Aptek sahibi Samir Məmmədov həbs olunanadək şəhər Maliyyə İdarəsinə rəhbərlik edib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb.
Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi, Ağdam rayon sakini Samir Məmmədov saxlanılıblar.
Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib. Aptekin sahibi S.Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, Samir Məmmədov həbs olunan günədək Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini tutub.
Qeyd edək ki, bundan bir ay öncə şəhərdə “Bəxtiyar” adı ilə məşhur olan apekin müdiri Eldəniz Səmədov da güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatlarının satışına görə polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Azər