
Bilirsiniz, parlamentin buraxılmasına etiraz edənlər arasında tək adam 78 yaşlı deputat Arif Rəhimzadə olub. Adam hələ bundan sonra 5 il də parlamentdə oturmaq niyyətində imiş. Zamanında dövlət müstəqilliyimizin əleyhinə səs verən qəhrəman bu dəfə də Məclisin buraxılması təklifinə “yox” deyib. Nə yazıq ki, qocaman adamın son arzusu gözündə qalıb. Axı 25 ilin deputatlığı ilə kifayətlənməyən Rəhimzadə etiraf etmişdi ki, o qarşıdakı seçkilərdə də namizəd olmaq iddiasındadır. Prezidentin qocaları “istirahətə” göndərmək təklifinə qarşı da “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” cavabı vermişdi. Onu qınamaq da olmaz, iyirmi beş ildir parlamentə təyinat alan Rəhimzadəyə hər dəfə namizəd olduğu dairədən yüksək faizli səs yazılıb. 2015-ci ilin seçkilərində də Neftçala seçki dairəsində ona 73 faiz səs yazıblar. Onun ən yaxın rəqibi isə 9 faiz səs alıb. “Bu rəqəmlər göstərir ki, rəqabətsiz seçkidə Rəhimzadə deputat təyin edilib. Yəni onu üzgüçülük hovuzuna buraxıblar, sonra da rəqiblərinin qollarını bağlayaraq Rəhimzadənin onları üzüb keçməsini təşkil ediblər… Rəhimzadə kimilərinin 25 il ərzində qurduqları sistemi müdafiə etməsi müstəsna həyasızlıqdı.” Bunu uzun illərdir ölkədə seçki monitorinqi məsələləri ilə məşğul olan SMDT-nin rəhbəri Anar Məmmədli yazıb.
Məsələnin əslinə qayıtsaq, bu gün məlum qərara “yox” deyən Arif Rəhimzadənin bu yaşda deputat olmaq inadını “müstəsna həyasızlıq” adlandırmaq olar. Şübhəsiz, bu anti-xalq parlament çoxdan buraxılmalıydı. Çünki məhz bu parlament üzündən ölkənin istiqlalı uğrunda həyatını vermiş insanlar on illərdir ehtiyac və məhrumiyyət içində yaşayır və Rəhimzadə kimi azadlıq düşmənləri kef sürür. Məhz bu parlamenti formalaşdıran manqurtların içindəki müstəqillik antipatiyası sayəsində ölkə Rusiyanın müstəmləkəsi halına gəlib çıxıb. On illərdir azadlığımıza qənim kəsilmiş bu tiplər o azadlığı qazanmış insanların haqqını yeyir. Hələ Əliyevlər də öz çirkli əməllərinə alət etdikləri bu kukla deputatları ortaya salıb, onlara min cür yalan danışdırdır. Təyinatlı deputatlar da bu oyunda alət olaraq istifadə edilir. Guya iki ay sonra formalaşacaq yeni parlament xalq parlamenti olacaq? Heç ağlınıza da gətirməyin. Amma bu da o anlama gəlmir ki, Rəhimzadə kimi düşüncəsi çürümüş adamlar yenə parlamentdə oturmalıdır. Adam üzgüçülükdə olduğu kimi, parlamentdə də rekordunu vurub. Daha getsin hovuzunda üzüb, istirahətinə baxsın.