
Cib müxalifətçiləri arasında siyasi mövqeyi Bakı küləyi kimi gündə üç-dörd dəfə istiqamətini dəyişən biri var. Bu küləkli mövqeyinə görə illərdir hakimiyyətdən mandat alan Qüdrət Həsənquliyev. Əslində, adam siyasi baxışlarında çoxdan nala-mıxa vurmağa başlayıb. Vaxtı ilə Elçibəy komandasının ən üzdə olan gənc kadrlarından idi. Sonra çiyin silahdaşlarına arxa çevirib hakimiyyətin tərəfinə keçdi. Mandat alıb parlamentə özünə yer elədikdən sonra isə, 4-5 nəfərlik partiya dərnəyi ilə keçmiş əqidə dostlarına savaş açdı. Dərnəyinə cəlb etdiyi kuklalarla keçmiş dostlarını söyməyə başladı. Yetmədi, adamlarını Əli Kərimlinin evinin qarşısına göndərib evini daşlatmaq dərəcəsinə qədər alçaldı. Adam hakimiyyətin qoltuğuna sığındıqdan sonra üç çağırış ard-arda deputat olub. Parlament buraxıldıqdan sonra onun Real Tv-də gedən “nala-mıxa” müsahibəsi yenə sosial şəbəkə fəallarının məsxərə obyektinə çevrildi. Adam 20 dəqiqəlik söhbətdə parlamentin buraxılması ilə bağlı üç fərqli fikir səsləndirdi. Amma dediyindən belə çıxdı ki, İlham Əliyev parlamenti 19 oktyabr hadisəsinə görə buraxıb və bu prezidentin Əli Kərimli üzərində böyük qələbəsidir. Biz bir şey başa düşmədik və əminik ki, heç kim başa düşmədi. Artıq hər kəsə məlumdur ki, Həsənquliyevin sürüşkən mövqeyi təkcə tərəf dəyişməklə deyil, həm də siyasi savadsızlığı ilə bağlıdır. Onun mühüm siyasi proseslərlə bağlı parlament tribunasından səsləndirdiyi bir-birinə zidd fikirlər dəfələrlə qalmaqal yaradıb. xüsusilə, Rusiyaya münasibətdə nümayiş etdirdiyi mövqedə.
O, keçmiş müsahiblərində Rusiyanı müdafiə edən qəti mövqeyi ilə tanınırdı. Bu mövqeyinə görə dəfələrlə ictimaiyyətin qınağı ilə də üzləşmişdi. Amma az sonra adamın beyni yenə çöndü, “Gəncə hadisələri” zamanı sərt şəkildə bəyan etdi ki, bu hadisələrin arxasında Rusiya dayanır. ”Birincisi, Rusiya Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını almağa çalışır, ikincisi, ölkəmizə silah satmaq istəyir və nəhayət üçüncüsü, Qarabağla bağlı daim hakimiyyətə qarşı təzyiq göstərməklə stabilliyin pozulmasına və nəticədə qoşunlarını Azərbaycana yeritmək məqsədi güdür.” Ancaq azacıq sonra külək təkrar istiqamətini dəyişdi. Növbəti çıxışında adam eyni ittihamları qərb ölkələrinə qarşı səsləndirdi: “İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər.” Vallah, bu ölkədə siyasi fırıldaqları çox gördük, amma bu qədər nala-mıxa vuran dəyişkən fikirli deputat görmədik. Əcəba, adamın beynində düşüncə telləri dolaşıqmı düşüb? Bilmirik, amma daha onlardan keçib, Allah bizim ağlımıza muğayat olsun ki, bunların arasında dəli olmayaq.