
Bu günlər iki rayonun icra başçısının rüşvət ittihamı ilə həbs edilməsi adamı bir daha dərindən düşünməyə vadar edir. İllərdir rayonlarda o başçıların əlindən qan ağlayan insanların fəryadını niyə eşidən yox idi bəs? Dünən məlum qalmaqalın güdazına gedənlərin arasında Yevlaxın keçmiş icra başçısı da var. Həmin rayonun ki, ondan əvvəl 7 il icra başçısı Elmar Vəliyev olub. Girmədiyi günah, zülm etmədiyi adam qalmayıb. 7 il ərzində əhali onun əlindən od ayaqlayıb, davamlı olaraq yuxarılara şikayət göndərib. Amma şikayətlər ünvanına çatmayıb, çatanda da insanları çağırıb dərdlərini dinləyən olmayıb. Elmar Vəliyev indiyə qədər ölkədən gəlib keçmiş icra başçıları arasında ən zalımı və soyğunçusu olar, yəqin ki. Yuxarılarda hər zaman hər şeyi biliblər, amma arxası möhkəm yerə bağlı olduğuna görə, göz yumublar. O, əli hər yerə çatan adam olub. Parlament seçkilərində qalib gəlib, səsləri oğurlanan müxalifət təmsilçisinin Avropa məhkəməsinə göndərilən şikayət işini yolda oğurladan adam. İcra başçısı olduğu müddətdə rayonu necə lazımdı, çapıb talayıb. İlham Əliyev isə onu cəzalandırmaq əvəzinə, xidmətlərini dəyərləndirib Gəncəyə icra başçısı göndərib. Yevlaxa və Gəncəyə yolu düşənlər sorğulaya bilər, bu rayonlarda hər on adamdan doqquzu ona nifrət etdiyini deyəcək.
“Gəncə hadisəsi niyə baş verdi” sualının cavabını İlham Əliyevin yarıtmaz kadr siyasətində axtarmaq lazımdır. Dünən tərifləyə-tərifləyə bir rayondan o biri rayona göndərdiyi “Şöhrət” ordenli məmurunu kabinetində terrorçu kimi həbs etdirmək ona başucalğı gətirir məgər? Guya bu ölkədə bütün icra başçılarının rüşvət aldığını o özü bilmir? Guya Gəncə bölgəsinin kəndxudası Bəylər Əyyubovun qohumu Elmar Vəliyevin oralarda nə at oynatdığı prezidentin qulağına çatmırdı? Gəncəlilərin ona necə nifrət etdiyini heçmi eşitmədi bu illər ərzində cənab Əliyev? Heçmi anlamadı, belə talançı, harın, əxlaqsız məmurlardan hakimiyyətə gəlsə-gəlsə, töhmət və başıaşağılıq gələr. Nəyinə lazım idi bu adam hakimiyyətin? Niyə cidd-cəhdlə qoruyurdu onu prezident? Vəliyevin hakimiyyətə xidmətinin acı nəticəsini gördünüzmü? Onun talançılığı, azğınlığı və saymazlığı üzündən o qədər günahsız adamı həbsxanaya doldurmağa dəyərdimi? Hansı çirkin oyunun tərkib hissəsi idi onun vurulmasından sonra baş verənlər? O gün Gəncədə açılan atəşin günahkarı birbaşa Vəliyev özü, baş verənlərin günahkarı isə İlham Əliyev idi. Çünki icra o vaxta qədər çıxardığı hoqqalara görə Vəliyev çoxdan həbsdə olmalıydı. Prezident zamanında bunu etmiş olsaydı, o qanlı hadisələr də baş verməyəcəkdi. Ona görə, seçkiqabağı təbliğat üçün iki rayonun icra başçısını terrorçu kimi həbs etdirib şəkillərini yaymaq şousu da keçməz. Bu eybəcər sistemi Əliyev özü yaradıb, ağrılarını isə, nə yazıq ki, xalq çəkir.