“İlin marafonçusu” Ağacan Əbiyev

Vaxtında çox deyirdik axı, parlamentdə yaşı yetmişi ötmüş deputat babaların oturub evdə nəvələrinə nağıl danışan vaxtıdır. Görün, prezident qocaları könüllü istefaya çağıranda nə gözəl nağıllar uydurmağa başladılar! Elə götürək 82 yaşlı Ağacan Abiyevi. İdmançı baba həmkarı Arif Rəhimzadənin acığına elə nağıllar danışdı ki, hamının ağzı açıq qaldı. Arif babanın “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” açıqlamasına münasibət bildirən qocaman atlet dedi ki, fiziki hazırlığın yaşla heç bir əlaqəsi yoxdur. “Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz.” Xülasə, qocalar bu yaşda az qala külüng götürüb dağ yarmaq yarışına çıxacaqdılar ki, təkrar mandat almaq imkanından məhrum olmasınlar. Amma sən saydığını say, gör fələk nə sayır.

Abıyevin idman biliklərini nümayiş etdirib özünü reklamı işə yaramadı. “Adam deyirdi ki, hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçır. “Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan.” Yəqin siz də uşaqlıqda öz babanızdan eşitdiyiniz nağılı xatırladınız – “milçəyi mindim, çayı keçdim, yaba ilə şorba içdim, heç belə yalan görməmişim.” Əsasən, babalar uydurma nağılları bizi yuxuya vermək üçün danışırdı uşaqlıqda. Hamımız da o nağılların “sehrinə” xumarlanıb mışıl-mışıl yatırdıq. İndi də yəqin deputat babalar xalqı yuxuya vermək üçün öz fantaziyalarını işə salıblar. Nağıl, nağıl ardınca gəlir. Söhbət nağıldan düşmüşkən, babamın illər öncə danışdığı bir nağılı xatırladım. “Bir padşah qocalır, ölüm qorxusu ilə xiffət çəkir və çıxış yolu axtarır. Həyətdə səhərdən-axşama oynayan uşaqlara baxıb, düşünür ki, onların gün ərzində etdiyi hərəkətləri etsə, o da cavanlaşar. Elə də edir və axşam xəbər gəlir ki, padşahın ürəyi dayanıb, ölüb.” İndi bizim bu deputat babaların da bir çıxacağı var. Onsuz da 25 il parlamentdə bütün nağılları danışıblar. Daha parlament buraxıldı, söhbətlər qapandı. Məsləhət görərdik, daha gedib evdə nəvələrinə nağıl danışsınlar.