Mehman Hüseynovun saxlanmasının heç bir səbəbi olmayıb) gecə yarısı Bakının mərkəzində polislər tərəfindən zorakılıqla saxlanılaraq döyülüb, şəhər kənarına aparılaraq orada daha amansız işgəncələrə məruz qoyulub, daha ağır formada təhqir edilməklə hədələnib və köməksiz vəziyyətdə tərk edilib. Təkcə bu iki fakt Əliyev rejiminin öz siyasətində hər hansı dəyişiklik etmək niyyətində olmadığını, yenə də sərt polis rejiminə söykəndiyini deməyə əsas verir.
Təəssüf ki, həm ölkə daxilində, həm də xüsusən beynəlxalq dairələrdə bəziləri İlham Əliyevin növbəti islahat bəyanatlarına inanmışdı və ya özünü inanmış kimi göstərirdi. Amma çox qısa zamanda İ.Əliyevin bu bəyanatlarının da saxta olduğu üzə çıxdı. Belə ki, İ.Əliyev Prezident Administrasiyasının rəhbəri, Daxili İşlər naziri kimi kilid vəzifələrdə dəyişiklik etsə də, hakim komandanın “qırğıları” kimi tanınmış Ramiz Mehdiyevi və Ramil Usubovu yeni kadrlarla əvəzləsə də, işgəncə və zorakılıq halları, repressiya əvvəlkindən də artıq səviyyədə davam etməkdədir. Bu ilin 19 oktyabrında keçirilən etiraz aksiyası zamanı Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli başda olmaqla yüzlərlə insan həbs edilərək işgəncəyə məruz qoyulub. Ötən gecə isə ölkənin ən tanınmış blogeri, keçmiş siyasi məhbus Mehman Hüseynova qarşı məlum polis zorakılığı və işgəncə faktı baş verib.
Son kadr dəyişikliklərindən sonra da polis zorakılığı və işgəncə hallarının təkrarlanması onu göstərir ki, bu siyasət birbaşa İ.Əliyevin özündən qaynaqlanır, belə anti-insani hərəkətlər şəxsən onun göstərişi ilə törədilir.
Eyni sözləri dekabrın 23-də keçirilən bələdiyyə seçkisi kontekstində ölkənin seçki idarəçiliyi haqda da söyləmək olar. Yenə də mühüm inzibati vəzifələrdə kadr dəyişikliklərinə baxmayaraq, bu bələdiyyə seçkisi əvvəlki seçkilərdə olduğu kimi kütləvi saxtalaşdırma və polis müdaxilələri şəraitində keçdi. Bu da onu göstərir ki, seçki saxtakarlıqları birbaşa İ.Əliyevin şəxsi iradəsi ilə həyata keçirilir.
Milli Şura son dövrdə baş verən bu neqativ halları qətiyyətlə pisləyir, Azərbaycan xalqını və beynəlxalq birliyi Əliyev rejiminin davam edən zorakı siyasəti qarşısında səssiz qalmamağa çağırır. Milli Şura Azərbaycan hakimiyyətindən bir daha tələb edir ki, müxalifətə, azad düşüncəli insanlara, vətəndaş cəmiyyətinə qarşı repressiya və zorakılığı dayandırsın, belə hallara yol verən konkret vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsin.
Milli Şura beynəlxalq birliyi Azərbaycanda inzibati zorakılığı, qanunsuz həbsləri və işgəncələri həyata keçirən rəsmilərə, o cümlədən xalqın səsini oğurlayan, saxtalaşdıran seçki administrasiyasının məsul şəxslərinə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırır. Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur edilməlidir.
Milli Şura xalqımızı Əliyevlərin islahat nağıllarına aldanmamağa, ölkədə repressiya və işgəncə rejiminə son qoyulması, köklü dəyişikliklərin baş verməsi üçün hamılıqla təşkilatlanmağa, demokratiya uğrunda dinc və davamlı mübarizədə birləşməyə səsləyir”.