Dövlət və Mehman Hüseynovların döyülməsinə dair risalə

Sizdən bir şey soruşum, cavabını inboksuma da yaza bilərsiniz.
Dünən gənc bloqçu Mehman Hüseynov Bakının ortasından 5-6 nəfər tutub aparıb, döyüb atıblar. Ola bilər, Mehmana xoş münasibət bəsləmirsiniz, ona görə bu vəziyyətə düşən başa birini təsəvvür edin ki, söhbətimiz alınsın. Dəfələrlə yəqin, belə hala şahid olmusunuz. İnsanların gözü önündə polislər kimisə haqsız yerə tutur, aparır, onu da olduqca zorakılıq, qəddarlıqla edir. Hətta vurulub öldürülənlər də olur. Ətrafdakı mütləq çoxluq bu mənzərəni sükutla seyr edir, uzaq başı kameraya çəkib instaqramda isti görüntüləri “partladır”.

Halbkuki, Əhməd Kayanın təbirincə desək, dörd yanıda susmuş o insanlar bir ağızdan “nağayırırsuuz a” nəqarəti çəksə, o polislər kəskin sürətdə “pampers” ehtiyaclarını ödəmək üçün ən yaxındakı “Bravo” marketə götürərlər. Niyə bəs belə olmur, bu haqda fikirlərimi bölüşmək istəyirəm.
Ona görə sizi xəlai bir eksprimentə dəvət edirəm.

Fərz edin ki, mürtəce dövlət aparatının olmadığı bir dövrdəyik, hardasa bizi eradan 7 min əvvəl. Deyin görək, o zaman 10 nəfər cəm olub, bir nəfəri çırpışdıra bilərdimi, özü də yüz nəfərin yanında? Qətiyyən, mümkün olmazdı. O yüz nəfər dərhal prosesə müdaxilə edərdilər. Bunu özümdən demirəm, məndən qabaq böyük müdriklər yazıb.

Buna oxşar, səhnəni deyəsən, Montent öz “Tərcübələr” kitabında yazırdı. Təxminən belə ki, Fransaya gələn qızıldəriləri 3 şey təəccübləndirib. Onlar başa düşmürmüş ki, adamlar nəyə görə onlardan can-cüssəcə zəif, çəlimsiz kralın bir sözünü iki edə bilmir, ona boyun əyirlər? O da sizin kimi biridir, sizdən də zəifdir, nədən qorxursunuz-deyirmişlər.
Bir az əlaqəsiz olsa da, İslamın əfsanəvi adlarından olan Əbuzərin belə bir fikir məşhurdur. Demişdi: Heyrət edirəm, anlaya bilmirəm ki, gecə evində acından dizini qarnına büküb yatan adam səhər-açılar açılmaz nə üçün sarayda yaşayanlara qılınc çəkmir?

Çox uzaqlarara gedib çıxsaq da, dünən gecə baş verən və uzun zamandır təkrarlanan inzibati zorakılığın mahiyyətin başa düşməmiz üçün daha bir hayişəyə ehtiyac var.
Dövlətin necə, hansı səbəbdən yaranması barədə müxlətlif nəzəriyyələr var. Onların çoxunun müştərək olduğu fikir budur ki, insan təkbaşına şəxsi ehtiyaclarının (yemək-içmək, təhlükəsizlik, müdafiə qayığıları, inkişaf və s) öhdəsindən gəlmək qüdərtində deyil. İnsan insan olması üçün başqalarına möhtacdır, buna görə insan cəmiyyətdə yaşamalıdır. Cəmiyyət də işləri rahatca yoluna qoymaq üçün dövləti inşa edir. Beləliklə insanlar sözləşmə ilə öz hüquqlarından bir qədər güzəştə gedib onu dövlətə verir ki, bu aparat cəmiyyətdə əmin-amanlığı, ədaləti təmin etsin.

Bura qədər hər şey yaxşı gedir. Lakin, tarix göstərir ki, insanların hüquqlarının bir hissəsini əldə edən dövlət (yaxud, dövləti idarə edənlər) sonra Tomas Hobsun arzuladığı “Leviatan”a (əjdahaya, divə) çevrilir insanların bütün hüquqlarına əl qoyur, qanun deyilən şey hökumdarın iradəsi olur (Şah qanundur). O nəyi əmr etsə, arzulasa, hətta o zamana qədər haqsızlıq sayılan şeyi, o şey artıq o andan mübaha, qanuna dönür, buna heç kimin etiraz etməyə ixtiyarı yoxdur. T.Hobs düşünürdü ki, ancaq bu sərhədsiz hakimiyyət imkanı cəmiyyəti günə çıxara, əmin-amanlıq yarada insanın başqa insanı canavar kimi yeyib-parçalamasının qarşısını ala bilər.

Lakin, ondan sonra gələn müdriklər dövlətə yanaşmada bu düşncəni dəyişdilər. Dedilər ki yox, dövlət bir insanın, bir təsisatın ixtiyarında ola bilməz. Qüvvələrin bölünməsi lazımdır. Dövlət ayrı-ayrı, müstəqil 3 təsisatın üzərində qurulmalıdır, birinin başı xarab olanda o biri desin ki, “ağsaqqal, çaşma”. Bizim bu gün heyranlıq etdiyimiz Avropa cəmiyyəti məhz bu prinsipi tutduğundan indiki vəziyyətə gəlib.

Bizdə isə, Mehmanlar ona görə rahatlıqla hamımızın yanında döyülür, öldürülür, həbsə atılır ki, biz şüuraltı olaraq Əliyev rejimini “Leviatan” kimi qəbul etmişik, yaxud bu ideyanı bizim beynimizə yeridə biliblər.

Belə bir dövlət, 5 əsr əvvəl dövlət sayılardı, indi isə əsla. Azərbaycan xalqı heç də mənfur rejimin təqlin etdiyi kimi geridə qalmış, demokratiyaya hazır olmayan meşə adamlarından ibarət deyil. Möhtəşəm sivilzasiyalarla yaxın təmaslar qurub zəngin irs alan xalqımız inkişafa hazır bütün parametrlərə malikdir. Onun sadəcə yiyə (idarəetmə) problemi var. Bizə əjdahalar, təpəgözlər, adamyeyənlər yox, insanlar rəhbərlik etməlidir. Azərbaycan dövləti insan cildi almalıdır, yırtıcı, bədheybət yox.

Açıq danışsaq, bütün bunları ümumiləşdirəndən sonra biz deməliyik: Azərbaycanda dövlət yoxdur, 1993-cü ildə çevirilişlə hakimiyyəti ələ keçirən qüvvə dövlətin bütün artibutlarını, imkanlarını ancaq vətəndaşları əzməyə, kor-zəlil etməyə ayarlayıb. Bu isə dövlət nəzəriyyələrinin hamısına ziddir.
Biz bu aydın həqiqəti nə qədər tez idarak etsək, o qədər tez dövlətimizi quracağıq, ya da modern dövlət qurmasaq belə, insanlar öz təbii hüquqlarına dönüş edəcək, dövlət tərəfindən müdafiə olunmadığını bilərək, necə qədim insan pələngdən, timsahdan, çaqqaldan uğurla özünü müdafiə edirdisə, indi də paqon, mandat daşıyanlardan qabiliyyətlə özünü qoruyacaq, o zaman heç kimi “dövlətə” arxalanıb rahatca sındırmaq, əzmək, döymək olmayacaq.