“İlin əfsanəsi” Yunis Səfərov

Deməliyik ki, biz “Azadlıq” redaksiyası olaraq istənilən fiziki aqressivliyə qarşıyıq. Lakin, bir ölkədə insanların qanuni yollarla haqqını ala bilmək imkanları sıfıra enəndə, mütləq o haqqı başqa yollarla almaq fikrinə düşənlər tapılır. Bu tarix boyu belə olub, yer üzündə zalımlıq, qanunsuzluq, istismarçılıq qaldıqca da belə olacaq. Keçən il Gəncədə baş verən hadisələrin kökündə də böyük bir xalq narazılığı dururdu. O vaxta qədər kimsənin tanıyıb-bilmədiyi birinin icra başçısının qarşısına keçib onu güllələməsi təsadüfi hadisə sayıla bilməzdi. Bu, Yunis Səfərov adlı gəncin harın bir dövlət məmurundan aldığı qisas idi. Buni biz yox, xalq deyir. O vaxta qədər heysiyyatı tapdanan insanların əzilən haqlarına görə alınan qisas. Tarixin səhifələri Yunislərin prototipləri ilə doludur. Bütün xalqların tarixində zaman-zaman belə insanlar olub və məhz zülmdən cana doymuş minlərlə insanın intiqamını aldığı üçün tarixə düşüb. Kimin nə deməsinə baxmayaraq, xalqdan biri olaraq qalıb o insanların adları tarixdə . Xilaskar kimi, qəhrəman kimi qalıb. Yunis Səfərov terrorçudurmu? Bunun özü sual doğuran məsələdir. O gerçəkdən terrorçu olsaydı, bütünlükdə Elmar Vəliyevin oturduğu binanı partlatmazdımı? O binanı partlatmaq icra başçısını dəqiq nişan alıb vurmaqdan daha asan olmazdımı? Səfərov nədən bunu etmədi? Çünki onun tək hədəfi xalqı boğaza yığmış Vəliyev idi. Yunisin bu hərəkəti Əliyev üçün ölkədə vəziyyət barədə göstərici olmalı idi. Yenə qeyd edək, biz belə şeylərə qarşıyıq. Yunis onu güllələməklə başına gələcəkləri də bilməmiş deyildi. Amma o qarşısına ölüb-öldürmək məqsədi qoyaraq, o yerə gəlmişdi. Onun həbsindən sonra baş verənlər isə hakimiyyətin qurduğu çirkin oyun idi. Hər zaman üsyan şəhəri olan Gəncədə etirazçı insanların gözünü qorxutmaq və etirazı boğmaq oyunu…

Bu hakimiyyət illərdir xalqa divan tutan məmurları cəzalandırmaq yerinə, sözünü deyən insanları şərləyib zindana atıb. Sivil, dinc mübarizə aparan insanlarla radikallara heç bir fərq qoymayıb, doğru danışan hər kəsi həbsxanalara doldurub, işgəncə verib. Onların öz həmyerlilərinin qisasını almaq üçün icra başçısına atəş açan Yunis Səfərovla, erməni işğalçılarına atəş açan Babək Həsənlinin heç bir fərqi yoxdur. İkisinə də eyni qəddarlıq və amansızlıqla işgəncə veriblər. Çünki birmənalı olaraq haqq sözə və haqlı insanlara nifrət edirlər. Elmar Vəliyev illərlə başçı olduğu Yevlaxda da, Gəncədə də insanlara qan uddurub. Zamanında mətbuat davamlı olaraq onun qanunsuz hərəkətləri, şikayətə gələn insanları söyərək qapıdan qovması, əxlaqsız davranışları haqqında yazıb. Amma harın icra başçısının əlindən qan ağlayan insanların fəryadı yuxarılara çatmayıb. Hələ Yevlaxda işlədiyi illərdə onun harınlığından bezmiş insanlar “bu kimin əlindəsə öləcək” deyirmişlər. Hakimiyyətin yuxarı eşelonunda oturanlar bunu bilmirdilərmi? Bilirdilər, amma qulaqları kar, gözləri kor olmuşdu. Çünki arxası böyük adamlara bağlı idi. Ortada Gəncə bölgəsinin Bəylər Əyyubovun nəzarəti altında olduğu, mühüm postlarda oturan Vəliyev qardaşlarının da Əyyubovun himayəsi altında olduğu faktı var. Üstəlik, qardaşlardan birinin Bəylər Əyyubovla quda olması faktı. Arxası yuxarılara bağlı olan Vəliyevlər qardaşlarının indiyə qədər xalqa qarşı etdiyi cinayətləri, oğurluq yolla topladıqları sərvətin dəyərini bilirsinizmi? Bunu kim bilməsə də, Əliyevlər cütlüyü çox yaxşı bilir. İndi siz özünüz deyin, əsl terrorçu bu ölkənin varidatını çalıb-çapıb, insanlarına zülm edənlərdir, yoxsa haqqını qanunu yolla ala bilmədiyi üçün qansız bir məmura atəş açan gənc adam? Sizcə, bu şərtlərdə Vəliyevlə Səfərovun yeri dəyişdirməli deyilmi?