Birinci ledi prezident olanda, İlham Əliyev nə işlə məşğul olacaq?

Təhlükəsizlik Şurasının sədri, yoxsa biznesmen?

Mehriban Əliyevanın prezidentlik iddiaları qətiləşdikcə, hamının ağlındakı bu sual da böyüyür. Vitse-prezident xanım yaxın zamanda prezidentlik kürsüsünü ələ alacaqsa, o zaman İlham Əliyev nə işlə məşğul olacaq? Ailənin əlində cəmləşmiş biznes imperiyasını idarə etməkləmi məşğul olacaq, yoxsa siyasi missiyasını başqa bir önəmli postda davam etdirəcək? Siyasi müşahidəçilər arasında bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Versiyalardan biri Əliyevin Təhlükəsizlik Şurasının başına keçib, cütlüyün hakimiyyətə tam nəzarəti ələ alacağı ilə bağlıdır. Bunun bənzərini bildiyiniz kimi, Qazaxıstanda Nursultan Nazarbayev tətbiq edib. Başqa bir versiya isə əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Kremlin vaxtilə sınaqdan keçirdiyi variantdır ki, onun detallarını bilirsiniz. Necə ki, on bir il əvvəl səlahiyyət müddəti bitəndə Putin də eyni rolu oynamışdı. Prezidentliyi ən yaxın adamı Dmitri Medvedyevə ötürüb, növbəti seçkidə yenidən zühur etmişdi. Ər-arvad Əliyevlərin son zamanlar Rusiya ilə yaxınlaşması və Avropadan qaçması masada buna bənzər bir variantın olduğunu deməyə də əsas verə bilər. Hələlik cütlüyün nədən belə tələsdiyini tam anlamaq da çətinlik yaradır. Hakimiyyətin nədən tələm-tələsik Əliyevaya ötürülməsi zərurəti hələ də müəmma olaraq qalır. Amma Əliyevlərin Rusiya ilə birlikdə Azərbaycan üçün yeni siyasi planlar cızdığı artıq şübhə doğurmur. Şübhəsiz ki, yenə də söhbət irsən alınan siyasi kursun davam etdirilməsindən gedir.Eynilə, 16 il əvvəl çirkin bir planla oğul Əliyevə ötürüldüyü kimi.  

Əliyeva öz komandası ilə PA-da

Əslində, xanım Əliyevanın prezidentlik iddiası yeni söhbət deyil. O, çoxdan bu məqama hazırlaşır və düşünürdü ki, ərinin qanuni prezidentlik müddəti bitdikdən sonra taxta o oturacaq. Amma hakimiyyət daxilindəki didişmələr, o cümlədən Rusiya faktoru planları dəyişdi. Əliyev konstitusiyanı dəyişib hakimiyyətini əbədiləşdirmək istiqamətində növbəti addımını atdı. Sonra bu bəs deyilmiş kimi, səlahiyyət müddətini də 5 ildən 7 ilə qədər uzatdı. Bunu zəruri edən əsas səbəblərdən biri, böyük ehtimalla, hakimiyyətdəki Naxçıvan klanının xanım Əliyevanın prezident olmasına qarşı çıxması idi. Birinci ledinin onlara qarşı xüsusi aqressiv olması və qisasçılıq hissi də bununla bağlıdır. Amma hansı mühüm səbəblərdənsə birdən-birə şərtlər dəyişdi. İlham Əliyev rəhbər şəxsləri yığıb birinci ledinin vitse-prezident statusunu rəsmiləşdirdi. Bunu Əliyevin xəstəliyi ilə əlaqələndirənlər də var, hakimiyyətin yenilikçi komanda ötürülməsi imitasiyası kimi dəyərləndirənlər də. Hər nəsə, yolun xanım Əliyevaya açıldığı getdikcə daha aydın görünməyə başlayır. Köhnə qvardiyanın siyasi mərkəzdən kənarlaşdırılması, vitse-prezident xanıma yaxın adamların PA-na gətirilməsi də məlum plandan xəbər verir. Birinci ledi artıq PA-nı tam nəzarətə götürmüş sayılır.  

Əbədi hakimiyyət üçün şeytani plan 

Qarşıda parlament seçkiləri var və yəqin ki, bir çox suallara yeni parlament formalaşdırıldıqdan sonra aydınlıq gələcək. Növbədənkənar seçkilərin xanım Əliyevanın iradəsi ilə keçirildiyi versiyasına əsaslansaq, budəfəki parlamentdə onun adamlarının üstünlük təşkil edəcəyi şübhəsiz olacaq. Plan belədir ki, Parlament seçkilərindən sonra Naxçıvan klanın nümayəndələrini bir-bir həbs etdirməkdir. Siyasi müşahidəçilərin rəyinə görə, seçkilər planlandığı kimi getsə, növbəti aylarda Əliyevanın prezidentliyi üçün bir fövqəladə seçki də keçirilə bilər. Azərbaycanın görəcək günləri var və insan öz-özünə “Əliyevlərin ağlında daha nə var” sualını vermədən keçə bilmir. Əslində, ailənin ağlındakını təxmin etmək o qədər də çətin deyil. Əliyev ailəsi 26 illik hakimiyyət dövründə görmədiyi kefi yaşayıb, milyardlarla haram sərvət yığıb və indi o imkanları başqasına təslim etmək istəmir. Anlaşılan, ölkənin başına bəla olmuş cütlüyün ağlında əbədi hakimiyyət planları var. Yəni məsələ hələ xanım Əliyevanın ölkənin başına keçməsi ilə də bitmir. Ondan sonrakı mərhələ üçün də ailənin başqa üzvləri sıraya girə bilər. Ölkə üçün bu qədər qorxunc və şeytani planlar oynanır. Amma Əliyevlərin bu istəkləri heç bir şəkildə reallaşmayacaq. Dünyada baş verən böyük proseslər də, ölkədə gündən-günə artan narazılıq da bunu deməyə əsas verir.