İlham Əliyevin AXCP paranoyası

Siyasətin Pinokiosu yenə yalan danışır

Deyəsən doğrudan, İlham Əliyevin burnu Pinokio kimi yalan danışmaqdan uzanıb. Adam gərək yalan danışanda da şitini çıxarmasın. Amma yox, o, daha kələfin ucunu tamam itirib, ağlına nə gəldi uydurub danışır. İnsafən, fantaziyası da güclüdür, elə yalanlar düzüb qoşur ki, adamın ayağının altından yer qaçır. Dünən yenə pambıqçılıq mövsümünün yekunları və növbəti ildə görüləcək tədbirlərlə bağlı müşavirədə uzun bir nitq irad edib. Şübhəsiz ki, yenə pambıq, filan yaddan çıxıb, çıxışının ən önəmli hissəsini birillik AXC hakimiyyətinin “yarıtmazlığına” həsr edib: ” AXC-Müsavat antimilli qruplaşması hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-cavahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət.” Yəqin yuxarıda AXC-Müsavat ifadəsini işlətməsə, adamın YAP hakimiyyətindən danışdığını düşünərdiniz. Açığı, biz özümüz də elə düşündük. Amma bu son 3 ayda adamın dördüncü belə çıxışıdır ki, AXC hakimiyyətini söyür. Qınamayın, vəziyyət yaxşı deyil, Malta qalmaqalının xofu başının üstünü alıb. Qorxaq, panik, isterik, paronik durumda olan özüdür ki, canının acısını xalqdan çıxmağa çalışır.

Neft bonuslarını kim oğurlayıb?

Bu 19 oktyabr mitinqindən sonra İlham Əliyevin dördüncü isterik çıxışıdır ki, heç bir səbəb olmadan AXC hakimiyyətini hədəf alıb, ənənəvi küçə ritorikası ilə söyür. Vallah, böyük dərddir, adam qanunlara tüpürüb 3 dəfə özünü prezident seçdirib, bütün dövlət resurslarını öz təbliğatı üçün səfərbər edib, hər şeyi nəzarətdə saxlayan bir despotik rejim qurub, amma yenə də qorxur. Qorxu və siyasi opponentləri qarşısındakı zəiflik kompleksi onu daha da özündən çıxarır. Adam son 16 ildə neftdən gələn milyardları qəpiyinəcən ailəsinin lüksünə xərcləyib. Təkcə uşaqlarının Dubay və London mülklərinə 135 milyon dollar yatırıb. Belə adamın birillik hakimiyyət üçün “20 və ya 30 milyon dollar dəyərində neft bonusunu oğurladılar, bir il ərzində milyardlarla dollar ziyan vurdular” deyə bilməsinə də qıpqırmızı sifət lazım. Cənab Əliyev belə hünərli prezidentdirsə, neft baronu Rövnəq Abdullayevin fərsiz oğlunu İbiza çimərliyində döyüb 2 milyon avroluq saatını əlindən alanda səsini çıxaraydı. Dövlət neft şirkətinin başında dayanan adamı çağırıb, xəbər alaydı ki, “ay adam, sonun o 24 yaşlı oğlun 2 milyon avroluq saatı hansı pullarla alıb taxıb qoluna?” Xəbər ala bilərdimi? Xeyr, çünki onun uşaqlarının adına uzaq ofşorlarda açdığı bütün şirkətlərdən, aldığı mülklərdən Abdullayevin şəxsən xəbəri var. Yəni adamlar hardasa cinayət ortağıdırlar, bir-birilərini hansı üzlə sorğulaya bilərlər ki?

Korrupsionerin AXCP qorxusu

Amma yəqin ki, İlham Əliyevin AXCP paroniyasının arxasında nəyin dayandığını bilirsiniz. Onun dərdi AXCP sədri Əli Kərimlinin gündən-günə artan nüfuzu və xalqın onun ətrafında səfərbər olmasıdır. Bu qorxusunu Əliyev bundan əvvəlki çıxışında da dilə gətirmişdi:
“Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”. Bəli, Əliyevi isterik duruma salan və dəli edən də bu məqamdır. Adamın gözü 26 illik hakimiyyətdən və xalqın xəzinəsini talan etməkdən doymayıb. Hələ özündən sonra da arvadını yerinə qoyub monarxiya sistemi qurmaq istəyir. Başqa bir yandan da, qərblə münasibətlərinin pozulması, sanksiya qorxusu, korrupsiya qalmaqalları onu haldan çıxarır. Bütün bunları, cənabın küncə möhkəm sıxışdığını bilirik. Amma o da öz gözündəki tiri qoyub, başqasının gözündə tük axtarmasın. Heç olmasa, indiki halda adının Malta qalmaqalındakı böyük qətl hadisəsində keçdiyini xatırlayıb sussun. Qızlarının adı keçən həmin korrupsiya rüsvayçılığından utanıb, sussun. Amma deyəsən adam danışdıqca batdığının heç fərqində deyil.