
Bu seçki Əliyevlərin parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etməsi üçündür
9 fevral 2020-ci ilə təyin edilən növbədənkənar parlament seçkisi ilə bağlı Milli Şuranın bəyanatı yayılıb. Bəyanatda deyilir:
Azərbaycanda 9 fevral 2020-ci il tarixə növbədənkənar parlament seçkiləri təyin edilib. Mövcud parlamentin buraxılması və növbədənkənar seçkinin təyin edilməsi ideyası bu ilin noyabr ayının sonlarında ictimailəşib. Formal olaraq, prosesi hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası başladıb – partiyanın Siyasi Şurası 28 noyabr tarixli iclasında Milli Məclisdə təmsil olunan üzvlərinə tövsiyyə edib ki, belə bir istəklə ölkə başçısına müraciət etsin. Proses çox sürətlə, cəmi 1 həftənin içində yekunlaşdırılıb və ölkə başçısı İlham Əliyev dekabrın 5-də mövcud Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam verib. Növbədənkənar seçki cəmi 2 ay sonraya – 2020-ci il, fevralın 9-na təyin olunub.
Azərbaycanın mövcud reallıqları bəlli edir ki, növbədənkənar parlament seçkisinin keçirilməsi hakim Əliyevlər ailəsinin istək və qərarıdır. Sadəcə, bu qərar mövcud Milli Məclisin öz əlilə və özünə hörmətsiz şəkildə həyata keçirildi. Erkən parlament seçkilərinin keçirilməsilə bağlı hər hansı ictimai müzakirə aparılmayıb, əksinə bunun mümkünlüyü barədə səslənən müxtəlif mülahizələr hakimiyyət təmsilçiləri tərəfindən qətiyyətlə təkzib olunub. Erkən seçki qərarı YAP-ın adından ortaya çıxarılanda da onun zəruriliyi ağlabatan tərzdə əsaslandırılmadı, bu yöndə hər hansı məntiqli izahatlar və ictimai müzakirə olmadı. Sadəcə, Konstitusiyanın norma və prinsiplərinə də məhəl qoyulmadan, Milli Məclis və Konstitusiya Məhkəməsi Əliyevlər ailəsinin iradəsinə tabe etdirilməklə növbədənkənar parlament seçkisi qərarı rəsmiləşdirildi.
Milli Şura hesab edir ki, Əliyevlərin bu qərarı hakimiyyətin bütünlüklə bir ailə-klanın əlində cəmlənməsi və ailə üzvlərinin birindən digərinə ötürülməsi planına hesablanmaqla, parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etmək üçündür.
Bütün əlamətləri ilə görünür ki, Əliyevlər ailəsi hakimiyyətlərinin davamlılığı naminə hansısa hadisələri qabaqlamaq üçün bərk tələsir. Əliyevlərin narahatlığı şərti olaraq “Malta işi” adlandıra biləcəyimiz beynəlxalq qalmaqalın onlara qədər uzanma riski ilə də bağlı ola bilər, ölkə daxilində getdikcə gərginləşən sosial-iqtisadi və siyasi vəziyyətlə də. Hiss olunur ki, hakim ailə növbəti parlament seçkisinə qədər, yəni qarşıdakı bir il ərzində dünyada və ölkədə nələrin baş verəcəyini proqnozlaşdıra bilmir, buna görə də tələsik, özü üçün hələlik əlverişli şərait varkən parlament müstəvisində mövqeyini daha da möhkəmləndirmək istəyir. Erkən seçki qərarının gizli saxlanaraq, qəfildən üzə çıxarılması və sürətlə rəsmiləşdirilməsi isə cəmiyyəti və müxalifəti hazırlıqsız yaxalamaq üçündür.
Milli Şura bəyan edir ki, hazırda normal seçkilər üçün ölkədə heç bir şərait yoxdur. Seçki qanunvericiliyi mürtəce məzmun daşıyır, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azad media sıradan çıxarılıb, insanların sərbəst toplaşmaq hüququ faktiki əlindən alınıb, 100-dən çox siyasi məhbus hələ də həbsdədir, müxalif ictimai fəallar və siyasətçilər daimi təzyiq altındadır, siyasi qüvvələr üçün rəqabət mühiti yoxdur, ölkədə total polis nəzarəti və inzibati basqı hökm sürür.
Milli Şura ölkədə azad və ədalətli seçki mühitinin olmadığını hələ ötən ildən diqqət mərkəzinə gətirərək, 2019-cu ili “Seçki islahatı” ili elan eləmişdi. Seçki islahatları Milli Şuranın 2019-cu ildə təyin etdiyi, ancaq keçirilməsinə hakimiyyətin qanunsuz şəkildə razılıq vermədiyi mitinqlərin, eləcə də birbaşa Konstitusiyaya istinadla icra hakimiyyəti ilə razılaşdırılmadan keçirilən 19 oktyabr mitinqinin tələbləri sırasında olub.
Milli Məclisə erkən seçkilərin keçiriləcəyi bəlli olan kimi Milli Şura hakimiyyətə seçki islahatları ilə bağlı təkliflərini verdi. Bu təkliflər heç olmasa, minimal seçki mühitinin yaradılması üçün gərəkən ən ümdə addımları ehtiva edir. Bunlar:
– Seçki komissiyalarını iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşdırmaq;
– Namizədlərin qeydiyyatına olan süni əngəlləri aradan qaldırmaq (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı);
– Bərabər təbliğat imkanlarını, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarını bərpa etmək;
– Sərbəst toplaşma azadlığını Bakıda və regionlarda təmin etmək;
– Seçki müşahidəçilərinə səslərin sayılması prosesinə nəzarət və məntəqələrdə tərtib olunan protokolların surətlərini əldə etmək imkanı yaratmaq;
– Seçki şikayətlərinə baxılma prosedurunu təkmilləşdirmək və şəffaflaşdırmaq;
– Siyasi məhbuslar azad etməkdir.
Təəssüf ki, hakimiyyət əvvəlki illərdə seçki islahatı ilə bağlı tələb və təklifləri qulaqardına vurduğu kimi, bu dəfə də Milli Şuranın təkliflərini nəzərə almadı, hətta YAP-ın icra katibi Əli Əhmədovun dlilə bu təklifləri “anti-Azərbaycan mövqeyindən irəli sürülmüş tələblər” kimi qiymətləndirdi. Aydın oldu ki, hakimiyyət yenə də normal seçki keçirmək fikrində deyil, əksinə növbəti seçki oğurluğuna hazırlaşır. Bütün əlamətləri ilə görünür ki, yenə də xalqın səsi və iradəsi nəzərə alınmadan, əvvəlcədən hazırlanan və Əliyevlərin razılıq verdiyi siyahı üzrə növbəti parlament formalaşdırılacaq.
Milli Şura belə bir şəraitdə xalqın öz iradəsini ifadə etməsinin mümkün olmadığını rəhbər tutaraq 9 fevral 2020-ci ilə təyin edilən nöbədənkənar parlament seçkisinə qatılmayacağını, bu seçkini boykot etdiyini bildirir. Milli Şura bəyan edir ki, bu şəraitdə keçirilən seçki heç bir halda xalqın iradəsini ifadə edə və legitim sayıla bilməz.
Milli Şura ölkənin bütün demokratik qüvvələrini bu qeyri-legitim prosesdə iştirakdan çəkinməyə, milli iradənin ortaya qoyulması ilə ölkədə demokratik dəyişikliklərin önünü açmaq üçün mübarizədə əməkdaşlığa və birgəliyə çağırır. Milli Şura bəyan edir ki, hakimiyyətin xalqa qaytrılması naminə apardığı prinsipial mübarizəyə sadiqdir və ölkədə dinc demokratik dəyişikliyi şərtləndirəcək yeni bir xalq hərəkatının baş tutması üçün fəaliyyətini davam etdirəcək. Milli Şura Azərbaycan xalqını ayıq olmağa və öz hakimiyyətini formalaşdırmaq hüququnun əlindən alınmasına qanuni, dinc vasitələrilə müqavimət göstərməyə səsləyir. Milli Şura həmçinin beynəlxalq birilikdən tələb edir ki, Azərbaycan xalqının öz təbii haqqından məhrum edilməsinə, Avropa Şurasının üzvü olan bir ölkədə hakimiyyətin açıq-aşkar qəsb olunmasına seyrçi qalmasın, Azərbaycanda demokratiya və azadlıqların təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərə uyğun, təsirli tədbirlərə əl atsın.