
“Malta Todey”: “Diktator İlham Əliyevin qızları Dubayda yerləşən şirkətlərinə 2015-ci ilin sentyabrından 2016-cı ilin martınadək 14.9 milyon avro köçürüb”
Azərbaycanın hakim ailəsi ilə Malta siyasi dairələri arasındakı şübhəli maliyyə münasibətləri və jurnalist qətli kiçik Aralıq Dənizi ölkəsinin siyasi gündəmini zəbt edib.
“Azərbaycan diktatoru İlham Əliyevin qızları 2015-ci ilin sentyabr ayından 2016-cı ilin mart ayınadək artıq bağlanmış Pilatus Bankındakı hesablarından Dubayda yerləşən Palma Consulting DMCC şirkətinə üç ayrı tranzaksiyada 14.9 milyon avro pul köçürüb” – deyə, Malta Today qəzetinin “Azərbaycan hökmdarı İlham Əliyevin qızları Pilatusdakı hesablarından Dubay şirkətinə 15 milyon avro pul köçürüb” adlı məqaləsi başlayır.
Məqalə müəllifi Ceyms Dobononun yazdığına görə, pul Pilatus bankında dörd hesabı olan və İlham Əliyevin qızları Arzu və Leylaya məxsus
Sahra FZCO şirkətinin hesabından köçürülüb.
Sahra FZCO Birləşmiş Ərəb Əmirliklərində yerləşir və benefisiar sahiblərinin daşınmaz əmlak aktivlərini qorumaq üçün təsis olunub. Şirkətin gəlir mənbəyi olaraq Sofitel Dubai Palm Resort and Spa və Yassat Gloria Hotel Apartments göstərilir.
Məqalədə bildirildiyinə görə, bu məlumatlar qətlə yetirilmiş jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) irəli sürdüyü ittihamlar nəticəsində başladılan məhkəmə istintaqı çərçivəsində əldə olunub.

Dafne Qalizia Leyla Əliyevaya məxsus Al Sahra FZCO-nun Pilatus bankındakı hesabından Panamadakı Egrant Inc adlı gizli bir şirkətə 1 milyon dollar pul köçürdüyünü iddia etmişdi. Egrant Inc baş nazirin sabiq aparat rəhbəri Kit Şebmri ilə sabiq energetika naziri Konrad Mizzinin sahib olduqları digər iki ofşor şirkətlə birlikdə təsis olunub.
Məhkəmə Sahra FZCO-dan Dubaydakı başqa bir şirkətə böyük miqdarda pul köçürüldüyünə dair dəlil tapsa da, heç bir hesabı olmayan Egrant və ya Mişel Muskatın sahib olduğu heç bir şirkətə bənzər pul köçüməsinin olduğuna dair sübut aşkar etməyib.
“Dafne Karuana Qalizianın iddialarında qeyd edildiyi dövlərdlə Sahra FZCO-nun Maltadakı Pilatus Bankındakı hesabından Dubaya böyük miqdarda pul köçürülüb. Lakin biz Dubayda bu pulları alan Palma Management Consulting DMCC şirkəti ilə Mişel Muskat və ya Egrant adlı şirkətə edilən ödəmələr arasında əlaqənin olduğuna dair heç bir dəlil aşkar etməmişik” – deyə, bankdan və Nexia serverlərindən əldə olunan məlumatı təhlil edən Harbinson məhkəmə mühasibləri bildirib.
Debononun sözlərinə görə, Pilatusdan əldə olunan məlumatlar arasında azərbaycanlı diktatorun qızları, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları və onların biznes şəbəkələri, agentləri, tranzanksiyaları və əməliyyat üsulları ilə bağlı çox sayda sənəd olub.
Debono yazır ki, Sahra FZCO İlham Əliyevin qızlarına məxsusdur və Pilatus Bankında dörd hesabı olub. 2015-ci ilin sentyabr ayı ilə 2016-cı ilin mart ayları arasında tranzaksiyaların ümumi dəyəri 21.4 milyon avro təşkil edib. Bu tranzaksiyaların əhəmiyyətli hissəsi Dubayda müxtəlif şirkətlərə, o cümlədən Palma Management Consulting DMCC-yə edilib.
İstintaqda Palmanın kimə məxsus olduğu açıq qeyd olunmasa da, onun Robert Beyker və Tamer Aidi ilə yaxın əlaqəsi olduğu bildirilir. Robert Beyker Əliyevanın Pilatusdakı hesabını təsdiq edən əsas şəxsdir, Tamer Aidi isə hesabı təsdiq edən digər şəxs Farnuş Farsiarın həyat yoldaşıdır.
İstintaqda 1.017 milyon dollar dəyərində tək tranzaksiyanın olduğu və belə bir ödənişin Egrant adlı şirkətə edildiyi aşkar olunmayıb, amma üç mühüm pul köçürmələrinin olduğu bildirilib. Bunlardan birincisi 2015-ci ilin sentyabrın 4-də Pilatusda AED şirkətinin yeni açılmış hesabından Dubayda Palma şirkətinə 14.2 milyon avroluq transfer, 2015-ci ilin dekabrın 7-də Palmaya 226,796 avro, 2016-cı ilin yanvarın 18-də də Palmaya əlavə 560,482 avroluq transfer daxildir. Bu tranzaksiyalar Karuana Qalizianın iddia etdiyi dövrlərdə Sahra FZCO-nun bank hesabından ABŞ dolları ilə edilən yeganə tranzaksiyalardır.
Hesabatda pulun daha sonra Dubayda Muskata məxsus başqa bir şirkətə köçürülmə ehtimalı istisna olunmayıb.
İstintaqda həmçinin Egrantın Pilatusa bankında hesab açmadığına dair nəticə çıxarılıb.
Məqalədə deyilir ki, bu məsələ ilə bağlı məlumatları sızdıran Maria Efimovanın iddialarında qarışıqlıq yaradan bir maraqlı detal odur ki, Heydərovlara məxsus Shams Al Sahra şirkətinin hesabının nömrəsi 101731 olub. Bu rəqəm isə Karuana Qalizinanın Muskatın Əliyevaya köçürdüyünü iddia etdiyi məbləğlə eynidir. “Bu təsadüf də ola bilər, olmaya da bilər”, hesabatda qeyd edilib.
“Sahra FZCO ilə Shams Al Sahra arasında yaxın əlaqələr var. Belə ki, hər iki şirkət Emirates Hills First-də əmlaka sahibdir. Onların Pilatusdakı hesablarını təsdiqləyən şəxslər Robert Beyker və Farnuş Farsiar olub. Shams Al Sahra FZCO-nun sahibləri Tale və Nicat Heydərovlardır. Palma Management Consulting şirkəti də Əlieyvalar/Həydərovlar şirkətlərinə inzibati xərclər üçün böyük məqbləğdə pul ödəyir”, məqalədə yazılıb.
İstintaqda Muskatla Əliyevləri əlaqələrinə dair dəlil tapılmasa da, Azərbaycanın hakim elitasının böyük məbləğdə pul koçürmələri ilə üçün tez-tez Pilatus bankından istifadə etdiyi təsdiq olunub.
Məqalədə yazılana görə, Maltanın Azərbaycanla LNG elektrik stansiyasını idarə edən Electogras konsorsiumunun bir hissəsi olan ARDNŞ (SOCAR) vasitəsilə əlaqəsi var. SOCAR Shell-dən qaz alıb hissəsi olduğu Electogras-a satır. Enerji üzrə ekspert Simon Pirani bunu “qeyri-adi sistem” adlandırıb. Muskat 2014-cü ilin dekabr ayında Bakıya səfəri zamanı İlham Əliyevlə birbaşa danışıqlar aparıb. Həmin danışıq nəticəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
amerikaninsesi.org