
“İlin əsgəri” nominasiyasında kiçik Heydəri qalib elan etməyimizə etirazınız yoxdur ki? Haqqını verək, gənc adam təhsil aldığı ADA universitetini bitirib oğul kimi hərbi xidmətini çəkib. Düzdür, necə çəkdiyini hamımız bilirik. Hamımız telekanallarda dönə-dönə reklam olunan bu şounun nəyə hesablandığını anlayırıq. Nədən hərbi qaydaya görə Bakı qeydiyyatı olan çağırışçılar uzaq bölgələrə aparıldığı halda, prezident oğlunun paytaxtda saxlandığının da fərqindəyik. Prezidentin oğlu DTX-nın hərbi hissəsində and içib xidmətini başa vurdu. Xatırlayarsınız, vaxtilə rus qoşunlarının Ukraynaya hücumu başlananda prezident Poroşenkonun oğlu birbaşa döyüş bölgəsinə yollanmışdı. Bir müddət əvvəl mətbuatda Paşinyanın oğlunun da hərbi xidmətini cəbhə bölgəsində çəkəcəyi yazılmışdı. Əliyevin öz övladını gözündən uzağa əsgərliyə göndərəcək qədər ürəkli prezident olmadığını da bilirik. Onun vətən, torpaq təəssübünü övladlarından üstün tutacaq qədər fədakar olmadığına da yaxşı bələdik. Bilirik ki, bu reklam da ailənin gələcək hakimiyyət planlarına hesablanmış bir şoudur. Bəlkə də, Mehriban Əliyevanın “prezident gəlini oldum, prezident arvadı oldum, prezident anası da olacam” iddiasını reallaşdırmaq istiqamətində cızdığı plandır. Bir sözlə, ailə üçün yeni varisə hərbi bilet lazım idi və o da alındı. Heyrətlənməyin, yaxın günlərdə Heydər Əliyevin parlamentə namizədliyinin irəli sürüləcəyi ilə bağlı dolaşan fərziyyələr də reallaşa bilər.
Prezident ailəsinin ən səssiz övladı sayılan Heydər ortalarda çox dolaşmağı sevmir. Onun orta təhsilini qızıl medalla başa vurduğu, medalı da ona ailənin sevimli kadrı Mikayıl Cabbarovun şəxsən təqdim etdiyi deyilir. Üstəlik onun adı təhsil aldığı Müasir Təhsil Kompleksində “Şərəf kitabı”na da yazılıb. O, 2013-cü ildə ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib, 590 bal toplayaraq ADA Universitetinin tələbəsi adını qazanıb. Əslində isə, 22 yaşlı Heydər Əliyevin uğur hekayəsi lap kiçik yaşlarından başlayıb. O, 9 yaşında Moskvanın məşhur Rublyovo-Uspenski şosesində Dmitri Medvedyevin iqamətgahının qonşuluğunda yerləşən dəbdəbəli evin sahibi olub. “Mayendof bağları”nda, multimilyonerlər məhəlləsində yerləşən qəsrin qiyməti 35 milyon dollardır. Bu ərazidə ailənin başqa üzvlərinin də mülkləri var. Təxminən 10 km məsafədə Vladimir Putinin “Novo-Oqaryovo” rəsmi iqamətgahı və Baş nazir iqamətgahı “Qorki-9” yerləşir. Əliyevlər ailəsinin Dubayda ümumi dəyəri təxminən 75 milyon dollar təşkil edən mülklərinin böyük payçısı da kiçik Heydərdir. Burada onun adına ilk mülk 11 yaşında alınıb. Hazırda o, burda mülk sahibi olan 15 nəfər azərbaycanlıdan biridir. İndi onun Dubayda 9 mülkü var. Onun haqqında bildiklərimiz bundan artıq deyil. Hakimiyyətin başında oturan ata-ana da onun ciddi şəkildə təqdimatını yalnız hərbi xidmət kampaniyası ilə edib. Bu kampaniya onun yeni parlamentə namizədliyinin təqdimatı da ola bilər. Hər halda lap yaxında hər şey açığa çıxacaq.